Azərbaycan sonadək neokolonializmdən əziyyət çəkən xalqların yanında olacaq
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi xarici siyasət sahəsində bizim qarşımızda yeni üfüqlər açdı. Əgər əvvəlki dövrdə ölkəmizin xarici siyasətinin əsas istiqaməti Ermənistan–Azərbaycan münaqişəsinin həlli idisə, 2020-ci ildə ərazi bütövlüyümüz, 2023-cü ildə isə dövlət suverenliyimiz bərpa edildiyi üçün bu məsələ təbii olaraq gündəlikdən çıxıb.
Hazırda rəsmi Bakının xarici siyasətində yeni istiqamətlər üstünlük təşkil edir. Bu gün Azərbaycan dünyanı narahat edən problemlərin həllində, o cümlədən, iqlim dəyişikliyi ilə mübarizədə daha fəaldır.
Nəzərə almaq lazımdır ki, paytaxtımız 2024-cü il noyabrın 11–22-də iqlim dəyişikliyi ilə mübarizə sahəsində əsas beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi.
Eyni zamanda, Azərbaycan dünyada islamofobiyaya qarşı mübarizədə də ön sıralardadır. Azərbaycan xarici siyasətinin digər vacib istiqaməti neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmaqdan ibarətdir. Azərbaycan neokolonializmi və orta əsrlərdən qalma bu eybəcər amili Yer üzündən tamamilə silmək üçün öz iradəsini ortaya qoyub və buna nail olmaq əzmindədir.
Bu gün neokolonializm siyasətinin başında dayanan özünü “demokratiyanın beşiyi” adlandıran, “azadlıq, bərabərlik, qardaşlıq” şüarını bayraq edən Fransadır. Dünyanın, demək olar ki, dörd bir tərəfində Fransaya məxsus ərazilər var. Yelisey sarayındakılar utanıb-qızarmadan müstəməkə torpaqlarını “dənizaşırı ərazilər” adlandırırlar. Müstəmləkə torpaqları ilə birlikdə hazırda Fransanın ümumi ərazisi 643,8 min kvadratkilometr, əhalisi 67,8 milyon nəfərdir. Halbuki, bu rəqəmlər müvafiq olaraq 551,5 min kvadratkilometr və 62,8 milyon nəfər olmalı idi. Artım müstəmləkə əraziləri və orada yaşayanların hesabınadır.
Fransanın müstəmləkəçiliyinin tarixi 1535-ci ilə gedib çıxır. Fransa böyük kəşflər dövründə xaricdəki ərazilərin öyrənilməsi və kolonizasiyası ilə məşğul olan üçüncü Avropa ölkəsi (Portuqaliya və İspaniyadan sonra) olub. Pireney yarımadasının iki ölkəsindən fərqli olaraq, fransızlar həm tropik, həm də mülayim enliklərə maraq göstəriblər. Məsələn, 1535-ci ildə fransız Jak Kartye Müqəddəs Lavrenti çayının mənsəbini tədqiq edərək vaxtilə Şimali Amerika qitəsinin bütün mərkəzi hissəsini (söhbət indiki ABŞ və Kanadanın ərazisindən gedir–S.H.) tutmuş Yeni Fransa koloniyasının əsasını qoyub.
Ümumiyyətlə, fransız müstəmləkəçiliyinin tarixi xronoloji olaraq aşağıdakı dövrlərə bölünür. İlk Fransa müstəmləkə imperiyası şərti olaraq 1546–1809-cu illərdə mövcud olub. Həmin dövrdə Şimali Amerikada müstəmləkə torpaqlarının sahəsi təxminən 8 milyon kvadratkilometrə çatıb. 1763-cü il Paris müqaviləsi Fransanı Şimali Amerikanın indiki Kanada və ABŞ-dəki, eləcə də Seneqaldakı geniş ərazilərindən məhrum edib. 1803-cü ildə Luiziananın ABŞ-a satılması, 1804-cü il Haiti inqilabı və 1809-cu ildə Portuqaliyanın Fransa Qvianasını zəbt etməsi, nəhayət, ilk müstəmləkə imperiyasını süquta uğradıb.
İkinci Fransa müstəmləkə imperiyası 1814-cü ildən 1962-ci ilə qədər mövcud olub. Onun ərazisi 1943-cü ildə əsasən Afrika və Asiyada, təxminən, 13,5 milyon kvadratkilometrə (planetin quru səthinin 9 faizi) çatıb. 1814-cü ildə Böyük Britaniya və Portuqaliya Fransa Qvianası ilə birlikdə Seneqal çayının aşağı axarlarını və bir sıra Karib adalarını Fransaya qaytarıb. 1830-cu ildə Fransanın Əlcəzairə hücumu Afrika və Asiyanın geniş müstəmləkəçiliyinin başlanğıcı olub. Bu ərazilərin dekolonizasiyası İkinci Dünya müharibəsinin başa çatmasından sonra, yəni 1945–1962-ci illər arasında baş verib. Ancaq bu proses 1980-ci ildə yarımçıq dayandırılıb.
Fransanın bu gün “dənizaşırı ərazilər” adlandırılan xaricdəki mülkləri (dənizaşırı departamentlər, icmalar və xüsusi statuslu inzibati-ərazi qurumları) bir vaxtlar mövcud olmuş nəhəng müstəmləkə imperiyasının qalıqlarıdır. Onlardan yalnız Fransa Qvianası materikdə (Cənubi Amerikada–S.H.) yerləşir. Qalanların hamısı adalardır (Fransız Polineziyası, Martinika, Mayotta və sair), həmçinin Yeni Kaledoniya adası “sui generis” adlanan xüsusi ərazi statusuna malikdir. Fransız müstəmləkə dövrünün digər müasir irsi fransızdilli ölkələrin birliyi – Beynəlxalq Frankofoniya Təşkilatıdır.
Fransa uzun əsrlərdir ki, müstəmləkə ərazilərin yeraltı, yerüstü bütün təbii sərvətlərini və insan resurslarını istismar edir. Müstəmləkə keçmişinə malik bütün digər ölkələr bundan imtina etsələr də, rəsmi Paris müstəmləkəçilik siyasətinə “yeni məzmun” verərək onu davam etdirir. Dünya ölkələri isə bu məsələnin üzərindən sükutla keçməyə üstünlük verirlər. Onlar Prezident İlham Əliyevin təbirincə desək, başlarını ağrıtmaq istəmirlər.
Azərbaycan isə hazırda dünyada Fransanın müstəmləkəçilik siyasətini daim ifşa edən, bu istiqamətdə ardıcıl siyasət aparan ölkəyə çevrilib. Taleyin ironiyasına baxın ki, biz uzun illər belə bir ölkədən Ermənistan–Azərbaycan münaqişəsinin həllində ədalətli vasitəçilik ummuşuq. Mahiyyətində ədalətsizlik dayanan bu dövlət bizim problemimizin həllinə münasibətdə ədalət nümayiş etdirə bilməzdi. Tarix də bunu sübut etdi.
Fransanın Vətən müharibəsinin gedişi zamanı və ondan sonra tutduğu anti-Azərbaycan mövqeyi bizim də “Beşinci Respublika”nın anti-insani əməllərini ortaya qoymağımıza gətirib çıxardı. Ancaq Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün artıq həyatımızın bir parçasıdır. Dövlətimizin başçısı qeyd etdi ki, xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündəki həsrəti, tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır: “Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi. Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə, – hər halda özlərini belə sayan, – üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir və bizim televiziya kanalları o bölgələrdə olarkən, yerində o insanların vəziyyəti ilə tanış olarkən bir daha, o acı mənzərəni görür”.
Dövlətimizin başçısı jurnalistin “Neokolonial siyasətlə bağlı növbəti mərhələdə hədəflərimiz nədən ibarət olacaq və biz bu missiyanın önündə gedəcəyikmi? sualına cavab olaraq dedi ki, bəli, Azərbaycan neokolonializmə qarşı siyasətini davam etdirəcək. Bəli, Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Neokolonializmin başında duran Fransa hakimiyyəti bilməlidir ki, onlar əbəs yerə bizimlə “soyuq müharibə”yə çıxıblar. Emmanuel Makron rejimi unutmamalıdır ki, müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq.
Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev bildirdi ki, müstəmləkəçilik İkinci Dünya müharibəsindən sonra qadağan edilməli, bitməli bir siyasət idi. Çünki BMT Nizamnaməsi keçmişdə müstəmləkə altında olan dövlətlərə öz müqəddəratını təyinetmə hüququ verirdi və onlar bu hüquqdan istifadə etməli idilər. Lakin Fransa kimi dövlətlər yeni siyasət həyata keçirməyə başladılar. Burada məqsəd keçmiş müstəmləkələrdə özlərinə yaxın dövlətlər formalaşdıraraq, əslində, həmin ölkələrin resurslarını istismar etməkdən ibarət idi: “Fransa kimi ölkələr uzun müddət beynəlxalq münasibətlər sistemində hakim mövqedə olmalarından sui-istifadə edirdilər. Ancaq son vaxtlar neokolonializmdən əziyyət çəkən xalqlar Parisə qarşı açıq çıxışlara başlayıblar. Bunun bariz nümunəsi Fransanın Afrika qitəsindən yavaş-yavaş çıxarılmasıdır. Bu, bir tərəfdən Yelisey sarayının uzun illər yürütdüyü səhv siyasətin, digər tərəfdən isə Fransanın hazırda düşdüyü aciz durumun nəticəsidir”.
Politoloq qeyd etdi ki, Azərbaycanla Fransa son illərdə Parisin səhvi üzündən iki dəfə üz-üzə gəlib: “Birincisi, torpaqlarımızın işğaldan azad olunması, yəni Vətən müharibəsi və antiterror tədbirləri zamanı Fransa Azərbaycana qarşı Ermənistanı və keçmiş separatçı rejimi dəstəklədi. Paris bu məsələni beynəlxalq təsisatlarında dəfələrlə gündəmə gətirdi. Ölkəmizə qarşı BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Ədalət Məhkəməsi də daxil olmaqla bir çox yerlərdə təzyiq etməyə çalışdı. Nəticəsi uğursuz oldu. Azərbaycan torpaqlarını azad etdi, suverenliyimiz bərpa olundu. İkincisi isə ölkəmiz Qoşulmama Hərəkatına 4 il sədrlik etdiyi üçün orada əsas məsələlərdən biri neokolonializm siyasətinə qarşı mübarizə aparmaq idi. Azərbaycan indi də bu siyasəti uğurla davam etdirir. Buradan da görürük ki, Bakıdan bu xalqlara verilən dəstək Fransada narahatlıq yaradır. Əslində, burada Azərbaycan həm haqlı mövqedədir, həm də, bu, müstəmləkə altında olan xalqların arzusudur. Rəsmi Parisin bu məsələdə Azərbaycanı ittiham etməsi əsassızdır”.
Müsahibimiz qeyd etdi ki, Azərbaycan bu siyasəti Fransa ilə münasibətlərin pis olması səbəbindən yürütmür. Bu, İkinci dünya müharibəsindən sonra qurulan beynəlxalq münasibətlər sisteminin tələbidir. Azərbaycan da beynəlxalq hüquqa uyğun davranır. Fransa isə beynəlxalq hüququn tələblərini heçə sayır. Beləliklə, Makron hökuməti təkcə Azərbaycana qarşı mübarizə aparmır, beynəlxalq hüququn əsas prinsiplərinə qarşı çıxır: “Yaxşı olardı ki, Fransa o xalqların tələblərini yerinə yetirsin. Onlarla bərabər suveren tərəf kimi əlaqə qursun və münasibətlərini bu şəkildə davam etdirsin. Bu gün həmin ərazilərdə əhalinin 70-75 faizinin yoxsulluq şəraitində yaşaması Fransanın uzun illər onların ölkələrini istismar etməsinin nəticəsidir. Paris bu siyasətə son qoyarsa, o xalqların da siyasi sabitlik və iqtisadi rifah şəraitində yaşayacaqlarını düşünürəm”.
Səxavət HƏMİD
XQ