“Xızı-Abşeron” bu ilin sonunadək “yaşıl” enerji verəcək

post-img

240 meqavatlıq KES-də indiyədək 6,5 meqavatlıq 4 turbin quraşdırılıb

Azərbaycanın zəngin bərpaolunan enerji potensialı, “yaşıl” enerji sahəsinə olan böyük maraq və ölkəmizdə xarici investisiyalar üçün yaradılmış əlverişli mühit günəş və külək elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə stimul verib. Məhz bunun nəticəsidir ki, 2025-ci ildə ölkəmizdə daha bir “yaşıl” enerji obyekti – “Xızı–Abşeron” Külək Elektrik Stansiyası istifadəyə veriləcək.

Azərbaycanın ən böyük külək elektrik stansiyasına təşkil edilən mediatur zamanı bu barədə jurnalistlərə ətraflı məlumat verilib. Bildirilib ki, 240 meqavatlıq külək elektrik stansiyasında indiyədək hər birinin gücü 6,5 meqavat təşkli edən 4 turbin quraşdırılıb. İlin sonunadək isə bütün külək qurğularının quraşdırılması tamamlanacaq. Bu da stansiyanın nəzərdə tutulmuş vaxtda istismara buraxılmasına imkan yaradacaq.

Azərbaycanın bərpaolunan enerji sahəsində ikinci ən böyük sytansiyanın istifadəyə verilməsi ilə ölkənin ümumi enerji balansında “yaşıl” enerjinin payı əhəmiyyətli dərəcədə artacaq. Belə ki, ilkin hesablamalara görə, stansiyada il ərzində 1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq. Bu isə 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan yaradacaq. 25 il müddətinə “tikinti-sahiblik-istismar” (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək stansiya “ACWA Power” şirkəti tərəfindən idarə ediləcək.

Xatırladaq ki, layihə Abşeron və Xızı rayonlarının ərazisində, ümumilikdə, 36 hektar ərazidə həyata keçirilir. 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 meqavat olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 meqavatlıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək. Stansiya istismara verildikdən sonra Abşeronda illik 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edəcəyi proqnozlaşdırılır. Mütəxəssislərin dediyinə görə, külək texnologiyasında enerji istehsalının səmərəliliyi məhz küləyin sürətindən asılıdır. Tədqiqatlar göstərir ki, Abşeronda küləyin orta illik sürəti saniyədə 9,35 metr, Xızıda isə 9,63 metr-saat təşkil edir. Külək turbinlərinin səmərəli fəaliyyəti üçün kifayət qədər yüksək olan bu göstərici stansiyanın enerji istehsalında dayanıqlılığın təmin olunmasına imkan yaradacaq.

Bir məqamı da qeyd edək ki, Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetinə uyğun olaraq həyata keçirilən 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin bərpaolunan enerji sahəsində xarici sərmayə cəlb edilməklə həyata keçirilən irimiqyaslı layihələrindən biridir. Eyni zamanda, stansiya Azərbaycanın ilk, Cənubi Qafqaz regionunun isə ən böyük külək enerjisi istehsal edən qurğusu olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda ölkəmizdə ən böyük külək elektrik stansiyası Xızı rayonunun ərazisində yerləşən 50 meqavat gücündə olan “Yeni Yaşma” stansiyasıdır. Burada hər birinin gücü 2,5 meqavat təşkil edən 20 külək turbini quraşdırıldığı halda, “Xızı-Abşeron”da isə hər birinin gücü 6,5 meqavat olan 37 ədəd külək turbini fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Xızı–Abşeron” layihəsi Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə həyata vəsiqə qazanıb. Sözügedən sənədə əsasən, 240 meqavatlıq külək qurğusunun tikintisi Səudiyyə Ərəbistanı şirkətinə həvalə olunub. Stansiyanın təməli isə 2022-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə qoyulub.

“Xızı–Abşeron” layihəsinin ümumi investisiya dəyəri, təqribən, 340 milyon ABŞ dolları təşkil edir. Layihə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən tamamilə xarici investisiya hesabına həyata keçirilir. Yeri gəlmişkən, bu, şirkətin öz ölkəsindən kənarda yatırdığı ən böyük investisiyasıdır. Layihə enerji mənbələrinin şaxələndirilməsi ilə Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, “yaşıl” enerji istehsalının artırılması və ekoloji dayanıqlılığın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.

 

 

İqtisadiyyat