Operativ məlumatlara əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 25 milyard 932,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə istehsal olunmuş ümumi elektrik enerjisinin 22 milyard 351,9 milyon kilovat-saatı istilik, 2 milyard 780,9 milyon kilovat-saatı su elektrik stansiyalarının, 799,7 milyon kilovat-saatı isə digər mənbələrin payına düşüb. Cari ilin 11 ayında ölkənin günəş elektrik stansiyalarında 540,1 milyon kilovat-saat, külək elektrik stansiyalarında 48,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 211 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bütövlükdə, yanvar-noyabr ayları ərzində “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 617,8 milyon kilovat-saat və ya 80 faizdən çox artaraq 3 milyard 580,6 milyon kilovat-saat təşkil edib.
Nazirliyin məlumatına görə, cari ilin 11 ayında “Azərenerji” ASC üzrə 22 milyard 908,1 elektrik enerjisi istehsal olunub. Bunun da 20 milyard 314,7 milyon kilovat-saatı isitlik, 2 milyard 593,4 milyon kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb.
Yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə istilik elektrik stansiyalarında 227,7 milyon kilovat-saat, su elektrik stansiyalarında 169,5 milyon kilovat-saat, günəş elektrik stansiyasında 57,5 milyon kilovat-saat olmaqla, ümumilikdə, 454,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Hesabat dövründə “Azərişıq” ASC üzrə elektrik enerjisinin istehsalı isə külək elektrik stansiyalarında 36,8 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 532,9 milyon kilovat-saat təşkil edib.
2024-cü ilin 11 ayı ərzində istehsal olunmuş ümumi elektrik enerjisinin 1 milyard 255,3 milyon kilovat-saatı ixraca yönəldilib. Bununla yanaşı, hesabat dövründə ölkəmiz 159,8 milyon kilovat-saat elektrik enerjisi idxal edib.
2024-cü ilin noyabr ayında ölkə üzrə elektrik enerjisinin istehsalı isə 2 milyard 89,7 milyon kilovat-saat təşkil edib. Bu dövrdə elektrik enerjisinin ixracı 7,9 milyon kilovat-saat, idxalı isə 9,1 milyon kilovat-saat olub.