Gürcüstanda yeni parlament seçkilərinə cəmi bir gün qalır. Amma ölkədə seçki ilə bağlı ciddi narahatlıqlar səngimir. Seçki ərəfəsində ölkəyə qarşı Qərbdən də ciddi təzyiqlər artmaqdadır. Artıq Avropa İttifaqı Gürcüstanın təşkilata qəbul perspektivini artıq bloklayıb. ABŞ tərəfindən dəstəklənən ölkə müxalifəti isə seçkilərin nəticələrinin saxtalaşdırılacağını bəhanə gətirərək ölkədə qarışıqlıq yaratmağa meyillidir. Bəs bu vəziyyətdən Gürcüstan çıxa biləcəkmi?
Bu və digər suallar ətrafında gürcü politoloq, siyasi elmlər doktoru İrakli Qoqava ilə söhbətləşdik.
– Cənab Qoqava, necə hesab edirsiniz, Qərbin Gürcüstana təzyiqləri, doğrudanmı, demokratiya və insan haqlarının pozulması ilə bağlıdır?
– İndi Qərbdə “demokratik” adlandırılan sistem skeptisizm yaradır. Bu, daha doğrusu, “fasad demokratiyasıdır” və Qərbin hakim elitasının maraqlarına xidmət edir. İdeoloji və siyasi təsirə nail olmaq üçün “demokratiya” adlanan nəsnənin təbliği ənənəvi cəmiyyət üçün bir vasitə kimi istifadə olunur. “Fasad demokratiyası” ideoloji təxribat məqsədi ilə yerli sistemlərə “özümüzünküləri” daxil etmək, cəmiyyətə yanlış göstərişlər vermək üçün istifadə olunur. Buna görə çoxlu pul xərclənir, daha çox faydalanan isə beşinci kolon olur.
Beynəlxalq hüquq-müdafiə təşkilatları və jurnalist birlikləri də Gürcüstan kimi ölkələrdə xarici dövlətlərin və qlobal elitaların maraqlarını təmin etmək üçün yalnız bir vasitədir. Ancaq bu cür təşkilatların lüstrasiyası çoxdan baş verib və onlara əhəmiyyət verməmək lazımdır. Biz özümüz də cəmiyyətin uzunmüddətli maraqlarından çıxış edərək, ölkələrimizdə insan hüquqları standartlarına riayət etməli, bəzi xəyali beynəlxalq reytinqlərə xüsusi önəm verməməliyik.
Gürcüstanda qəbul edilən “Xarici təsirlər haqqında”, eləcə də “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunlar Qərbdə süngü ilə qarşılandı. Belə məlum oldu ki, Qərb ölkələri bizim ailə və mədəni dəyərlərimizə öz baxışlarını sırımağa çalışırlar.
Gürcüstanda insanların 80 faizdən çoxu ailə dəyərlərinə, adət-ənənələrə və mədəni koda sadiqdir. Qərb elitası isə ənənəvi dəyərlərə, mədəniyyətə və dinə yer olmayan qlobal dünya qurur. Varlılar qloballaşma və dünyanı bir mərkəzdən idarə etmək ideyasını çoxdan irəli sürürlər.
Dünyadakı geosiyasi vəziyyət şans verən kimi Gürcüstan mübarizəyə başladı. Bu, təkcə qlobal planlara qarşı deyil, həm də suverenlik uğrunda, Qərbdə bizə tətbiq edilən neokolonial modelə qarşı mübarizədir. Hesab edirəm ki, son nəticədə Gürcüstan Qərbi öz suverenliyinə hörmətlə yanaşmağa məcbur edəcək. Xammalımızı, ucuz işçi qüvvəmizi götürdükləri, bizi borc məngənəsinə saldıqları, hətta ideoloji kastrata, ruhsuz biokütləyə çevirmək istədikləri model artıq burada işləməyəcək.
– İndiki vəziyyətdə Gürcüstan hansı inkişaf yolunu seçməlidir?
– Gürcüstan Azərbaycana göz dikməlidir. Böyük Heydər Əliyev görkəmli siyasətçi idi, mən onu şəxsən tanıyırdım və çox hörmət edirdim. Hətta onun avtoqrafı olan bir kitabım da var. Yadımdadır, Heydər Əliyevlə görüşdə ondan kitab imzalamağı xahiş edəndə ayağa qalxdı və cibindən bir neçə qələm çıxarıb imzalamaq üçün qırmızı rəngli qələmi seçdi. Onun belə bir vərdişi məni təəccübləndirdi.
Heydər Əliyev böyük dövlət xadimi, geosiyasət patriarxı idi. O, Prezident İlham Əliyevin bu gün böyük həvəslə həyata keçirdiyi uğurların etibarlı əsasını qoydu. Çətin şəraitdə, Azərbaycan cəmiyyətinin vətəndaş müharibəsi astanasında olduğu, xarici təzyiqlərin artdığı bir vaxtda Heydər Əliyev ölkəni bu gün də davam edən düzgün müstəqil inkişaf yoluna çıxara bildi. Bu gün Azərbaycan güclü suveren dövlətdir və onun rəyi bir çox qüvvələr tərəfindən nəzərə alınır. Tarixi təcrübə göstərdi ki, Azərbaycanın seçimi düzgün olub.
Bu gün Gürcüstanın xarici siyasətini aşınmaya, deqradasiyaya doğru aparmaq istəyirlər. Rusiyaya qarşı geosiyasi mübarizədə bizdən qurban kimi istifadə etməyə çalışırlar. Bu, bizim yolumuz deyil. Gürcüstanı xarici işğaldan yalnız müstəqil siyasət xilas edə bilər.
Tarixdən də məlumdur ki, Böyük İpək yolu dövründə dövlətlərimiz – gürcü çarlığı, Şirvan, İrəvan, Qarabağ, Gəncə və digər xanlıqlar bölgədə mühüm rol oynamışlar. Bu yol hökmdarlara gəlir gətirir, müdafiə qabiliyyətini gücləndirməyə, dövlət aparatını saxlamağa imkan verirdi. XVI-XVII əsrlərdən beynəlxalq ticarət dənizə keçdi və İpək Yolu üzərindəki fəaliyyət zəiflədi. Bu, dövlət qurumlarımızın suverenliyini itirməsinin əsas səbəblərindən birinə çevrildi. İndi isə bunun əksi baş verir – əsas ticarət yolu yenidən qayıdır, o cümlədən, bizim regiona. Bu imkan 500 ildir ki, mövcud deyildi.
Amma əminəm ki, biz öz suverenliyimizi mütləq müdafiə edəcəyik. Biz beynəlxalq əməkdaşlığa tərəfdarıq, lakin suverenliyimizə və həyat tərzimizə hörmətlə yanaşırıq.
– Gürcüstandakı seçkiqabağı mühiti necə qiymətləndirirsiniz? Yəni ölkədə sabitliyi pozmağa yönəlmiş cəhdlər bir nəticə verə bilərmi?
– Gürcüstanda seçkiqabağı vəziyyət sakitdir, ölkədə sabitlik hökm sürür. Seçkilər zamanı nəyinsə baş verdiyini göstərmək məqsədilə informasiya mühiti yaratmağa və müşahidəçiləri buna inandırmağa cəhdlər edilir. Bu isə cəmiyyətdə isterika yaratmaq, insanları çaşdırmaq, seçkilərə qanunsuz təsir göstərmək və seçicilərin iradəsinin formalaşmasına müdaxilə etmək məqsədi daşıyır. ATƏT/DTİHB-in aralıq hesabatının dərc olunmasından sonra müxalifət üçün bu, böyük bir məyusluğa çevrildi. Məqsədli şəkildə informasiya səs-küyü yaradılır. Elə bir informasiya mühiti formalaşdırılır ki, müşahidəçilərdə Gürcüstanda xüsusi bir hadisənin baş verdiyi təəssüratını yaratsın, məsələn, inzibati resurslardan istifadə və ya zorakılıq metodlarına əl atılması kimi.
Amma etiraf etmək lazımdır ki, seçkiqabağı vəziyyətdə ciddi gərginliklər var. Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir. Son proseslərin təhlili və araşdırmalar bunu deməyə əsas verir. Bu gün Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının mərkəzi qərargahında keçirdiyi brifinqdə deyib ki, xaricdən maliyyələşən qüvvələrin əcnəbi donorların köməyi ilə qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqları davam edir. Bəzi analizlər və müşahidələr bunu sübut edir. Bu, 2020-ci ildəki dövlət çevrilişi cəhdinin təkrarı olacaq. Belə cəhdlər oktyabrın 27-də gözlənilir.
Dünən hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyası Tbilisidə seçkiöncəsi izdihamlı aksiya keçirdi. Tbilisinin mərkəzindəki Rustaveli prospektində açıq havada baş tutan tədbirdə yüz mindən çox insan iştirak etdi.
Aksiyada partiyanın üzvləri və tərəfdaşı olan paytaxt sakinləri ilə yanaşı, regionlardan, eləcə də azərbaycanlı vətəndaşlarımızın yaşadıqları bölgələrdən gəlmiş insanlar iştirak etdilər, ölkənin milli maraqlarını fədakarlıqla müdafiə etmək əzmində olan hakim partiyaya dəstək verəcəklərini göstərdilər.
“Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili qərbli tərəfdaşların Gürcüstanın demokratiyadan geri çəkilməsi barədə bəyanatlarını şərh edərək bildirdi ki, bu gün Qərbin və xüsusən də Qlobal Müharibə Partiyasının Gürcüstana qarşı şantajı heç bir nəticə verməyib. Onların yalan və obyektivlikdən uzaq bəyanatları xalqda onlara qarşı qıcıq yaradıb. Vəziyyət artıq onların əleyhinə dəyişib.
İvanişvili vurğuladı ki, bizdə əsl demokratiya var. O, iqtidar partiyasının parlament seçkilərində uğur qazanacağına əminliyini ifadə etdi. Amma onu da bəyan etdi ki, bu seçkilərdən sonra ölkəni çətin günlər gözləyir. Çünki Qərbdən olan tərəfdaşlar “ikinci cəbhə” açmaq üçün yenidən Gürcüstanı müharibəyə sürükləməyə çalışacaqlar.
Söhbəti qələmə aldı:
Paşa ƏMİRCANOV
XQ