Türk dövlətlərinin gömrük əməkdaşlığı genişlənir

post-img

“Bir pəncərə” bir dəhlizdə uğurlu fəaliyyətə şərait yaradacaq

Azərbaycanın irəli sürdüyü, icra etdiyi regional və beynəlxalq layihələr Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın genişləndirilməsinə və möhkəmlənməsinə mühüm töhfə verir. Bu fikri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dünən Bakıda keçirilən TDT-nin gömrük xidməti rəhbərlərinin 10-cu iclasında səsləndirib.
Azərbaycanın strateji-coğrafi mövqeyinin onu vacib tranzit və logistika mərkəzinə çevirdiyini vurğulayan komitə sədri deyib ki, Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin daxil olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi layihələr Azərbaycanın tranzit potensialını artırır, TDT ölkələrinin iqtisadi inteqrasiyasının dərinləşməsində mühüm rol oynayır.
“Bir pəncərə” prinsipinin Orta Dəhliz boyunca ticarət prosesinin daha səmərəli və şəffaf təşkil edilməsinə şərait yaratdığını diqqətə çatdıran Ş.Bağırovun sözlərinə görə, bu istiqamətdə mühüm layihələrdən sayılan sadələşdirilmiş gömrük dəhlizi təşəbbüsü regionda ticarətin genişlənməsi, iqtisadi əlaqələrin möhkəmlənməsi üçün strateji əhəmiyyət daşıyır. O deyib ki, “bir pəncərə” prinsipi mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında bir dəhliz boyunca hərəkət etməsinə, məlumatların elektron qaydada mübadiləsinə və əvvəlcədən təqdim edilən bəyannamənin tranzit səbəd kimi istifadəsinə şərait yaratmaqla yanaşı, regionda logistika potensialının artırılması kimi mühüm məqsədlərə xidmət edəcək. 
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə ticarət müavini və Gömrük Administrasiyasının rəhbəri Sezai Uçarmak, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kayrat Cumaqaliyev, Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov və Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonovçıxış edərək  üzv ölkələr arasında gömrük, ticarət və vergi xidmətlərinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.  
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macarıstan gömrük xidmətlərinin nümayəndələrinin də iştirak etdikləri tədbirdə gündəlikdəki məsələlər – 9-cu iclasda qəbul edilən qərarlarının icrası, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması, “Transxəzər gömrük tranzit portalı”, “Elektron möhür və müasir izləmə texnologiyaları” və  “Səlahiyyətli iqtisadi operator” mövzularında müzakirələr aparılıb.
Sonda Türk Dövlətləri Təşkilatı gömrük xidməti rəhbərlərinin 10-cu iclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında məlumat mübadiləsinin texniki şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı imzalanıb.

İqtisadiyyat