Azərbaycanın iqtisadi uğurları beynəlxalq hesabatlarda yüksək qiymətləndirilir

post-img

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək hədəflənir. Beynəlxalq təşkilatların keçirdikləri sorğuların nəticələri də bu məqsədin gerçəkləşəcəyi əminliyini möhkəmlədir.

Bu gün iqtisadi diversifikasiyada qeyri-neft sənayesinin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması isə mövcud sahənin yeni mərhələyə daxil olmasını şərtləndirir.

Bu mərhələdə qeyri-neft sənayesinin inkişafı ölkəni karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə olunan gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Son illərdə respublikada yüzlərlə müasir qeyri-neft sənaye müəssisəsi, yeni istehsal sahələri və bölgələrdə sənaye parklarının yaradılması, daxili tələbatın ödənilməsində yerli məhsulların payının əhəmiyyətli dərəcədə artması da bu məsələnin reallaşmasında həlledici rola malikdir.

Azərbaycanda qeyri-neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti, coğrafi yerləşmə, müasir infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Müasir sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bu cür əlverişli mühitin məhsuludur. Bu istehsal sahələrində iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur, sahibkarlara təşkilati köməklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir.

Moody’s Beynəlxalq Reytinq Agentliyinin yaydığı hesabatda isə bildirilir ki, Ermənistanla sülh sazişinin tamamlanması Azərbaycanın regionun sabitliyi ilə bağlı narahatlıqlarını aradan qaldıra və inkişafyönümlü impulsları, eləcə də xarici sərmayə marağını daha yüksək səviyyədə stimullaşdıra, eyni zamanda, müxtəlif sahələrdə iqtisadi inkişafı dəstəkləyə bilər. Bütün bunlarla bərabər, hökumətin regionun rəqəmsallaşmasını, “yaşıl” zonaya çevrilməsini və qeyri-neft sektorlarından – turizm, kənd təsərrüfatı, qida və digər sənaye hədəflərinin həyata keçirməsi iqtisadi diversifikasiyanı daha da sürətləndirər. Bütün bu və digər istiqamətlərdə həyata keçirilən layihələr isə regional sabitliyi daha da möhkəmləndirər, son 3 ildə tranzit həcmlərində əhəmiyyətli artım müşahidə olunan Orta Dəhlizin cəlbediciliyini və davamlılığını gücləndirər.

Moody’s Agentliyinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı təqdirdə bölgədə iqtisadi şəraitin daha da yaxşılaşacağını xarakterizə edən hesabatı ilə bağlı yuxarıdakı fikirlər respublikamız haqqında ilk belə uğurlu qiymətləndirmə deyil. Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən illər ərzində bu cür dəyərləndirmə beynəlxalq reytinq təşkilatları tərəfindən dəfələrlə səsləndirilib. Məsələn, ötən ilin, təxminən, elə bu günlərində Beynəlxalq Valyuta Fondu (BVF) yaydığı hesabatda Azərbaycanı ən böyük və qabaqcıl potensiala malik olan 7 dövlətin siyahısına daxil etmişdi. Ekspertlər isə Azərbaycanın dünyanın cəlbedici investisiya ölkəsi kimi önə çəkilməsini olduqca təqdirəlayiq hal kimi qiymətləndirmişdi.

Əslində mötəbər beynəlxalq maliyyə qurumunun ölkəmizi “Top-7”-yə daxil etməsi gözlənilən idi. Çünki ötən 20 ildən artıq bir müddətdə əsrə bərabər inkişaf yolu keçən Azərbaycan dünyada öncül islahatçı ölkələrdən birinə çevrilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan yeni neft strategiyasının reallaşdırılması ilə Azərbaycanın qapıları xarici sərmayədarların üzünə açıldıqdan sonra respublikamız dünyada əlverişli biznes məkanı kimi tanınıb.

Azərbaycanda həyata keçirilən iri neft-qaz layihələrinin uğurlu nəticələri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı üçün əlverişli imkanlar yaradıb. Bütün bunlar isə ölkə iqtisadiyyatının cəlbediciliyinin bir qədər də artmasına səbəb olub. Elə cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycanda hakimiyyətə gələndən ötən müddətdə respublika iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə yatırılması da məhz bunun bariz nümunəsi olaraq yüksək qiymətləndirilib.

Mərkəzi Bankın məlumatına əsasən, ötən il isə Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 7 milyard dollara (illik ifadədə 5,83 faiz çox) yüksəlib. İl ərzində xarici investisiyaların ölkədən repatriasiyası isə 7,3 milyard dollara bərabər olub. Ölkəyə yatırılan xarici investisiyalarda top 5-də Birləşmiş Krallıq (1,8 milyard dollar), Türkiyə (1,2 milyard dollar), Macarıstan (1 milyard dollar), Cənubi Kipr (746 milyon dollar) və Birləşmiş Ərəb Əmirlikləri (490 milyon dollar) qərarlaşıb.

Hesabat dövründə Azərbaycan xaricə 1,8 milyard dollar birbaşa investisiya yönəldib. Bu baxımdan top 5-də Birləşmiş Ərəb Əmirlikləri (458 milyon dollar), Türkiyə (249 milyon dollar), Gürcüstan (165 milyon dollar), Birləşmiş Krallıq (111 milyon dollar) və Özbəkistan (93 milyon dollar) yer alıb.

Yeri gəlmişkən, 2025-ci ilin yanvar-fevral aylarında isə neft-qaz sektoruna 619 milyon manatlıq investisiya yönəldilib. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən 1 milyard 390 milyon manatlıq investisiyanın 281 milyon manatı (ümumi sərmayənin 14 faizi) isə qeyri-neft-qaz sənayesi sektorunda istifadə olunub.

Belə ki, investisiya qoyuluşu ilə bağlı bir məqama da diqqət yetirmək istərdik. Belə ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda adıçəkilən sənəddə nəzərdə tutulan müddətdə qeyri-neft-qaz sektoru üzrə birbaşa xarici investisiyaların həcminin hər il 10-15 faiz artımı planlaşdırılıb. Eyni zamanda, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması, iqtisadiyyatın şəffaflaşması kimi bir sıra məsələlər qarşıya məqsəd kimi qoyulub.

Ölkəmizin iqtisadi sistemində beynəlxalq ekspertlərin yüksək qiymətləndirdikləri diqqətçəkən məqamlardan biri də xarici dövlət borcunun uğurla azaldılmasıdır. Maliyyə Nazirliyinin operativ məlumatına görə, Azərbaycanın hazırda xarici dövlət borcunun səviyyəsi 5 milyard 160 milyon dollar və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizini təşkil edir.

 

İqtisadiyyat