Azərbaycan “yaşıl” gələcək əməkdaşlığını gücləndirir

post-img

Xarici qurumlarla birgə iş qlobal fəlakəti önləməyə xidmət edir

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioriteti müəyyənləşdirilib. Həmin prioritetlərdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqaməti qarşıya yeni vəzifələr qoyub. Elə “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda da elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyəti ifadə olunub.

Beləliklə, bir sıra dünya, o cümlədən Avropa ölkələri ilə enerji sahəsində fəal əməkdaşlıq edən Azərbaycan, həm də bəşəriyyətin prioritet elan etdiyi “yaşıl keçid”ə qoşulduğunu uca səslə bəyan edib. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi prioritet vəzifə olaraq irəli sürülüb.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının son illərdə keçirilən iclaslarında Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları da Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsidir. Sözügedən tədbirlər bu sahədə konseptual məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ölkəmizin bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir.

Bütün bunlar barədə dünən Bakıda ADA Universiteti, Macarıstan və Çexiya respublikalarının ölkəmizdəki səfirliklərinin təşkilatçılığı ilə “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda keçirilən konfransda ətraflı bəhs edilib.

Toplantıda Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev və başqaları iştirak ediblər.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək bildirib ki, dünyada yaranmış ciddi ekoloji disbalans şəraitində əsas çağırışlardan biri “yaşıl gələcək” mövzusudur. Son iki əsrdə baş vermiş müharibələrin, sənaye və nəqliyyat tullantılarının ekoloji tarazlığı pozduğunu xatırladan komitə sədrinin sözlərinə görə, hazırda bəşəriyyəti narahat edən ən böyük problem iqlim dəyişikliyi məsələsidir. Qeyd olunub ki, son 100 ildə Yer kürəsində temperaturun, təqribən, 0,8 dərəcə artmasının əsas səbəbi istilik effekti yaradan qazlardır. Yaşıl iqtisadiyyat prinsipləri əsasında davamlı inkişafın təmin edilməsinin xüsusi önəm kəsb etdiyini bildirən S.Qurbanov deyib ki, hər bir ölkənin “yaşıl” enerjiyə keçidi təkcə enerji təhlükəsizliyi baxımından deyil, siyasi və strateji cəhətdən də böyük önəm daşıyır.

Azərbaycanın “yaşıl” enerji sahəsində böyük potensiala malik olduğunu xatırladan deputatın sözlərinə görə, hər bir ölkənin yaşıl iqtisadiyyata keçidi təkcə ekoloji baxımdan deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. O bildirib ki, Azərbaycanda bərpaolunan enerji sahəsində bir sıra mühüm sənədlər qəbul edilib: “Ölkə bu istiqamətdə iddialı planlar qurur. Hazırda Azərbaycan bu sahədə Qazaxıstan və Özbəkistanla yeni regional enerji əməkdaşlığı yaradır. Azərbaycanın bununla bağlı quruda 135 giqavat, dənizdə 157 giqavat potensialı var. Azərbaycan yaşıl dəhlizlər vasitəsilə Avarasiyanın “yaşıl” enerjiyə keçidində əhəmiyyətli rol oynayacaq”.

Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov isə çıxışında qeyd edib ki, hazırda ölkəmizdə həyata keçirilən “yaşıl” enerji layihələrinə fəal şəkildə sərmayə yatırılır. Diqqətə çatdırılıb ki, 2027-ci ilə qədər Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində 10 layihə həyata keçirməyi planlaşdırır ki, bu da müəyyən edilmiş gücün, təxminən, 2 giqavatını və 2,7 milyard dollar məbləğində investisiyanın cəlb edilməsini təmin edəcək. Onun sözlərinə görə, “yaşıl” enerji istehsalı ilə əlaqədar ölkəmizdə həyata keçirilən layihələr iqtisadiyyatın və enerji balansının şaxələndirilməsinə töhfə verməklə yanaşı, həm də böyük iqtisadi fayda gətirir: “İlk öncə, bərpaolunan enerji mənbələrinin inkişafı iqlim dəyişikliklərinə qarşı dayanıqlılığı gücləndirir. İkincisi, elektrik stansiyalarında istifadə olunan əlavə qaz həcmlərini yönəltməyə imkan verir. 2027-ci ilə qədər dörd əsas strateji dəhliz üzrə növbəti addımların reallaşdırılması, 2030-cu ilə qədər isə bərpaolunan enerji mənbələri çərçivəsində istehsal olunan enerjinin 65 faizinin ixrac edilməsi planlaşdırılır”.

Böyük həcmdə təbii qaz ehtiyatlarına malik olan Azərbaycanın daha geniş regional miqyasda enerji təhlükəsizliyinin gücləndirilməsi üçün tədarükü artırmağa hazır olduğunu vurğulayan nazir müavini deyib ki, ölkəmiz ənənəvi enerji resurslarının Avropa və dünya bazarlarına strateji tədarükçüsü olaraq qalır. O.Zeynalovun sözlərinə görə, ixrac tədarükünün daha da genişləndirilməsi üçün beynəlxalq maliyyə institutların tərəfindən maliyyələşdirilmə və dəstək, eləcə də uzunmüddətli sazişlər, alıcılar və tərəfdaşların zəmanətləri lazımdır.

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma çıxışında ölkəmizin təkcə Mərkəzi Avropa üçün deyil, ümumilikdə, Avropa qitəsinin enerji təhlükəsizliyində əsas rol oynadığını diqqətə çatdırıb. İki ölkə arasında əməkdaşlığın təkcə neft və təbii qaz sektorunu əhatə etmədiyini vurğulayan diplomat Macarıstanın Azərbaycan, Gürcüstan, Rumıniya və Bolqarıstan ilə birlikdə Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan “yaşıl enerji dəhlizi” layihəsi çərçivəsində də sıx tərəfdaşlıq etdiyini xatırladıb. Onun sözlərinə görə, bu layihə bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin təchizatını mümkün edəcək və təkcə Mərkəzi Avropa deyil, bütün region üçün rəqabət qabiliyyətini artıracaq.

Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek isə çıxışında davamlı inkişaf üçün praktiki yanaşmaların tapılmasının vacibliyini diqqətə çatdırıb. “Bizim rolumuz innovativ ideyaları davamlı inkişafa praktik yanaşmalara çevirməkdir. Fəaliyyət göstərməsək, ciddi nəticələrlə üzləşə bilərik. Bugünkü tədbirin məqsədi bu mövzunu daha dərindən dərk etmək və yaradıcı həll yollarını stimullaşdırmaqdır”, – deyə o əlavə edib.

Toplantıda çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova hazırda ölkəmizin günəş enerjisi potensialının 23 min meqavat təşkil etdiyini bildirib. Direktor müavini deyib ki, ölkəmizin enerji sahəsində potensialı hökumət tərəfindən uzun müddətdir inkişaf etdirildiyindən investorlarla imzalanmış müqavilələrin əksəriyyəti günəş enerjisinin inkişafına əsaslanır. Azərbaycan üçün bərpaolunan enerji sahəsində malik olduğu potensialın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan R. Hümbətovanın sözlərinə görə, “yaşıl” enerji sahəsində layihələr davam edir və 2025-ci ilin sonuna qədər uğurlu nəticələrin əldə olunacağı gözlənilir.

Enerji sistemi üzrə modelləşdirmənin son dərəcə vacib olduğunu diqqətə çatdıran direktor müavini deyib: “Ötən il biz tədqiqatı yalnız daxili bazarda apardıq. Bu çox vacib tədqiqat idi. Onlar, həmçinin elektrifikasiya, enerji səmərəliliyi tədbirlərini, eləcə də mobillik ssenarilərini, müdafiə ssenarilərini əhatə edirdi. Amma indi düşünürəm ki, ən vacib məsələ yaşıl enerji dəhlizlərinə dair tədqiqatımızı daxili bazarla birləşdirmək, inteqrasiya etməkdir. Çünki bu təkcə bizim üçün deyil, bütün tərəfdaşlarımız üçün çox vacibdir. Bu, həqiqətən, çox fərqli nəticələr göstərəcək. Çünki bu, potensialımızı necə artıra biləcəyimizi başa düşməyimizə imkan verəcək”.

Konfransda Macarıstanın “MVM Group” şirkətinin baş direktoru Karoli Matray, “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev, “Škoda Group”un Mərkəzi Asiya və Cənubi Qafqazda satışlar üzrə vitse-prezidenti Roman Sorkin və başqaları çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.

 



İqtisadiyyat