Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 5 milyon 292 min ton (2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7 faiz çox) kondensat hasil edilib. Bildirilib ki, hesabat dövründə ölkədə neft hasilatının ümumi həcmində kondensatın payı 18,2 faiz, neftin payı isə 81,8 faiz (23 milyon 772 min ton) olub.
Xatırladaq ki, Azərbaycanda hasil edilən kondensatın əsas hissəsi “Şahdəniz” yatağının hesabına gerçəkləşdirilir. Bu yataqdan hasil edilən məhsulun bütün həcmi Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə ixrac edilir. 2023-cü ilin iyulunda istismara verilmiş “Abşeron” qaz-kondensat yatağı və “Ümid” yatağı (“Ümid–Babək” bloku) da kondensat hasilatına töhfə verir. “Abşeron” qaz-kondensat yatağının işlənməsi iki mərhələdə həyata keçirilir. İlkin Hasilat Sxemi (İHS) layihəsi çərçivəsində hazırda gündəlik, təqribən, 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil olunur.
Azərbaycanın təsdiqlənən qaz ehtiyatı 2,2 trilyon kubmetrdir. Ölkəmizin illik qaz ixracı isə 21 milyard kubmetr təşkil edir. Yaxın 5 il ərzində Azərbaycan bu həcmdə qaz ixracını 30–31 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Avropaya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək yüksəldilməsi proqnozlaşdırılır.
“Abşeron” qaz-kondensat yatağından çıxarılan “mavi yanacaq” mühüm önəm daşıyır. Çünki indiyə kimi Azərbaycanın ixracla bağlı əsas qaz resursu “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün isə artıq ölkəmizə məxsus iki böyük qaz-kondensat yatağı var.
Ölkəmizin qaz ehtiyatlarının həcminə görə, ikinci böyük yatağı olan “Abşeron”dan hasilatın başlanması ilə ixracın artırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılıb.
“Abşeron” qaz-kondensat yatağının işlənməsinin İHS mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir. Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən mərkəzi idarəetmə məntəqəsindən həyata keçirilir.
Sonda bildirək ki, “Abşeron” çox mürəkkəb quruluşa malik qaz-kondensat yatağı olaraq indiyədək Xəzər dənizində açılan və istismar edilən ən dərin hissədə yerləşir. Əgər “Şahdəniz” yatağı dənizin 550 metr dərinliyində yerləşirsə, “Abşeron” 600 metr dərinlikdədir. O cümlədən, məhsuldar qaz layları əgər “Şahdəniz”də 6 min 800 – 7 min 100 metr dərinlikdədirsə, “Abşeron” yatağında bu 7 min 300 metr dərinliyə qədər uzanır. Ona görə, mürəkkəblik baxımından Xəzər dənizində indiyədək hasilat gözlənilən ən mürəkkəb yataqdır.