AYİB ölkəmizin strateji layihələrini dəstəkləyir

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) respublikamızdakı daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidze mediaya açıqlamasında bildirib ki, təmsil etdiyi maliyyə qurumunun Azərbaycanla bağlı əsas məqsədlərindən biri yerli maliyyə institutlarını gücləndirmək, onların özəl sektorun böyüməsi üçün lazımi maliyyə vəsaitinə asan çıxışlarını gerçəkləşdirməkdir.

N.Mouravidze qeyd edib ki, AYİB 2024-cü ildə Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başlayıb. COP29-da yerli kiçik və orta biznes strukturlarını (KOB-ları) maliyyələşdirmək üçün qurumun ilk “yaşıl” krediti “Bank Respublika”ya verilib.

Hesabat dövründə “AccessBank” ilə birlikdə Azərbaycanda Risk Bölgüsü Çərçivəsi də yenidən işə salınıb. Bundan əsas məqsəd isə “AccessBank”ın yerli KOB strukturlarına verdiyi kredit riskini AYİB-lə bölüşmək olub. Beləliklə, 2024-cü ilin dekabr ayında Risk Bölgüsü Çərçivəsində ilk subkredit təsdiqlənib və yerli bizneslərin maliyyəyə çıxış imkanlarını yaxşılaşdırmaqla və onların daha rəqabətqabiliyyətli olmasına kömək etməklə KOB-ları dəstəkləmək qarşıya mühüm vəzifə kimi qoyulub.

AYİB hazırda 2025-ci il üçün digər Azərbaycan bankları ilə potensial tərəfdaşlığı araşdırır. Həmçinin ticarətin maliyyələşdirilməsində və yerli iqtisadiyyatın “yaşıllaşdırılması” səylərində iştirakını genişləndirməyə çalışır. Bütün bunların mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.

Növbəti illərdə bu beynəlxalq maliyyə qurumu rəqabət qabiliyyətinin artırılmasına, “yaşıl” maliyyənin təşviqinə, biznesdə qadınların dəstəklənməsinə və gənclərin məşğulluğunun artırılmasına diqqət yetirəcək. Azərbaycanda kiçik və orta sahibkarlığın daha da inkişaf etməsi istiqamətində önəmli layihələr gerçəkləşdiriləcək.

AYİB-in respublikamızdakı daimi nümayəndəliyinin rəhbərinin sözlərinə görə, bank Azərbaycanın enerji sektoru ilə əməkdaşlığının inkişafını da diqqətdə saxlayır. Bu, təsadüfi hal sayılmır. Çünki son onilliklər ərzində AYİB Azərbaycanın enerji sektoruna yüz milyonlarla avro sərmayə qoyub. Bərpa olunan enerji mənbələrinə diqqətin artması ilə sektor indi daha da əhəmiyyətli olur. Siyasi dəstəklə yanaşı, son illər külək və günəş enerjisi sahəsində də yüksək nəticələr əldə edilir.

Ümumiyyətlə, sözügedən maliyyə qurumu Azərbaycanda bərpa olunan enerji layihələrinin icrasında fəal iştirak edən və bu istiqamətdə yüksək nəticələrə imza atan yeganə çoxtərəfli inkişaf bankı olmaqdan qürur duyur. N.Mouravidze bununla bağlı açıqlamasında deyir: “2022-ci ildə biz ilk özəl kommunal miqyaslı 240 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını maliyyələşdirənlərdən biri olduq. Bunun ardınca 2023-cü ildə ölkənin ilk kommunal miqyaslı 240 MVt gücündə Xızı–Abşeron külək elektrik stansiyasının maliyyələşdirilməsi reallaşdı. Bu uğurlu investisiyalar iqlim maliyyələşdirməsinin daha da səfərbər edilməsinə yol açdı və bu il Biləsuvar və Neftçalada sazişin imzalanması ilə yekunlaşdı. Qafqazda bu günə qədər ən böyük olan bu günəş elektrik stansiyalarının ildə 600 min tondan çox CO2 qənaət edəcəyi təxmin edilir. 300 minə qədər evi “yaşıl” enerji ilə təchiz etməklə yanaşı, bu əhəmiyyətli investisiya regionun bütün bərpa olunan enerji bazarı üçün yeni bir mərhələdir”.

Qeyd edək ki, AYİB islahatlar istiqamətində elektrik şəbəkəsinin təkmilləşdirilməsi, enerji sektoru üçün aşağı karbonlu yolun yaradılması və milli hidrogen strategiyasının hazırlanması kimi məsələlər üzrə də Azərbaycan hakimiyyəti ilə siyasi dialoqu davam etdirir. Maliyyələşdirmə və islahatların bu şəkildə birləşməsi ölkəyə əlavə özəl iqlim maliyyəsini cəlb etmək məqsədi daşıyır.

AYİB-in “Yaşıl Şəhərlər Proqramı”na qoşulan ilk və indiyədək yeganə şəhər olan Gəncə ilə əməkdaşlığı haqqında danışan bankın respublikamızdakı daimi nümayəndəliyinin rəhbəri bildirib: “Biz iki layihə imzalamışıq və növbəti 15 il ərzində Gəncə şəhəri üçün “Yaşıl Şəhər Fəaliyyət Planı” hazırlamışıq. Bu layihələr şəhərə bərk məişət tullantılarının toplanmasının və küçə işıqlandırmasının davamlılığını və səmərəliyini artırmağa kömək edəcək. Hazırda biz şəhərin su, tullantı və yağış sularının idarə edilməsi infrastrukturunu yaxşılaşdırmaq üçün böyük investisiyalar üzərində işləyirik. Paralel olaraq, biz Azərbaycan İqtisadiyyat Nazirliyi ilə bankın yeni şəhərlərə, infrastruktur sektorlarına “yaşıl” və aşağı karbonlu investisiyalarını genişləndirmək üçün müzakirələr aparırıq. Ümid edirik ki, tezliklə Azərbaycanın digər şəhərləri də proqramımıza qoşulacaq”.

Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə ciddi maraq göstərməsi bir sıra amillərlə əlaqədardır. Əvvəla, respublikamızın əlverişli coğrafi məkanda yerləşməsi, eləcə də tranzit yüklərin daşınması üçün müasir infrastruktura malik olması bu baxımdan diqqət çəkir. Belə bir əlverişli şərait səbəbindən mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanla əməkdaşlıq etməyə calışan beynəlxalq maliyyə qurumlarının və dünya ölkələrinin sayı da ilbəil artır.

AYİB-in respublikamızla yükdaşımalar sahəsində sıx əməkdaşlıq qurmasını da məhz bu məqam şərtləndirir. Bankla Azərbaycan İnvestisiya Holdinqi arasında razılıq əldə edilməsi–niyyət sənədi imzalanması da bu məsələdən qaynaqlanır. Bu əməkdaşılıq mövcud nəqliyyat dəhlizləri üzrə Azərbaycanın dəniz, avtomobil və dəmir yolu nəqliyyatının iştirakı ilə multimodal daşımaçılığın səmərəliliyini artıraraq iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcək.

Yuxarıda bildirdik ki, AYİB-in ölkəmizlə əməkdaşlığında əsas istiqamətlərdən biri də bərpaolunan enerji layihələrinin həyata keçirilməsidir. Bank tərəfindən aparılan tədqiqatlar da bu sahəyə marağı gücləndirir. Belə ki, maliyyə qurumunun araşdırmalarında Azərbaycanda ekoloji cəhətdən təmiz hidrogen istehsalının məqsədəuyğun olması öz təsdiqini tapır. Bununla bağlı AYİB-in dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkətinin Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlili də mühüm önəm daşıyır. Başqa sözlə, adıçəkilən şirkətin hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alır.

Sonda qeyd edək ki, AYİB 1991-ci ildən fəaliyyətə başlayıb. Ötən müddət ərzində əsasən, keçmiş sosialist ölkələri və Mərkəzi Asiya dövlətlərinə bazar iqtisadiyyatına keçid məqsədilə kredit və texniki yardım üçün kredit, həmçinin ianələr ayırıb.

Böyük Britaniyanın paytaxtı London şəhərində 2019-cu ildə keçirilən AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə bu maliyyə institutu arasında ölkəmizin Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında, həmçinin respublikamızın AYİB-in donorları icmasına qoşulması ilə bağlı sazişlər imzalanıb.

 

İqtisadiyyat