Elektromobillər onlayn sığortalanacaq

post-img

Azərbaycanda elektromobil sahiblərinin mülki məsuliyyət sığortasının onlayn qaydada rəsmiləşdirilməsinə başlanılıb. Bu barədə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı açıqlama yayıb.

Məlumata əsasən, qurum avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanmasının asanlaşdırılması və müştəri məmnunluğunun təmin edilməsi məqsədilə həyata keçirdiyi tədbirləri davam etdirir. Dekabrın 16-dan elektromobillərin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının onlayn qaydada rəsmiləşdirilməsi tətbiq olunur.

Bu, Azərbaycanda nəqliyyat vasitələrinin sığortalanması sahəsində əhəmiyyətli bir yenilikdir. Belə ki, elektromobillərin onlayn icbari sığortalanmasının tətbiqi sürücülər üçün bir sıra üstünlüklər yaradır. Artıq elektromobil sahibləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanması növü üzrə şəhadətnamələrini sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə sürətli və asan əldə edə bilərlər. Sürücülər, “İcbari Sığorta Bürosu”nun rəsmi veb-səhifəsinə daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə və seçdikləri şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün onlayn sığorta müqaviləsini rəsmiləşdirə bilərlər.

Qurumdan verilən məlumata görə, elektronlaşma sahəsində həyata keçirilən islahat tədbirləri ölkəmizdə sığorta xidmətlərinin inkişafına, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir.

Xatırladaq ki, İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir

İqtisadiyyat