Londonda fəaliyyət göstərən azərbaycanlı Orxan Nəsibov tərəfindən təsis edilən “Guavapay” şirkəti “TechRound” tərəfindən Böyük Britaniyanın ən yaxşı 50 startapı siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, startap qısa müddətdə beynəlxalq miqyasda tanınan aparıcı fintek şirkətinə çevrilib.
Hazırda şirkət 300-dən çox əməkdaşı ilə maliyyə idarəçiliyində müasir və sadə həllər təqdim edir. Şirkətin əsas məhsullarından biri olan “MyGuava” tətbiqi istifadəçilərə çoxvalyutalı hesablar yaratmaq, beynəlxalq ödənişləri asanlaşdırmaq və maliyyə idarəçiliyini səmərəli şəkildə təşkil etmək üçün unikal imkanlar təqdim edir. 6 ay ərzində 70 mindən çox aktiv istifadəçi qazanan tətbiq, 300 mindən çox yükləmə ilə böyük populyarlıq qazanıb.
Eyni zamanda, “MyGuava Business” adlı digər məhsul bizneslər üçün beynəlxalq maliyyə əməliyyatlarını daha effektiv idarə etmək məqsədini güdür. Bu məhsullar müasir maliyyə texnologiyalarının insanların və bizneslərin həyatına necə böyük rahatlıq gətirdiyini göstərir.
“Guavapay” Böyük Britaniyada yerləşən baş ofisi ilə yanaşı, Kanada, Polşa və ABŞ-da ofislər açaraq qlobal miqyasda təsirini artırır. Şirkət daha çox beynəlxalq bazara daxil olmaq və maliyyə texnologiyalarının inkişafında lider mövqeyini möhkəmləndirmək niyyətindədir.
“TechRound” Böyük Britaniya mərkəzli aparıcı onlayn jurnaldır və startaplar, bizneslər, sahibkarlar və texnologiya sahəsində xəbərlər, müsahibələr və analizlər təqdim edir. 2016-cı ildə David Soffer tərəfindən yaradılan “TechRound” Böyük Britaniyanın startap ekosistemində mühüm mövqeyə malikdir və aylıq 250 mindən çox oxucuya çatır.