Təkqütblü dünyaya qarşı ədalət gözləntimiz

post-img

Azərbaycanın BRICS-ə marağını şərtləndirən prinsiplərə baxış

Rusiya Prezidenti Vladimir Putin hələ 2024-cü ilin yanvarında BRICS-ə artan marağın səbəblərindən danışarkən demişdi ki, quruma üzv olmaq istəyənləri təşkilatın fəaliyyətinin əsasını təşkil edən prinsiplər cəlb edir. Rusiya lideri sözügedən prinsipləri də açıqlamışdı: “Bu, suveren bərabərlik, öz inkişaf yolunun seçiminə hörmət, maraqların qarşılıqlı nəzərə alınması, açıqlıq, konsensus, çoxqütblü dünya nizamı və qlobal maliyyə, ticarət sisteminin ədalətli modelini formalaşdırmaq istəyi, zəmanəmizin ən aktual problemlərinə kollektiv həll yollarının axtarışıdır”.

Bu məqalədə Prezident Putinin dediyi məqamlardan söz açacağıq. Söz açacaq və məsələyə ölkəmizin BRICS-ə marağı kontekstində izah etməyə çalışacağıq. Yeri gəlmişkən, bu maraq özünü ən ciddi şəkildə göstərməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın XVI sammitinin keçirildiyi Kazana səfəri də bunu təsdiqləməkdədir. Ancaq hələlik BRICS-lə bağlı bəzi məqamları vurğulayaq.

Oktyabrın 22-də Kazanda öz işinə başlamış XVI BRICS sammitinin Rusiya üçün son dərəcə mühüm əhəmiyyəti var. Sammit istər diplomatik, istər mənəvi, istərsə də siyasi baxımdan Moskvaya çox böyük üstünlüklər qazandırır. Çünki tədbiri Ukrayna ilə müharibə səbəbindən dünyanı cənginə almış anti-Rusiya dalğasının qırılma nöqtəsi kimi də dəyərləndirmək mümkündür.

Bəli, sammitin miqyası və iştirakçı ölkələrin sayı Rusiyanın beynəlxalq arenadan təcrid olunmadığını göstərir. Üstəlik, onun qlobal tərəfdaşlığının genişlənməsi amili də var. Belə nəticəyə gəlmək mümkündür ki, anti-Rusiya demarşları uğursuzdur və ölkə çoxqütblü dünya nizamının qurulmasında mühüm pay sahibidir. Bunu rəqəmlər də təsdiqləyir.

Nəzərə alaq ki, Kazan sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı qatılıb. Ən əsası isə toplantıda BMT-nin Baş katibi Antonio Quterreş iştirak edir. “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” mövzusunda keçirilən sammiti Rusiya üçün önəmli edən daha bir fakt isə onun ölkənin müasir tarixində yüksək səviyyəli xarici qonaqların sayına görə ən irimiqyaslı tədbir olmasıdır.

Ümumən, 30-a yaxın ölkə quruma üzvlük və ya tərəfdaş dövlət statusu almaq istəyini bəyan edib. Həmin ölkələr sırasında Azərbaycanla yanaşı, Bəhreyn, Belarus, Pakistan, Əlcəzair, Qazaxıstan, Tailand, Kuba, Banqladeş, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Çad, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Seneqal, Suriya, Türkiyə, Uqanda, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudan yer alır. Məhz buna görə də hazırda Braziliyanın, Rusiyanın, Hindistanın, Çinin, Cənubi Afrikanın, Misirin, Efiopiyanın, İranın, Səudiyyə Ərəbistanının və BƏƏ-nin təmsil olunduğu təşkilatın Kazan sammiti dünya geosiyasətinin mərkəzi hadisəsidir.

Sammitdə regional münaqişələr, xüsusilə Yaxın Şərq və Ukrayna məsələləri diqqət mərkəzindədir. Fələstin və İsrail arasındakı münaqişə, Qəzza müharibəsi, İran və İsrail arasındakı qarşıdurmalar da həmçinin. Bu səbəbdən tədbiri hazırkı mürəkkəb dünya düzəninin müzakirə olunduğu alternativ platforma kimi dəyərləndirmək mümkündür. Bəs BRICS-i güclü edən nədir?

Məlum oldudu kimi, BRICS beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur (Brazil, Rusia, India, China, South Africa– BRICS). Braziliya kənd təsərrüfatı məhsulları ilə zəngindir, Rusiya dünyada ən böyük mineral resursların ixracatçısıdır. Hindistan ucuz intellektual resurslara, Çin isə ucuz əmək resurslarına malikdir. Cənubi Afrika Respublikasına gəldikdə isə ölkə təbii resurslarının çoxluğu ilə seçilir.

Əlbəttə, bu göstəricilərlə hesablaşmamaq mümkünsüzdür və deməli, BRICS-in dünyada söz sahibiolma üstünlüyü var. Ekspertlər də hesab edirlər ki, sırf iqtisadi blok kimi yaradılmış qurumun geosiyasi reallıqlara təsir qüvvəsi böyükdür. Bunu təşkilatın başlıca prinsipləri də təsdiqləyir. Belə ki, BRICS çətinliklərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsini prioritet sayır. Kazan sammiti də bu amillərin vurğulandığı və onlara nəzərən real mexanizmlərin işə salınması perspektivinin dəyərləndirildiyi mühüm platforma sayılır.

Eyni zamanda, o da vurğulanmalıdır ki, BRICS qarşılıqlı əlaqədə olan, bir-birinə kömək göstərən dövlətlər klubudur. Ən başlıcası isə üzv ölkələr bir-birinə qarşı sanksiyalar tətbiq etməmək kimi qeyri-rəsmi öhdəliklər götürürlər. Bu o deməkdir ki, onlar üçün başlıca prinsip qarşılıqlı şəkildə müstəqilliyin dəstəklənməsidir. Belə yanaşma isə anti-Qərb xarakteri daşıyır. Çünki Qərbin ənənəvi mübarizə üsullarından ən mühümü başqa dövlətləri özündən asılı hala gətirməkdir. Yeri gəlmişkən, 2023-cü ilin sonunda alıcılıq qabiliyyəti paritetində BRICS-in qlobal ÜDM-dəki payı rekord həddə - 35,7 faizə çatıb. Müqayisə üçün deyək ki, Dünya Bankının məlumatlarına görə, G7 ölkələrində bu göstərici üzrə 29 faiz azalma qeydə alınıb.

***

Azərbaycan və BRICS əlaqələrinə gəlincə, vurğuladığımız kimi, ölkəmiz artıq bu təşkilata üzvlük istəyini ifadə edib. Azərbaycan hazırda Kazan sammitində “BRICS+” və “Outreach” formatlarında iştirak edən ölkələrdən biridir. Onu da qeyd etdik ki, təşkilata yeni üzvlərin qəbulu məsələsi aktuallığını qoruyur və bu cəhət Kazan sammitinin gündəliyindən də görünür. Belə ki, toplantıda yeni üzvlər üçün “tərəfdaş dövlət” statusunun rəsmiləşdirilməsi nəzərdə tutulur. Bütün bunlar öz yerində, ölkəmiz uzun müddətdir ikili standartlar siyasətinə məruz qalır, onun təsirlərini üzərində hiss edir. İkili standartlar siyasəti isə özünü ədalətsiz yanaşmalarda göstərir. Bu o deməkdir ki, Azərbaycan BRICS-ə, ilk növbədə, ədalətli platforma kimi yanaşır. Yəni, ondan gözləntimiz budur.

İkincisi, ölkəmiz yeni dünya düzənində Cənubi Qafqaz üzrə başlıca aktordur. Belə bir missiya onun dünya siyasətindəki yeri və rolu ilə bağlı əlverişli perspektivlər açır. Ölkəmiz hər cəhətdən buna layiqdir. Ancaq haqqında söz açdığımız ikili standartlar siyasəti ədalətsizliyə, ayrı-seçkiliyə əsaslandığından, Azərbaycanın mövqeyi və statusu layiqincə dəyərləndirilmir. Deməli, rəsmi Bakının özünə daha faydalı və əlverişli düzən axtarması təbiidir.

Üçüncüsü, bildirdik ki, BRICS Qərbə, deməli, həm də ABŞ-yə qarşı olan platformadır. Ancaq belə yanaşma hərbi deyil, iqtisadi amillər üzərindədir. Təşkilatda mühüm rol oynayan ölkələrin isə dünya iqtisadiyyatındakı rolları böyükdür. Yəni, bu baxımdan da ölkəmiz üçün fayda var. Azərbaycan BRICS-də təmsilçiliklə çətinliksiz, bərabərhüquqlu şəkildə iqtisadiyyatını diferensiallaşdırmaq imkanına malikdir.

Dördüncüsü, iqtisadi əlaqələr həm də sabitlik və əminamanlıq deməkdir. Ölkəmiz Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsində maraqlıdır. Bu maraq üçün təminat lazımdır. Hesab edirik ki, BRICS-də təmsilçiliyin verdiyi təminatlar daha ciddidir. Prinsipcə, quruma daxil olan ölkələr Qərb imperializminə qarşı duruş gətirmək, təkqütblü dünyanın ədalətsiz əsaslarını sarsıtmaq istəyirlərsə, başqa yolları yoxdur. Onlar səmimi davranmalı və real əməkdaşlıq konturlarına üstünlük verməlidirlər.

Ə.RÜSTƏMOV
XQ

Siyasət