Qırğızıstanın Bişkek şəhərində bu il noyabrın 6-da keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türk dünyasının gələcək inkişafına dair əhəmiyyətli razılaşmalar əldə olunub. Sammitdə Türk Dünyası Xartiyası qəbul edilib və yeddi digər mühüm sənəd imzalanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərovanın sözlərinə görə, görüşdə Azərbaycanın adıçəkilən təşkilata verdiyi dəstək, həm regional, həm də qlobal miqyasda iqtisadi əməkdaşlığın daha da genişlənməsini gerçəkləşdirmək barədə ətraflı bəhs edilib.
Mərkəz rəhbəri TDT üzv ölkələrinin ümumi iqtisadi göstəriciləri, bu təşkilatın qlobal iqtisadiyyatda artan əhəmiyyəti barədə danışarkən 2023-cü ildə təşkilat ölkələrinin ümumi ÜDM-inin 1,82 trilyon ABŞ dollarını keçdiyini, bunun isə əvvəlki ilə nisbətən 18 faiz artıma malik olduğunu və dünya ÜDM-nin təxminən 3 faizini təşkil etdiyini bildirib.
V. Cəfərova qeyd edib ki, Türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib. 2023-cü ildə TDT ölkələrinin xarici ticarət dövriyyəsi 4,3 faizlik artımla 1,48 trilyon ABŞ dollarına yüksəlib. Bu artım TDT ölkələrinin ticarət əlaqələrinin daha da genişlənməsi və bu ölkələr arasında qarşılıqlı ticarətin artırılması ilə əlaqəli olub.
TDT ölkələri arasında ticarətin həcmi isə 2022-ci ildə 30,9 milyard dollardan 2023-cü ildə 38,3 milyard dollara yüksəlib ki, bu da 24 faizlik bir artımı ifadə edir.
2024-cü ildə isə TDT ölkələri arasında qarşılıqlı ticarətin həcmi 45 milyard ABŞ dolları keçib ki, bu müsbət nəticə təşkilat ölkələrinin ticarət əlaqələrinin gücləndiyini göstərir.
Xarici ticarətdə artım dinamikası Türk dünyasının iqtisadi sahədə daha çox inteqrasiya olunduğundan və üzv ölkələrinin hərtərəfli əməkdaşlığa olan marağından xəbər verir. TDT ölkələrinə yönələn Xarici Birbaşa İnvestisiya (XBİ) 2023-cü ildə 24 milyard dollar təşkil etməklə 2022-ci ilə nisbətən 15 faizlik azalma nümayiş etdirib ki, bu təşkilat ölkələrinə XBİ həcmini artırmaq üçün regionda sərmayə mühitinin və iqtisadi infrastrukturun yaxşılaşdırılması sahəsində fəaliyyətlərin daha da gücləndirilməsini zəruri edib.
Mərkəz rəhbəri daha sonra vurğulayıb ki, Azərbaycan Türk dünyasının iqtisadi əlaqələrinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Respublikamızın həm Şərq – Qərb nəqliyyat dəhlizindəki mərkəzi rolu, həm də Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması sahəsindəki təşəbbüsləri bu ölkənin təşkilatda xüsusi yer tutduğunu göstərir.
Azərbaycanın müvafiq sərmayələri Mərkəzi Asiya və Türkiyə arasında tranzit daşımaların sürətini artırmağa yönəldilib. 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycan ərazisindən keçən üzv və müşahidəçi dövlətlərlə tranzit daşımaların həcmi 15 faizlik artım göstərib, bu da həmin regionlarda ticarət imkanlarının inkişafına dair böyük bir potensialın olduğunu ortaya qoyub.
Türk dünyasının iqtisadi əməkdaşlığının daha da dərinləşdirilməsi üçün qarşıda duran əsas çağırışlar arasında daxili bazarlarda rəqabət qabiliyyətinin artırılması və ticari əlaqələrin daha da şaxələndirilməsi önəmlidir. TDT ölkələrinin təbii sərvətləri böyük iqtisadi potensiala sahib olsa da, onların beynəlxalq bazarlarda daha təsirli və sabit mövqe tutması üçün daha irimiqyaslı infrastruktur investisiyaları, regional sərmayə təşviq siyasətləri və vahid iqtisadi siyasətlərin inkişaf etdirilməsi əsas çağırışlardır.
2024-cü ildə TDT dünya iqtisadiyyatında əsas geosiyasi və iqtisadi faktor rolunu daha da gücləndirmək üçün müxtəlif əməkdaşlıq modelləri və layihələri üzərində işləyir. Təşkilata üzv dövlətlərin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları bu ölkələrin qlobal enerji bazarlarında əhəmiyyətli oyunçulara çevrilməsinə zəmin yaradır. 2023-cü ildə təşkilata üzv ölkələrdəki təsdiqlənmiş təbii qaz ehtiyatları 18,6 trilyon kubmetr, neft ehtiyatları isə 5,3 milyard ton səviyyəsində qiymətləndirilir.