Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin 2024-cü il dekabrın 17-də imzaladığı fərmana əsasən “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” dövlət başçısının 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanında bir sıra dəyişikliklər edilib.
Həmin dəyişikliklərdən ən mühümü əkin subsidiyaları ilə bağlıdır. Belə ki, yeni sənədə əsasən, fermerlərə əkin subsidiyalarının verilməsi müddəti 2030-cu il yanvarın 1-dək uzadılıb. Xatırladaq ki, əkin subsidiyası fermerə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilir.
Qanunvericiliyə əsasən, fermer əkin subsidiyası ilə bağlı təqvim ili ərzində apardığı əkin barədə məlumatı “Subsidiya İnformasiya Sistemi”nə (SİS) daxil edərək avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Agentlik müraciəti 30 iş günü müddətində təsdiq etdikdən sonra müvafiq ödəniş xətti barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verir.
Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması üçün istifadə etdikcə bu barədə SİS vasitəsilə ona göndərilən məlumatı (bildirişi) təsdiq edir. Kart hesabında olan və müvafiq xərcləməyə uyğun məbləğ avtomatlaşdırılmış qaydada təchizatçının hesabına köçürülür. Yeri gəlmişkən, dəyişikliklərə əsasən, sənədə “kart hesabı” sözlərindən sonra “hüquqi şəxsin cari hesabı sözləri” əlavə edilib.
Azərbaycanda əkin subsidiyalarının verilməsi müddətinin uzadılması kənd təsərrüfatına müsbət təsir göstərəcək. Ekspertlərin fikrincə, belə tədbirlər kənd təsərrüfatı sektorunun inkişafını stimullaşdırmağa, fermerlərin daha səmərəli fəaliyyət göstərmələrinə və ölkənin qida təhlükəsizliyinin təmin edilməsinə kömək edir. Əkin subsidiyaları fermerlərə birbaşa maliyyə dəstəyi təmin edir, bu da onların məhsul istehsalını artırmalarına imkan verir. Subsidiyalar uzadıldıqda, istehsal xərcləri azalır və məhsuldarlıq daha da artır. Bu, kənd təsərrüfatı istehsalının daha rentabelli olmasına səbəb ola bilər. Bu, kənd təsərrüfatına marağı artıra və ümumi məhsul istehsalının artmasına gətirib çıxara bilər.
Əvvəlki fərmanda edilmiş digər mühüm dəyişiklik “dincə qoyulmuş torpaq subsidiyası” ilə bağlıdır. Bu, əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiya növüdür.
Yeni sənədə əsasən, dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi üçün ərazilərin siyahısı hazırlanmalı, həmin ərazilərin ardıcıl becərilmə dövrləri və onlara tətbiq edilən dincə qoyulmuş torpaq əmsalları təsdiq edilməlidir. Eyni zamanda, əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısı, regionlar üzrə bitkilərin siyahısı və onlara tətbiq edilən əkin əmsalları, həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların siyahısı və onların əkin sahələrinin minimum ölçüsünə dair tələbləri təsdiq olunmalıdır. Dövlət başçısının imzaladığı yeni sənəddə dincə qoyulmuş torpaq subsidiyasının məbləğinin hesablanması qaydası da öz əksini tapıb.
Bundan əlavə, sənəddə dövlət başçısı tərəfindən aqrar subsidiyalarla bağlı bir sıra zəruri dəyişikliklər də edilib. Şübhəsiz ki, bütün bunlar aqrar sektorda subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə imkan yaratmaqla yanaşı, fermerlərin dövlət vəsaitinə əlçatanlığını daha da artıracaq.
Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert
Ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyi uzun illərdir ki, davamlı xarakter daşıyır. Bu, bilavasitə ölkə əhalisinin 36 faizinin çalışdığı sahə olduğundan dövlət tərəfindən daima nəzarətdədir. Hazırda kənd təsərrüfatı subyektlərinin dəstəklənməsi istiqamətində bir sıra dövlət dəstəyi mexanizmləri tətbiq olunur ki, onlardan biri də subsidiyaların verilməsidir.
Subsidiyaların verilməsinin uzadılması təkcə əkin subsidiyasılarını əhatə etmir. Eyni zamanda, məhsula görə də əlavə suvarma sistemləri ilə təmin edilmiş ərazilərə görə subsidiyaların təyin edilməsi daha müasir yanaşmaların kənd təsərrüfatında tətbiq edilməsini dəstəkləyən addım kimi qiymətləndirilə bilər.
Digər istiqamət burada uçotun dəqiqləşdirilməsinə xidmət edir. Belə ki növbəti ilin yanvarın 1-dən etibarən fermerlərə aqrar sahədə subsidiyalar o halda veriləcək ki, torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə olunsun. Bu isə torpaqların daha səmərəli istifadə edilməsi və şəffaflığın təmin olunması baxımından önəmli addımdır.