“Ter-Petrosyanizm” və ya erməni həyasızlığının qürub notları

post-img

Bir daha Qarabağ avantürizmi və Ermənistan konstitusiyası barədə

Məlum olduğu kimi, bu il oktyabrın 16-da Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-nin “Newsweek” nəşrində məqaləsi yayımlandı. Məqalədə COP29 öncəsi Azərbaycanın iqlim böhranı ilə yanaşı, regional sülhə nail olmaq istiqamətindəki səylərinə və Ermənistanla ikitərəfli razılaşmaların əhəmiyyətinə diqqət çəkilmişdi.

H.Hacıyev məqaləsində Ermənistan konstitusiyasında yer alan Qarabağ iddiasının və Qərb dövlətlərinin ölkəni silahlandırmasının sülh prosesinə əngəl törətdiyini vurğulamışdı. Dövlətimizin rəsmisi onu da bildirmişdi ki, 1996-cı ildə Ermənistanın o vaxtkı prezidenti ölkənin əsas qanununun Qarabağı Azərbaycan ərazisi kimi tanıyan beynəlxalq sənədin imzalanmasına imkan vermədiyini əsas gətirərək, ATƏT-in sammitinin yekun bəyannaməsini imzalamaqdan boyun qaçırmışdı. Yəni, keçmişin presedent mahiyyəti var və həm də bu səbəbdən hazırda Ermənistan konstitusiyasına dəyişiklik zəruridir. Dəyişikliyin olmaması isə sülh yolundakı başlıca maneədir.

Qeyd edək ki, H.Hacıyevin fikrinə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın hazırda rəhbəri olduğu Erməni milli konqresi reaksiya verib. Reaksiyanın nədən ibarət olduğunu və oradakı müəyyən məqamları diqqətə çatdıracağıq. Amma onu deyək ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşü əsnasında baş nazir Nikol Paşinyan ilk dəfə ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. N.Paşinyan 2023-cü ilin yayında eyni fikri təkrarlamış və bu dəfə Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyünü tanıdığını dilə gətirmişdi. Maraqlıdır ki, həmin vaxt Nikola qarşı çıxan qüvvələr bildirmişdilər ki, onun yanaşması Ermənistanın konstitusiyasına ziddir. Çünki əsas qanun Qarabağı Azərbaycan ərazisi kimi tanımağa imkan vemir.

Onu da bilirik ki, Ermənistanın İstiqlaliyyət bəyannaməsində Azərbaycana və Türkiyəyə ərazi iddiası yer alıb. Ölkə konstitusiyası həmin sənədə əsaslanır. Bu günlərdə isə Ermənistanın konstitusiya məhkəməsi qərar çıxardı ki, İstiqlaliyyət bəyənnaməsinin əsas qanunda yer almayan müddəaları etibarızdır. Aydın idi ki, bu qərar Azərbaycanın Ermənistanın qanunvericilik sənədlərində qonşulara qarşı ərazi iddiasının aradan qaldırılmasını nəzərdə tutan tələbinə münasibət mahiyyətlidir. Guya, Bakının istəyi yerinə yetirilib. Mövcud məqam erməni hakim komandasının açıqlamalarından da duyulur. Onlar elə fon yaradırlar ki, sanki artıq Bakı – İrəvan sülhü baxımından heç bir maneə yoxdur.

Əlbəttə, belə yanaşma spekulyativdir. Ona görə ki, ümumən söhbət İstiqlaliyyət bəyannaməsindən imtinadan getmir. Deməli, Konstitusiya məhkəməsinin həmin sənəddə yer alan, ancaq konstitusiyada olmayan müddəları etibarsız sayması ilə bağlı mövqeyi heç nəyi dəyişmir. Mövcud səbəbdən Bakı məsələni konseptual şəkildə qoyur. H.Hacıyevin “Newsweek”dəki məqaləsində yer almış məqam da eyni konseptuallıqdan və prinsipiallıqdan qaynaqlanır. Elə isə keçək L.Ter-Petrosyanın Erməni milli koqresi tərəfindən yayılan bəyanatına.

***

Əlbəttə, H.Hacıyevin fikirlərinin Azərbaycanın aqressiv təbliğatının tərkib hissəsi kimi dəyərləndirilməsi üzərində dayanmayacağıq. Aydındır ki, bu deyim ikinci prezidentin rəhbərlik etdiyi partiyanın susqunluğu pozmaq, öz aləmində anti-Azərbaycan mövqeyini göstərmək məqsədli cılız yanaşmasıdır. Başlıca məqam odur ki, sənəddə L.Ter-Petrosyanın vaxtilə Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın baxışını ifadə etdiyi, buna əsasən, guya, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusunun təklif olunduğu fikri açıqlanıb. Halbuki reallıq başqadır.

Birincisi, sözügedən təklifi verən Azərbaycan dövləti olub. Yəni, rəsmi Bakı o zaman Qarabağa ölkəmizin tərkibində ən yüksək status verilməsini münaqişənin həll yolu sayıb. Bu da həqiqətdir ki, L.Ter-Petrosyan əvvəl buna razı olub. Ümumən, o, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsində Ermənistanı dəstəkləmədiyini yaxşı dərk etdiyindən, müəyyən güzəştlərə razı idi. Ancaq H.Hacıyev məqaləsində diqqəti məhz 1996-cı ilə yönəldir. O ilə ki, Ermənistanın ikinci prezidenti əvvəlki mövqeyini dandı və bunu ölkə konstitusiyası ilə izah etdi. Yəni, konstitusiyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımağa imkan verməməsi ilə.

Digər tərəfdən, Qarabağa ən yüksək status təklifi ölkəmizdən gəlmişdisə, 1996-cı ilin ATƏT sammiti zamanı onun qəbul olunmaması qeydə alınıbsa, məntiqlə Bakı öz fikrindən daşına bilməzdi. Həm də o səbəbdən ki, işğala məruz qalmışdı və təcavüzün başa çatmasını nəzərdə tutan məsələ ilə razılaşmalı idi. Deməli, razılaşmayan tərəf Ermənistandır.

Ermənistan işğalçılıq siyasətindən əl çəkmədiyindən, 1996-cı ildən sonrakı danışıqlarda da real nəticə əldə olunmadı və nəhayət, 1998-ci ildə L.Ter-Petrosyan istefa verdi. Bu istefa təkcə birinci prezidentin yox, bütövlükdə dünya erməniliyinin mövqeyi idi. Çünki L.Ter-Petrosyan beynəlxalq arenada tükənmiş duruma düşmüş, ulu öndər Heydər Əliyevin diplomatik həmlələri qarşısında aciz qalmışdı. Avantürizmə isə yeni nəfəs verilməli idi.

Nəhayət, 1998-ci ildə L.Ter-Petrosyanın yerini Robert Koçaryan tutdu. O Koçaryan ki, bilavasitə Qarabağ klanının təmsilçisi idi və dünyanı, beynəlxalq hüququ heçə sayacaq qədər heç bir nizam-tərəzi tanımırdı. Yəni, Koçaryanın gəlişi Qarabağ avantürizmi naminə ən həyasız şəxsin “xidmətlərindən” bəhrələnməyə hesablanmışdı. Bu, dünya erməniliyinin və dəstəkçilərinin ortaq planı əsasında reallaşmışdı. Heç şübhəsiz, L.Ter-Petrosyan durumdan xəbərsiz deyildi. O, nəyə görə istefa verdiyini gözəl anlayırdı. Müasir müstəqil Ermənistan Qarabağ ambisiyası üzərində qərarlaşmış dövlət idisə, həmin ambisiyanın davamı birinci prezidentin hakimiyyətdə qalmasından üstün sayılırdı və sayıldı da.

Ancaq R.Koçaryanın prezidentliyinin ilk ili o qədər rəvan keçmədi. Məsələ ondadır ki, həmin vaxt Ermənistanın siyasi quruluşu dövlət başçısını böyük səlahiyyət sahibi kimi tanımırdı. Tanınma 1999-cu ilin parlament terrorundan sonra baş verdi. O terrordan sonra ki, orada Ermənistan parlamentinin spikeri Karen Dəmirçyan və ölkənin baş naziri Vazgen Sarkisyan qətlə yetirildilər. Hər iki şəxs Azərbaycana Qarabağ məsələsində güzəştlərin tərəfdarları qismində tanınırdı.

Ola bilər, L.Ter-Petrosyan istefa vermişdi ki, Dəmirçyan – Sarkisyan tandemi prosesi başa çatdırsın. Yəni, o, barış və güzəşt məsuliyyətini üzərindən atmışdı. Bəlkə də, öldürülməkdən qorxmuşdu. Nəzərə alaq ki, parlament terrorundan sonra Ermənistanda Qarabağ klanının mütləq hakimiyyəti yarandı. Nəticə etibarilə həm birinci prezidentin dövründəki sülh meyilləri, həm də sözügedən tandemin təsiri sayəsində Qarabağ danışıqlarındakı müsbət tendensiya tamamilə sıradan çıxdı. Sonra rəsmi İrəvanın danışıqlar adı ilə aşkar imitasiya dövrü başlandı. Bütün bunlardan da L.Ter-Petrosyan xəbərsiz deyildi. Deməli, hazırda onun partiyasının bəyanatı yalnız həyasızlıqdır.

Bəli, L.Ter-Petrosyanın Erməni milli konqresi bildirir ki, Ermənistan konstitusiyasında ölkə üçün 1991-ci ilin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən başqa heç bir sərhəd nəzərdə tutulmayıb və bu, Konstitusiya məhkəməsinin qərarı ilə bir daha təsdiqlənib. Diqqətə çatdırdıq ki, məhkəmənin qərarı siyasi manipulyasiyadır və səmimiyyət nümayişi deyil. Qərar, eyni zamanda, hazırda İrəvanın təbliğ etdiyi yarımçıq sülh gündəmini rəsmiləşdirməyə hesablanıb.

Sual olunur: Ermənistan konstitusiyasında ölkə üçün 1991-ci ilin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən başqa heç bir sərhəd nəzərdə tutulmamışdısa, o zaman nəyə görə Azərbaycan torpaqları işğala məruz qalmışdı? Bəlkə Ter-Petrosyan bir qədər əvvələ nəzər salsın? O, Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan “Miatsum” deyilən avantüra barədə bilməmiş deyil. Doğrudur, avantüra başlayanda nə İstiqlaliyyət bəyannaməsi var idi, nə də Ermənistanın konstitusiyası. Dövlətin özü də mövcud deyildi. Bu, öz yerində. Ancaq bir məqam nəzərə alınmalıdır – Konstitusiyada birbaşa olaraq ərazi iddiasının təsbiti mümkün olmadığından, bu, özünü əsas qanunun söykəndiyi sözügedən bəyannamə məsələsində göstərdi. Necə deyərlər, keçəl Həsən, Həsən keçəl. Heç bir fərqi yoxdur.

Bəli, uzun müddət Ermənistan Qarabağdakı artıq canını tapşırmış separatçı qurumun hamisi rolunda çıxış etdi. Burada daha bir sual meydana çıxır: Nəyə görə rəsmi İrəvan həmin qondarma rejimin “müstəqilliyini” tanımadı? Səbəb aydındır. Çünki Ermənistan konstitusiyasının rəhbər tutduğu İstiqlaliyyət bəyannaməsi buna imkan vermirdi. Separatçı qurum, sadəcə, işğalı leqallaşdırmaq üçün vasitə idi. Ermənistan və havadarları uzun müddət məhz onu, necə deyərlər, gözə soxmaq istədilər. Çalışdılar ki, Azərbaycan və beynəlxalq ictimaiyyətin nəzərində tərəfə çevrilsin. Bu, baş versəydi və qondarma respublika dünya miqyasında tanınsaydı, onun sonradan Ermənistana birləşdirilməsi su içimi kimi asan olacaqdı. L.Ter-Petrosyan mövcud “ssenaridən” də xəbərsiz deyildi. Elə məhz buna görə sussa yaxşıdır. Çünki Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının səbəbkarlarından biri odur.

***

Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı, – deyiblər. Hazırda Erməni milli konqresinin H.Hacıyevin fikirlərinə münasibətdə ifadə etdiyi mövqe bu deyimi yada salır. Hələ L.Ter-Petrosyanın partiyası utanmaz-utanmaz “Newsweek” jurnalını “Azərbaycanın yalanlarını” yaymaqda günahlandırır. Ən maraqlısı isə budur ki, birinci prezidentin rəhbərlik etdiyi qurum baş nazir Nikol Paşinyanı H.Hacıyevin fikirlərinə cavab verməməkdə qınayır. Görəsən, birinci prezident öz yetirməsi olan Nikolu niyə ittiham edir? Axı Paşinyan iqtidarı mahiyyətcə erməni avantürizmini davamı naminə çalışır, ən ağlasığmaz metodlara əl atır. Yəni, siyasi karyerasının qürub dövrünü yaşayan Levonun canfəşanlığına, susqunluğu pozmasına heç bir ehtiyac yox idi.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət