Dünən Bakıda Dünya Bankının illik qlobal açıqlaması olan 2024-cü ildə “Dünyanın İnkişafı haqqında Hesabatı”nın təqdimatı keçirilib. Qurumun builki hesabatında “Orta gəlir tələsi” adlanır və inkişaf etməkdə olan iqtisadiyyatların bu maneədən qaçmaq və yüksək gəlir statusuna çatmaq üçün qarşılaşdıqları çağırışlar və imkanlar haqqında dərin təhlil təqdim edir.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce çıxış edərək bildirib ki, təmsil etdiyi qurum 1978-ci ildən bəri hər il dünya inkişafı ilə bağlı hesabatı dərc edir. Hər bir hesabatı iqtisadi inkişafın bu və ya digər aspektlərinin dərin təhlilinin məhsulu kimi dəyərləndirən R. Pryce deyib ki, sözügedən sənədlər Dünya Bankının inkişaf problemlərinin araşdırılmasına verdiyi ən mühüm töhfələrdən biri hesab olunur.
Qurum rəsmisi Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi üçün güclü institutların yaradılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın 1993-cü ildə adambaşına düşən gəliri cəmi 110 ABŞ dolları təşkil etdiyi halda, 30 il sonra bu göstərici 60 dəfə artaraq 2023-cü ildə 6 min 660 dollara çatıb. “Azərbaycan öz təbii resurslarından səmərəli istifadə edərək bu səviyyəyə yüksəlib və bu, doğrudan da təsiredicidir”, – deyə o əlavə edib.
Bununla belə, Azərbaycanın hədəflərinin daha da yüksək olduğunu vurğulayan Rolande Pryce deyib ki, yüksək gəlirli ölkəyə çevrilmək üçün fiziki investisiyalarla yanaşı, insan kapitalının inkişaf etdirilməsi, istedadların ölkədə saxlanması və iqtisadiyyatın diversifikasiyasına kömək edəcək güclü institutların yaradılması olduqca vacibdir. Dünya Bankı Qrupu olaraq Azərbaycanla artıq 30 ildən çoxdur ki, əməkdaşlıq etdiklərini xatırladan regional direktor təmsil etdiyi qurumun ölkənin yüksək gəlirli statusa doğru irəliləməsi prosesində hökumətə və Azərbaycan xalqına dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxışında hazırda Azərbaycanın 54 orta gəlir təbəqəli ölkələr sırasında yer almasını qısa müddət ərzində qazanılmış yüksək nailiyyət kimi dəyərləndirib. Qeyd olunub ki, bank ötən illər ərzində Azərbaycanda 50-dən çox investisiya layihəsi vasitəsilə enerji, kənd təsərrüfatı, nəqliyyat və səhiyyə kimi əsas sektorları modernləşdirməyə kömək edib. Prezidentin köməkçisi bildirib:
“Bu, yalnız iqtisadiyyatımızı gücləndirmədi, həm də həyat keyfiyyətini artırdı. Dünya Bankının ekspertizası iş mühitini yaxşılaşdırmağa və investisiyaları cəlb etməyə, yollar və suvarma sistemləri daxil olmaqla kritik infrastrukturu genişləndirməyə, rəqəmsal transformasiyanı təşviq etməyə və Azərbaycanın rəqabət qabiliyyətini artırmağa, iqlimə davamlılıq və yaşıl enerji həllərini dəstəkləməyə kömək edib. Gələcəyə baxarkən Dünya Bankı institutları gücləndirmək, innovasiyaları təşviq etmək və inklüziv artımı təmin etmək üçün əsas tərəfdaş olaraq qalır”.
Bir sıra vacib çağırışların Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə imkan yaratdığını bildirən Ş.Mövsümovun sözlərinə görə, 2011-ci ildə qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı payı 49 faiz olduğu halda, 2024-cü ildə bu göstərici 68 faizə çatıb. Bununla yanaşı, əhalinin rifahı yüksəlib, minimum əməkhaqqı, pensiya və məşğulluq imkanları artıb. Azərbaycanın 1992-ci ildə Dünya Bankına üzv olduqdan sonra çox ciddi transformasiyadan keçdiyini vurğulayan Prezidentin köməkçisi deyib ki, ötən müddətdə respublikamız xarici yardıma möhtac dövlət statusundan hazırda Beynəlxalq İnkişaf Assosiasiyasına maliyyə yardımı göstərən ölkəyə çevrilib.
Təqdimat mərasimində Avropa və Mərkəzi Asiya regionuna diqqət yetirməklə “Dünyanın İnkişafı haqqında Hesabatı”n əsas mesajları təqdim olunub. Tədbir çərçivəsində təşkil olunan yüksək səviyyəli plenar və panel müzakirələrində Azərbaycan hökumətinin nümayəndələri və Dünya Bankının rəsmiləri iştirak edərək fikir və mülahizələrini bölüşüblər.