Bu layihənin yarımillik gəliri 24 faiz artıb
Əsrimizin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi 4 seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir.
CQD-nin 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı bu dəhlizin sisteminə vurulub. Beləliklə, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. Həmin il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan isə hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.
“Cənub Qaz Dəhlizi” Səhmdar Cəmiyyətinin maliyyə hesabatına əsasən, qurum bu ilin ilk yarısında 901,554 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 24,1faiz çox) xalis mənfəət əldə edib. Səhmdar Cəmiyyətin yanvar-iyun aylarında əməliyyat gəlirləri 1 milyard 632 milyon ABŞ dolları (illik müqayisədə 17,2 faiz çox), satışının maya dəyəri 365,617 milyon ABŞ dolları (49,2 faiz çox), ümumi-inzibati xərcləri 185,175 milyon ABŞ dolları (12,7faiz çox), nəqletmə xərcləri 107,775 milyon ABŞ dolları (55,8 faiz çox), digər gəlirləri 35,296 milyon ABŞ dolları (26,3 faiz çox), faiz gəlirləri 80,87 milyon ABŞ dolları (75,2 faiz çox) təşkil edib.
Bu il iyulun 1-nə “Cənub Qaz Dəhlizi”nin vəsaitləri 14 milyard 750 milyon ABŞ dolları (ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çox) olub. Hesabat dövründə şirkətin öhdəlikləri 9,8 faiz azalaraq 7 milyard 468 milyon ABŞ dollarına düşüb, balans kapitalı isə 13,2 faiz artaraq 7 milyard 284 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Səhmdar Cəmiyyəti ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Səhmdar Cəmiyyətin nizamnamə kapitalı 2 milyard 416 milyon ABŞ dolları olub, səhmlərinin 51 faizi İqtisadiyyat Nazirliyinə, 49 faizi isə Dövlət Neft Şirkətinə verilib.
Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin dörd seqmentdən biri olan TAP boru kəməri ilə ticarət əməliyyatlarının başlandığı gündən buvaxtadək “köhnə qitəyə” 40 milyard kubmetrdən çox qaz nəql edilib. Avropanın enerji təhlükəsizliyini və davamlılığını dəstəkləyən boru kəməri ilə 2026-cı ilə qədər ildə əlavə 1,2 milyard kubmetr qaz nəql olunması planlaşdırılıb.
Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. TAP Türkiyə –Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır.
Boru kəməri perspektivli interkonnektorlar vasitəsilə Cənub–Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıracaq. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 kilometrdir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.