Ukraynalı ekspert: Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün əlverişli loqistika mövcuddur

post-img

Ukrayna 2025-ci ilin yanvarın 1-dən Rusiya qazının öz ərazisindən Avropaya nəqlini dayandırıb. Rəsmi Kiyev 2019-cu ildən mövcud 5 illik tranzitlə bağlı müqaviləni uzatmaqdan imtina edib. Bunu qlobal enerji bazarında son illərin ən səs-küylü hadisəsi kimi qiymətləndirmək olar. Çünki söhbət Avropanın bir hissəsinin təbii qazla təminatından gedir.

Ukraynalı iqtisadçı ekspert, iqtisadi elmləri namizədi İvan Us AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, Rusiyanın Avropaya təbii qaz nəqlinin pik həcmi sovet dövründə olub. Sonra qaz nəqli azaldılıb: “Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra qaz nəqlinin həcmi daha da azaldıldı. 2024-cü ilin sonuna olan statistikaya görə, Rusiyanın Avropaya qaz nəqlinin həcmi təxminən 30 milyard kubmetrə yaxın olub. Rusiyanın Avropaya qaz ixracının təxminən yarısı Ukraynadan keçirdi. Bu da təxminən Rusiya üçün illik 5-6 milyard dollar gəlir demək idi. Ukrayna da Rusiya qazının nəqlindən qazanırdı. Bu da təxminən illik 800 milyon dollar idi”, - deyə ukraynalı ekspert əlavə edib. Onun sözlərinə görə, Avropa ölkələri alternativ marşrutlarla təbii qazla təmin olunacaq.

“Bundan sonra Avropanı təbii qazla təmin etmək üçün “Cənub dəhlizi” var. Rusiya təbii qazını Qara dənizlə Türkiyə vasitəsilə Bolqarıstana və daha sonra Avropa ölkələrinə çatdırır. O ki qaldı Avropanın alternativ mənbələr hesabına qaz almasına, ilk növbədə, deyim ki, Avropa üçün Azərbaycan, Norveç, ABŞ, Qətər, Əlcəzair qazı var. Bu ölkələrdən Avropaya təbii qazın çatdırılması üçün əlverişli loqistika mövcuddur. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra Avropa alternativ qaz marşrutları üçün öncədən tədarükünü görüb. Bir sadə həqiqəti də yaddan çıxarmaq lazım deyil ki, Tramp prezidentlik səlahiyyətinə başladıqdan sonra Avropa ölkələrindən daha çox ABŞ-dan təbii qazın almasını tələb edəcək”,- deyə İvan Us vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

İqtisadiyyat