Son 22 ilin siyasi, iqtisadi və sosial yekunu belədir
Son illərdə ölkəmizin sosial inkişaf strategiyasının formalaşdırılması, müasir və dayanıqlı sosial müdafiə sisteminin qurulması istiqamətində çoxsaylı layihələr gerçəkləşdirilib, uğurlu sosial islahatlar proqramının yüksək səviyyədə reallaşdırılması ilə bu sahənin inkişafının davamlı xarakter almasına, vətəndaş rifahının təminatı sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə nail olunub.
Həyata keçirilən bütün bu tədbirlər nəticəsində xalqımızın rifahı getdikcə yaxşılaşıb, yoxsulluq səviyyəsi azalıb, yeni iş yerləri yaradılıb. Prezident İlham Əliyevin strateji inkişaf kursunun uğurla icrası respublikamızın yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmasını şərtləndirib. Paytaxtda, eləcə də regionlarda infrastruktur, kommunal, enerji, su, qazlaşma və digər sosial xidmət sahələrində keyfiyyətin yüksəldilməsi diqqətdə saxlanılıb, məktəblərin və yolların təmiri, eləcə də bu qəbildən olan məsələlərin həlli sürətləndirilib.
“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”. Dövlət başçısının bu sözləri onun tapşırıqları əsasında ardıcıl həyata keçirilən, son illər bir-birinin ardınca reallaşdırılan, hər biri vətəndaşların rifahının dəstəklənməsində önəmli rol oynayan sosial islahatların yekununda aydın və əməli təsdiqini tapır. Ölkə rəhbərinin müvafiq fərman və sərəncamları əsasında 2018–2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin gerçəkləşdirilməsi, nəzərdə tutulan islahatların icrası məqsədilə 7 milyard manat əlavə illik vəsait ayrılması da Azərbaycanın sosial dövlət olmasından xəbər verir.
2018–2024-cü illərdə ölkədə minimum pensiyanın 2,5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə, müavinət və təqaüd ödənişlərinin 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğinin 2,7 dəfə, minimum əməkhaqqının 2,7 dəfə, orta aylıq əməkhaqqının 2 dəfəyədək, medianın əməkhaqqının 2,2 dəfə, əmək haqqı fondunun 3 dəfə və əmək müqavilələrinin sayının 609 min (48 faiz) artması yuxarıda qeyd edilən fikrin bariz ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncama uyğun olaraq bu il yanvarın 1-dən ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Dövlət başçısının digər sərəncamı ilə ehtiyac meyarı 270 manatdan 285 manata qədər artırılıb. Belə bir göstərici isə ünvanlı sosial yardımın aylıq məbləğinin artırılmasını və bu istiqamətdə müraciətin genişləndirilməsini şərtləndirib. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləğinin bu ildən çoxalmasına (məsələn, 900 manat gəliri və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi) zəmin yaradıb.
2025-ci il yanvarın 1-dən qüvvəyə minən “Yaşayış minimumu haqqında” Qanuna əsasən, cari il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyənləşdirilib.
Qeyd edək ki, yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabinetinə bu il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təklifləri 3 ay ərzində ölkə Prezidentinə təqdim etmək tapşırılıb. Bununla da müavinət və təqaüd ödənişlərində artım dinamikasının cari ildə də davam edəcəyi qərara alınıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılan yeni məbləğinə uyğunlaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Ekspertlər bildirirlər ki, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və digər sosial sahələr üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaşın 400 manata çatdırılması digər pillələr üzrə maaşlarda da buna uyğun artımların baş verməsinə imkan yaradacaq. Sözügedən yeni sosial paket çərçivəsində cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla, ümumən, 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artacaq və həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqət çəkib. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü ildə 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcəsində 16,9 milyard manat nəzərdə tutulub. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub.
Ekspertlərin qənaətincə, sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faizə yüksəlməsi sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Sosial islahatların tərkib hissəsi kimi, əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin də davamlı artımı təmin olunur. Məsələn, əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2018-ci ilə nisbətən 2,1 dəfə və ya 1,3 milyard manat artım diqqət çəkir. Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayının son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılması isə bu sahəyə göstərilən diqqətin bariz ifadəsidir.
Ölkədə həyata keçirilən sosial siyasətdən bəhs edərkən, bir məqamı da xüsusi vurğulamaq zəruridir. Bu da əhalinin məşğulluğunun təminatı istiqamətində reallaşdırılan layihələrin daim diqqətdə saxlanılması ilə bağlıdır. Ümumiyyətlə, bu sahə Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bu yöndə qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələr yüksək səviyyədə gerçəkləşdirilib. Bütün bunlar respublikada qeyri-neft sektorunun davamlı inkişafına, yerlərdə kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, nəticədə isə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Bütün bunların nəticəsidir ki, ölkədə çoxsaylı yeni iş yerləri açılması, məşğulluq proqramlarının əhatə dairəsinin ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilməsi əhalinin sosial şəraitinin yaxşılaşdırılmasında özünü qabarıq büruzə verir. Bunu statistik göstəricilər də təsdiqləyir: 2018–2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 635 min vətəndaşı işlə təmin edib, 36 min şəxs peşə hazırlığına cəlb olunub.
Bundan başqa, özünüməşğulluq proqramının uğurlu icrası ilə işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışı reallaşıb. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı ötən dövrdə, təqribən, 15 dəfə artırılaraq 16 mini ötüb. İndiyədək 93 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş vəsaitlər hesabına kiçik təsərrüfatlar yaradıb. 2025-ci ildə bu sayın artaraq 100 mini ötəcəyi proqnozlaşdırılıb.
Yeri gəlmişkən, bu məqamda şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketinin nəticələrinə də qısa nəzər salmaq istərdik. Əvvəlcə xatırladaq ki, bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində onların mənzil və fərdi evlə təminatına xüsusi önəm verilir. Dövlətimizin başçısının tapşırığı və nəzarəti ilə bu proqram daim genişlənir. Vətən müharibəsindən sonrakı dövrdə sözügedən proqramın 5 dəfə genişləndirilməsi, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 minədək mənzil və fərdi ev, 567 avtomobil təqdim ediliməsi bu sahəyə göstərilən xüsusi diqqət və qayğının bariz ifadəsidir.
Prezident İlham Əliyevin göstərişi ilə son illər ölkədə müasir reabilitasiya sisteminin qurulması, reabilitasiya sahəsində biopsixososial modelə əsaslanan xidmət spektrinin yeni istiqamətlər üzrə genişlənməsi də təmin edilib. Ümumilikdə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 7 dəfədən artıq çoxalıb. Təkcə ötən ilin 11 ayında həmin mərkəzlərdə 113 min şəxsə xidmət göstərilib.
Dövlətimizin başçısının uğurlu sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlar üçün şəffaf və çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulmasıdır. Bu istiqamətdə mühüm uğur olan DOST Konsepsiyasının davamı olaraq, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması təmin olunub və hazırda Nazirliyin 160 xidmətindən 145-dən çoxu (90 faizdən artıq) rəqəmsal platformadan təqdim edilir. 30-dan çox “e-arayış” xidməti, 2019-cu ilin əvvəlindən 50-dən çox proaktiv təyinat mexanizmləri, həmin il ölkənin sosial reyestri olan “e-sosial.az” portalı, 2020-ci ildə fərdi hesabların “e-qayda”da proaktiv şəkildə açılması xidməti, 2022-ci ildə “Əmək və məşğulluq” altsistemi işə salınıb.
Azərbaycanda əhalinin sosial rifahının təmin olunması istiqamətində dövlət siyasətinin əsas prioritetlərindən biri sosialyönümlü xərclərin artırılmasıdır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əməli nəticəsi olaraq özünü büdcə göstəricilərində də aydın şəkildə büruzə verir. Məsələn, 2021-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb, 2025-ci ilin büdcə layihəsində isə 16,9 milyard manat nəzərdə tutulur. Bu göstəricilər qısa müddətdə sosial xərclərin 6,6 milyard manat və ya 1,6 dəfə artdığını göstərir.
Azərbaycanın artan iqtisadi-maliyyə qüdrəti son 5 ildə dövlət büdcəsinin gəlir və xərclərinin yüksəliş dinamikasını davamlı təmin edib, büdcənin gəlirləri 2019-cu ildəki 23,1 milyard manatdan 2024-cü ildə 36,4 milyard manata çatdırılmaqla 13,3 milyard manat və ya 58 faiz artıb. Büdcənin xərcləri isə sözügedən dövrdə 25,1 milyard manatdan 39,8 milyard çatdırılmaqla 14,7 milyard manat və ya 55 faizə yaxın yüksəlib. Büdcədə sosial xərclərin artımı son 5 ildə 2,4 milyard manatdan 4,9 milyard manata qədər artırılıb. Bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri və xərcləri isə 40 faizdən çox artaraq 3,9 milyard manatdan 7,3 milyard manata çatıb. Büdcə gəlirləri və büdcədənkənar fondun gəlirləri hesabına ölkəmizdə sosial sahələrdə əsaslı irəliləyişlərə nail olunub, vətəndaşların rifahının daha da yüksəldilməsi və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində güclü maliyyə təminatları yaradılıb. Bu siyasət davamlı və daha da genişhəcmli xarakter daşıyıb və 2025-ci ildə də əhatəli sosial dəstək tədbirlərinin həyata keçiriləcəyi nəzərdə tutulub.
Göründüyü kimi, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial tərəqqi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını təmin edib və bu uğurlar qarşıdakı dövrdə də davam edəcək.
V.BİNYATOĞLU
XQ