Aqrar Sığorta Fondunun nümayəndə heyəti respublikamızda aqrar sığorta mexanizminin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə Türkiyə təcrübəsinin və yeniliklərin öyrənilməsi məqsədilə qardaş ölkədə görüşlər keçirib.
Fonddan verilən məlumata görə, görüşlərdə aqrar sığorta müqavilələrinin bağlanması, sığorta hadisələrinin tənzimlənməsi, sığorta ödənişlərinin daha sürətlə reallaşması, əkin sahələrinə dəyən zərərlərin qiymətləndirilməsi ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə müstəqil aqrar sığorta ekspertləri institutunun təkmilləşdirilməsi, ekspertlərlə işin qurulması, onların göstərdiyi xidmətlərin keyfiyyətinə nəzarət məsələlərinə də toxunulub.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ildən dövlət dəstəyi ilə fəaliyyətə başlayan aqrar sığorta mexanizmi Türkiyə Respublikasının Tarım Sığortaları Sisteminin “TARSİM” təcrübəsi və dəstəyi ilə yaradılıb.
Hazırda Aqrar Sığorta Fondu vasitəsilə 41 bitki növü üzrə 48 bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Bu isə ölkə üzrə əkin sahələrinin 96 faizini əhatə edir. Aqrar sığorta zamanı hesablanan sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə fermer təsərrüfatlarında cüzi məbləğ ödənilməklə sığorta həyata keçirilir. Aqrar sığorta əkin sahələrini təbii fəlakətlər, dolu, qasırğa, fırtına, leysan yağışları, 3-cü şəxslərin hərəkəti, yanğın, vəhşi heyvanların hücumu və s. risklərdən sığortalayır.
Aqrar sığortadan faydalanan fermerlərin sayı sürətlə artır. Fondun fermer və təsərrüfatlara ödənilən sığorta ödənişləri artıq 10 milyon manatı keçir.