Böyük Qayıdış marafonu

post-img

Azad edilmiş ərazilərdə 40 min insan yaşayıb fəaliyyət göstərir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2024-cü il üzrə monitorinq prosesini yekunlaşdırıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlət Proqramı çərçivəsində müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir.

Dövlət Proqramının icrasının monitorinq nəticələri barədə məlumat verən İİTKM-in sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli bildirib ki, tədbirlər planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 2024-cü ilin sonuna 62 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Hesabat dövründə 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndləri, eləcə də Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.

2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 6 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb, 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti təmin olunub. Yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilib. Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 739 kilometr 110 kv-luq, 262 kilometr 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib. 11 ədəd 110 kv-luq, 1 ədəd 330 kv-luq yarımstansiya tikilib.

Mərkəzin sektor müdiri əlavə edib ki, geri qayıdan əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən bank filiallarının sayı, ümumilikdə, 6-ya (Laçın, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Xankəndi şəhəri olmaqla) çatdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilmiş ərazilərdə banklar və Azərpoçt tərəfindən quraşdırılmış POS-terminalların sayı 904 ədəd (Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Zəngilan, Laçın, Cəbrayıl, Qubadlı, Kəlbəcər rayonları və Xankəndi şəhəri üzrə) təşkil edib. Bununla yanaşı, əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi üzrə tədbirlər həyata keçirilib, ümumilikdə, 40 minə yaxın insanın işğaldan azad edilmiş ərazilərdə yaşayışı və fəaliyyəti gerçəkləşdirilib.

Elşən Yusifli bildirib ki, Dövlət Proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, ümumilikdə, 400-dən artıq müəssisənin fəaliyyəti təmin olunub. Ağdam Sənaye Parkındakı müəssisələrdə buraxılan məhsulların ixracına başlanılıb.

Yaşayış məntəqələrində mədəniyyət tədbirlərinin keçirilməsi və mədəni irs obyektlərinin bərpası istiqamətində ötən il VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi və Vaqif Poeziya Günləri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı olub. “Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi”nin inşası başa çatdırılaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılış mərasimi reallaşıb.

Dövlət Proqramının hesabat dövrü üzrə monitorinqi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” tələblərinə uyğun olaraq, icraçı orqanlar (qurumlar) ilə yaxından müzakirələr aparılmaqla elektron portal vasitəsilə (https://boyukqayidish.gov.az) şəffaflıq, hesabatlılıq və səmərəlilik prinsipləri əsasında həyata keçirilib.

 

İqtisadiyyat