“Əsrin müqaviləsi”nin “mavi yanacaq” töhfəsi

post-img

AÇG-dən Azərbaycana indiyədək 57 milyard kubmetr səmt qazı təhvil verilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan xam neftlə bərabər səmt qazı da hasil olunur. “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, səmt qazı təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir.

“BP-Azərbaycan” şirkətinin məlumatına görə, bu ilin üç rübü ərzində Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə Azərbaycanın qazpaylayıcı sisteminə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə, 1,8 milyard kubmetr səmt qazı ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub. Ümumilikdə, ötən 27 il ərzində konsorsium iştirakçıları tərəfindən Azərbaycan hökumətinə 57 milyard kubmetr səmt qazı təhvil verilib. Qazın qalan hissəsindən isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda lay təzyiqini sabit saxlamaq üçün istifadə olunub.

Yeri gəlmişkən, 1997-ci ilin noyabr ayında “Çıraq” yatağında hasilata başlanıldığı vaxtdan indiyədək AÇG yatağından, təxminən, 4,4 milyard barel neft hasil edilib. Gələcəkdə yeni texnologiyalara və qurğulara davamlı iri sərmayələr və layların neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində digər səylər nəticəsində dünya səviyyəli bu yataqdan hasilatın gələcək onilliklər ərzində də davam edəcəyi gözlənilir.

Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 7 hasilat və 2 emal, qaz-kompressor, suvurma və texnoloji platforma fəaliyyət göstərir. Həmin platformalardan neft və səmt qazı Bakı yaxınlığında yerləşən, dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql edilir.

Xatırladaq ki, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 1994-cü il sentyabrın 20-də Bakıda imzalanıb. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sazişin ilkin neft layihəsi çərçivəsində 1997-ci il noyabrın 7-də “Çıraq-1” platformasından hasilata başlanılıb. Ötən müddətdə AÇG yatağının işlənməsinə isə, təxminən, 45 milyard dollar investisiya qoyulub.

2017-ci il sentyabrın 14-də AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi imzalanıb. Bununla da, “Əsrin müqaviləsi”nin müddəti 2049-cu ilin sonuna qədər uzadılıb. Bu ilin sentyabr ayında isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri sürətləndirmək məqsədilə AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavə imzalanıb. Bu sənədə uyğun olaraq SOCAR və AÇG layihəsinin tərəfdaşları hazırda sərbəst təbii qaz laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Həmin işlərin bir hissəsi kimi iki prioritet laydan qaz hasil etmək məqsədilə “Qərbi Çıraq” platformasından ilkin quyu qazılır.

“BP-Azərbaycan” şirkətinin məlumatına görə, yeni quyu hasilat vasitəsilə müqavilə sahəsində qiymətləndirmə aparmağa imkan verəcək. Bu baxımdan xüsusi əhəmiyyət kəsb edən qiymətləndirmə quyusunun əsasında da gələcək işlənmə planlarının qurulması mümkün olacaq. Bu quyudan qaz hasilatına isə 2025-ci ildə başlanılacaq. Yeri gəlmişkən, mütəxəssislər AÇG yatağının sərbəst təbii qaz ehtiyatlarının 4 trilyon kub futadək olmasını ehtimal edirlər.

 

 



İqtisadiyyat