“Azıx” yedək gəmisi suya buraxılıb

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa olunan növbəti gəmi istismara verilib. Gəmiçilikdən aldığımız məlumatda bildirilir ki, uzunluğu 24,72, eni 6,60, bortunun hündürlüyü 3, suya oturumu 1,6 metr olan və göyərtəsi 3 tonadək yük qəbul etmək imkanına malik “Azıx” yedək gəmisi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib. 
Müəssisədə “Azıx”dan əvvəl  “ASCO 1”, “Tərtərçay”, “Həkəriçay” və “Bərgüşadçay” adlı eyni tipli 4 gəmi tikilərək təhvil verilib. Hazırda bu seriyadan olan daha bir gəminin inşası həyata keçirilir. Həmin gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.
Beynəlxalq standartların tələblərinə cavab verən gəmilərin layihələndirilməsini “ASCO Mühəndislik” MMC-nin əməkdaşları yerinə yetiriblər.
Xatırladaq ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir.

XQ

İqtisadiyyat