“Qrant”ların araşdırılması zərurətdən yarandı

post-img

Şübhəli vəsaitlər üzərində nəzarətə ciddi əsaslar var

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu üzərində əsaslı dəyişikliklər 2014-cü ildən etibarən həyata keçirilib. Bu sahədə şəffaflığın artırılması üçün sistemli yeniliklər edilib. Ötən 10 il ərzində davam etdirilən proses son 3 ildə xüsusilə intensivləşib. Qrant alan, icra edən, həmçinin donor qismində çıxış edən subyektlər üzərində təhqiqat işləri, istintaq əməliyyatları, araşdırmalar həyata keçirilib.
Bütün bu proseslər geniş reaksiya doğurub. Avropa İttifaqının strukturları, ABŞ-nin müvafiq qurumları münasibət bildirib. Müdaxilə etməyə, prosesi durdurmağa təşəbbüs göstəriblər. İş o həddə çatıb ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanllara müsahibə verərkən, “qrant” mövzusuna da toxunub. “Bütün “tvininq” proqramlarının, Avropa İttifaqına bağlı olan leqal qrantların hamısının dondurulduğunu” elan edib. Leqal və qeyri-leqal qrantların icrası üzrə yol verilmiş hüquqi pozuntuların araşdırılmasına zərurət olduğunu bildirib. Bu prosesin dövlətin yüksək iradəsi ilə həyata keçirildiyini açıqlayıb. 
Dövlətin “qrant” mövzusuna bu qədər hassas yanaşmasının, Aİ və ABŞ-nin isə son araşdırmalardan narahatlıq keçirməsinin səbəbi nədir? 
Hüquqi sənədlərdə qeyd edilir ki, qrant humanitar, sosial və ekoloji inkişaf proqramlarını stimullaşdırmaq üçün əvəzsiz verilən maddi vəsaitdir. Elmi tədqiqatlar, təhsil, səhiyyə, mədəniyyət, hüquqi yardım, informasiya işi, idman və bu kimi digər sahələrdə modern texnologiyaların tətbiq olunmasını təşviq etmək üçün nəzərdə tutulub. Bir sözlə, cəmiyyətin rifahına xidmət edən proqramları stimullaşdırmaq məqsədini daşıyır. 
Qrant haqqında anlayışlarda birmənalı şəkildə qeyd edilir ki, o, siyasi hakimiyyət uğrunda mübarizə, siyasi təşkilatın və ya şəxsin seçki kampaniyasının maliyyələşdirilməsi, bir sözlə, siyasi proses üçün istifadə edilə bilməz. Problem ondadır ki, ABŞ və Avropa İttifaqının nəzarətində olan “donor təşkilatlar” məhz bu bəndi intensiv şəkildə pozurlar. Ayrı-ayrı ölkələrdə siyasi proseslərə təsir göstərmək, hədəf dövlətləri öz maraqlarına tabe etdirmək üçün “qrantlardan” istifadə edirlər. Onlar ayrı-ayrı ölkələrdəki siyasi prosesləri maliyyələşdirib nəzarətə götürmək üçün çaşdırıcı mexanizmlər qurublar. Sifarişlə işləyən siyasi mərkəzlərin ətrafında “yedək QHT”ni, “yedək KİV”i cəmləşdiriblər. Çünki, siyasi partiyalardan fərqli olaraq, qanun vətəndaş cəmiyyəti institutlarına, o cümlədən, QHT və KİV-lərə qrant vəsaiti ayrılmasını qadağan etmir. ABŞ və Aİ institutları da bu məqamdan yararlanırlar. USAİD, NED, “Soros Fondu”, EED və buna bənzər digər donor təşkilatlar tərəfindən “yedək QHT və KİV-ə” humanitar, sosial, ekoloji, demokratik inkişaf proqramları adı altında “qrant” vəsaiti ayrılır. Bu yolla, qrant vəsaitinin hədəf ölkələrə çatdırılması leqallaşdırılır. Sonucda isə vəsait layihə almış QHT və KİV”in vasitəçiliyi ilə siyasi mərkəzlərə ötürülür. 
Gürcüstanda, Ukraynada 2003-2004-cü illərdə törədilən “məxməri inqilablar”, Ermənistanda 2018-ci ildə gerçəkləşdirilən çevriliş, Türkiyədə ciddi iz buraxmış “Gəzi parkı” olayları və onlarca digər səs-küylü insidentlər Qərb institutları tərəfindən məhz belə mexanizmlər vasitəsilə hazırlanaraq həyata keçirilib. 2024-cü ilin noyabr – dekabr aylarında Tbilisidə törədilən ixtişaşlar sübut etdi ki, ABŞ və Avropa İttifaqı hələ də eyni mexanizmləri tətbiq edirlər. Onlar Gürcüstanda seçki yolu ilə formalaşdırılmış, legitim hakimiyyəti “Qərb maraqlarına cavab vermədiyi üçün” cəzalandırmaq istədilər. Özlərinin təsir dairəsində olan, “qrantla işləyən” siyasi partiyaları, QHT və KİV-i Tbilisi küçələrinə çıxararaq legitim hakimiyyətin devrilməsinə təşəbbüs göstərdilər. “Qrant alan”, Qərb institutlarından asılı olan QHT və KİV, “siyasi partiyalar” bu qarşıdurmada öz dövlətlərini, milli maraqlarını deyil, Qərb institutlarını müdafiə etdilər. 
Təcrübə göstərir ki, qanunsuz qrant vəsaitləri sifarişlə işləyən siyasi mərkəzlər üçün təkcə maliyyə mənbəyi deyil. Yedək QHT və KİV-ləri maliyyələşdirməklə, Qərb hədəf ölkələrdəki siyasi partiyalar üçün həm də sosial baza formalaşdırır. Təlimatlandırılan, maliyyələşdirilən QHT və KİV təmsilçiləri bir sifarişlə küçələrə tökülüb xaos yarada bilirlər. 
1990-cı illərdən etibarən Qərb institutları digər postsovet ölkələri kimi, Azərbaycanda da belə mexanizmlər formalaşdırmağa təşəbbüs göstəriblər. Qanunları pozaraq, radikal düşüncəli müxalifət partiyalarını, siyasi mərkəzləri maliyyələşdiriblər. Hüquqi məsuliyyətdən yayınmaq üçün ötürdükləri vəsaitləri “qarant” adı ilə pərdələyiblər, yedək QHT və KİV-lər üzərindən icra ediblər. 
Azərbaycan dövləti 2000-ci illərdən etibarən bu mexanizmi ifşa edib, onun aradan qaldırılması üçün tədbirlər görüb. Milli donor institutlarını yaratmaqla, QHT və KİV-ləri xaricin maliyyə asılılığından qurtarıb. 2014-cü ildə isə qanunvericiliyi yeniləyib, xaricdən qrant almaq prosedurlarını sərtləşdirib. Digər zəruri tədbirlər də görülüb.
Amma indi bəlli olur ki, Azərbaycan dövləti ehtiyat tədbirləri gördüyü kimi, “qrant şəbəkəsi” də çevik tərpənib. 
Qeyri-leqal vəsaitin ölkəyə gətirilib təsir dairəsində olan siyasi mərkəzlərə çatdırılması üçün 2014-cü ildən sonra yeni metodlardan faydalanıblar. 2014-cü ildən etibarən qeydiyyatsız qrantların Azərbaycana Gürcüstan və digər ölkələr üzərindən ötürülməsi həyata keçirilib. Təyinatı şübhə doğuran, milli maraqlara zidd olan “qrantlar”ın Azərbaycanda qeydə alınması çətinləşdiyi üçün, Qərb institutları Azərbaycanda xarici sifarişləri icra edən QHT və KİV-lərə xüsusi imtiyazlar tanıyıblar. Onlar öz “qrantlarını” Gürcüstanda və digər dövlətlərdə qeydiyyata aldırırlar. “Qrant üçün”, daha doğrusu, siyasi çaxnaşmalar üçün nəzərdə tutulmuş vəsaiti xarici dövlət ərazisində qəbul edirlər. Sonra həmin vəsaiti nağdlaşdıraraq Azərbaycana gətirir, siyasi sifarişlər üçün xərcləyirlər. Nümunə üçün qeyd edək ki, Azərbaycan 2020-ci ildə işğal altında olan torpaqları azad etmək üçün Ermənistanla müharibə apardığı bir vaxtda erməni şəbəkəsi Azərbaycan Ordusunu və dövlətini şərləmək üçün Azərbaycanın özündən olan ictimai şəxslərdən də faydalandı. Bu kontekstdə Azərbaycanlı pasifistlərin (müharibə əleyhinə olanlar – “sülhpərvərlər”) çıxışlarına geniş yer ayırdılar. “Azərbaycanlı” adı daşıyan “pasifistlər” – QHT, KİV təmsilçiləri, fiziki şəxslər – bu müharibədə Azərbaycanın yanında deyil, Ermənistanın səfində yer tutdular. Qərb donorlarından aldıqları qanunsuz qrant vəsaiti onların saxta “No War” kampaniyasının iştirakçısına çevrilməsini təmin etdi. 
Məsələ ondadır ki, Qərb institutları qanunsuz qrant vəsaitlərini Azərbaycanda gerçəkləşdirmək, beyinləri yumaq üçün təkcə “Gürcüstan yolu” versiyasından istifadə etməyiblər. KİV-də yayılmış son məlumatlardan bəlli olur ki, qeydiyyatsız qrantlar digər fərqli üsullarla da realizə edilir. Bunun üçün çox hiyləgər variantlar hazırlanıb. Məsələn, qeydiyyatsız vəsaiti dövlətlərarası təşkilatlar vasitəsilə ölkəyə keçiriblər. Partnyor QHT və KİV-ə vəsaiti bank yolu ilə deyil, nəğd şəkildə öütürüblər. APA İnformasiya Agentliyi bu sahədə geniş araşdırma aparıb. Bir sıra dövlətlərarası təşkilatların, hətta BMT-nin İnkişaf Proqramından (UNDP) da bu yöndə istifadə edildiyini təsdiqləyən sənədləri təqdim edib. 
Araşdırmada qeyd edilir ki, BMT-nin Azərbaycan Nümayəndəliyində UNDP-nin Audit və Tədqiqat Ofisi tərəfindən aparılmış audit yoxlaması ciddi qanun və maliyyə pozuntuları aşkara çıxarıb. UNDP-nin qrantlarla bağlı şəffaflıq prinsiplərini, həm də Azərbaycan qanunvericiliyini kobud şəkildə pozduğunu aşkarlayıb. Audit yoxlamasından məlum olur ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə ölkədə 23 qeyri-hökumət təşkilatına (QHT) 29 layihə üzrə 754 570 dollar qrant verib. Azərbaycan Nümayəndəliyi qrant vəsaitlərini həmin QHT-lərin yaratdıqları MMC-lərlə, yaxud QHT tərəfindən işə götürülmüş şəxslərlə birbaşa müqavilələr bağlayaraq şəxsi hesablara köçürüb. Yəni, qanunu pozaraq, “qrant” vəsaitini Ədliyyə Nazirliyində qeydiyyata aldırmayıb. Fərqli, qeyri-leqal yollarla təsirində olan QHT və KİV-ə ötürüb. 
Bu qismdə olan yüzlərlə nümunə belə qənaət yaradır ki, Azərbaycanda qrant sahəsində həyata keçirilən hüquqi araşdırmaların ciddi əsası vardır. 

Müşfiq ƏLƏSGƏRLİ, 
XQ-nin media eksperti

Siyasət