İrəvanda yeni isterika dalğasıXəzər

post-img

Ermənistan parlamenti dünən keçirilən iclasında “Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın fəaliyyətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” qanun layihəsini qəbul edib.

Sənədin lehinə 67 deputat səs verib. Bitərəf qalan və əleyhinə səs verən olmayıb. Başqa sözlə desək, parlament müxalifəti layihə üzrə səsverməni boykot edib. Ali qanunverici orqanda təmsil olunan müxalifətçi “Hayastan” və “Şərəfim var” fraksiyaları sənədin gələcəkdə dövlət əleyhinə güzəştlərə haqq qazandırmaq məqsədi daşıdığını bildirərək, müzakirə və səsvermədə iştirak etməyiblər.

Parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan müxalifətin hərəkətlərini məsuliyyətdən yayınmaq cəhdi adlandırıb. “Müxalifət hər dəfə səs vermək, hətta, əleyhinə səs vermək əvəzinə, məsuliyyətli qərarlar qəbul etməkdən yayınmağa üstünlük verir” – deyə komissiya sədri bildirib.

Ermənistan baş nazirinin müavini, dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın həmsədri Mher Qriqoryan parlamentdə sənədi təqdim edərkən bildirib ki, gələcəkdə iki ölkə arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə imzalanacaq.

Onu da qeyd edək ki, sentyabrın 26-da Ermənistan konstitusiya məhkəməsi SSRİ-nin dağılması zamanı, yəni 1991-ci ildə istifadədə olan xəritələrə istinad edərək, komissiyaların fəaliyyətinə dair əsasnamənin təsdiq edilməsi haqqında qanun layihəsinin əsas qanuna uyğunluğunu tanıyıb. Oktyabrın 21-də parlamentin xarici əlaqələr üzrə daimi komissiyası sənədi təsdiq edərək deputatların müzakirəsinə göndərib.

Bu istiqamətdə bir aya yaxındır davam edən müzakirələr Azərbaycanla bağlı hər bir məsələyə, necə deyərlər, ağına-bozuna baxmadan etiraz etməyi adət halına gətirmiş Ermənistan cəmiyyətinin radikal-revanşist kəsimi arasında yeni ciddi etiraz dalğasının baş qaldırmasına səbəb olub. Məsələn, müxalifətdə olan “Respublika” partiyasının yaydığı bəyanatda bildirilib ki, Ermənistandakı hakim rejim sərhəd təhlükəsizliyi komissiyalarının əsasnaməsini təsdiq etməklə Azərbaycanın göstərişi ilə həyata keçirilən (?), Ermənistanın ərazi bütövlüyünü pozan və növbəti ciddi ərazi güzəştləri riskini ehtiva edən (?) prosesi ört-basdır etməyə tələsir.

Qeyd edilib ki, 2020-ci ilin iyununda anti-konstitusion dəyişikliklər yolu ilə formalaşan konstitusiya məhkəməsinin çoxluğu bu il sentyabrın 26-da əsasnamədə nəzərdə tutulmuş öhdəliklərin əsas qanuna uyğun olması barədə qərar qəbul edib. “Paşinyan rejimi konstitusiya məhkəməsinin bu biabırçı qərarından, şübhəsiz ki, öz gələcək təslimolma siyasətini “legitimləşdirmək” üçün istifadə edəcək. Aydındır ki, Azərbaycan SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri sonrakı demarkasiya üçün əsas kimi götürməkdən imtina etmək üçün zəmin hazırlayır. Vurğulamaq lazımdır ki, Alma-Ata Bəyannaməsi heç bir halda sərhədin demarkasiyası üçün əsas ola bilməz, çünki orada Ermənistan və Azərbaycan arasında mövcud sərhədlərin tanınması ilə bağlı heç nə yoxdur. Əgər Ermənistan hökumətinin məqsədi SSRİ-nin süqutu zamanı mövcud olan sərhədi demarkasiya üçün əsas kimi qəbul etməkdirsə, bunun üçün yeganə hüquqi əsas “Ermənistan SSR və Azərbaycan SSR-in ayrı-ayrı torpaq istifadəçiləri arasında sərhədlərin bərpa olunması haqqında” 1988-ci il 12 yanvar tarixli protokoldur” – deyə bəyanatda bildirilib.

“Hayakve” təşəbbüsünün həmtəsisçisi Avetik Çalabyan isə “Facebook” səhifəsində yazıb ki, baş nazirin müavini Mher Qriqoryan Ermənistan ərazilərinin Azərbaycana verilməsinə (?) və bu il Tavuşdan qoşunların birtərəfli qaydada çıxarılmasına gülünc arqumentlə haqq qazandırmağa çalışıb: “Cənab Qriqoryan deyib ki, bu işin əsasını SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il xəritəsi təşkil edir və onlar yalnız mövcud sərhədi bərpa edirlər, Ermənistanla Azərbaycan arasında yeni sərhəd çəkmirlər”. Daha sonra baş nazirin müavininə bir neçə sual ünvanlayan Çalabyan M.Qriqoryanın dövlət məmuru kimi öz səlahiyyət həddini aşdığını, heç bir qanuni əsas olmadan Ermənistan ərazisini Azərbaycana verdiyini (?) iddia edib. Bildirib ki, “Hayakve” təşəbbüsü Qriqoryana qarşı cinayət işinin açılmasında, onun məhkəməyə gəlməsində və orada bu suallara cavab verməsində israrlıdır.

Bu istiqamətdə XQ-yə açıqlama verən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov bildirdi ki, Ermənistan parlamentinin komissiyaların fəaliyyətinə dair əsasnamənin təsdiq edilməsi haqqında qanun layihəsini təsdiqləməsi, əslində, Ermənistanın dövlət maraqlarına uyğundur. Onun sözlərinə görə, məsələyə etiraz edən müxalifət partiyaları bu və ya digər şəkildə revanşist ambisiyalarını ortaya qoyurlar. Ermənistanın hazırkı hakimiyyəti çox yaxşı bilir ki, delimitasiya və demarkasiya rəsmi İrəvan üçün həyati vacib prosesdir: “Onlar bu gün əllərində olan tarixi torpaqlarımızı, yəni Qərbi Azərbaycanı saxlamaq üçün bu varianta əl atırlar. Əslində, Ermənistan rəsmiləri bir neçə dəfə eyham da vurublar ki, əsas məqsəd 29,7 min kvadratkilometrlik ərazini qoruyub saxlamaqdan ibarət olmalıdır”.

Etirazlara gəldikdə isə Z.Məmmədov qeyd etdi ki, bu etirazlar kütləvi deyil. Parlamentdəki 2-3 siyasi partiya tərəfindən qanunverici orqanda və ondan kənarda etirazçı çıxışlar edilir: “Amma real olaraq cəmiyyətin də bu məsələlərə münasibətinə baxsaq, o zaman deməliyik ki, münasibət həm də sosioloji sorğular vasitəsilə ölçülür. Son sosioloji sorğular göstərir ki, Ermənistanda müxalifəti təmsil edən siyasi partiyalara əhalinin rəğbətinin dərəcəsi üst-üstə götürdükdə heç 10 faizi belə keçmir. Belə olan təqdirdə Paşinyan iqtidarı çox yaxşı başa düşür ki, onlara alternativ yoxdur. Buna görə də həm daxili, həm də xarici siyasətlə bağlı istədikləri qanun layihələrini qəbul etdirə bilirlər. Amma burada bizi maraqlandıran, ölkəmiz üçün vacib məqam ondan ibarətdir ki, hazırda Rusiya və Ukrayna arasında davam edən müharibə, ABŞ-dəki prezident seçkiləri, yəni həm Cənubi Qafqaz ətrafında, həm də ümumilikdə, regionda baş verən proseslərin mürəkkəbliyi və hərənin, belə deyək, başının öz işinə qarışması Bakı və İrəvan arasındakı danışıqları, sülh müqaviləsinin imzalanması prosesini sürətləndirə bilərdi”.

Müsahibimiz təəssüflə bildirdi ki, Nikol Paşinyan bu boşluqdan istifadə etmədi və referendum keçirmədi. Halbuki, Paşinyan iyun ayında demişdi ki, Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistanda referendum keçirilməlidir. İndi Ermənistanda referendum keçirmək və xalqın bu və ya digər məsələlərə dair öz mövqeyini bildirməsi üçün ən münbit an idi. Əgər bu dövrdə referendum keçirilsəydi, o zaman Bakı və İrəvan arasında danışıqlarda yeni nəticələri də görə bilərdik. Odur ki, delimitasiya-demarkasiya məsələsi Ermənistan nöqteyi-nəzərindən maraqlı məsələ olsa da, rəsmi Bakı Azərbaycanın vacib və prinsipial əhəmiyyətli məsələlərilə bağlı bir neçə dəfə uğurlar qazansa da, əsas məsələ məhz sülh müqaviləsini imzalanması və Ermənistanın konstitusiyasında, habelə digər qanunvericilik aktlarında ölkəmizə ərazi iddialarından əl çəkməsidir. Buna isə Paşinyan getmədi. Nəticə də hər kəsin gözləri önündədir. Bu, belə deməyə əsas verir ki, Nikol yenə də şəxsi ambisiyalarını hər şeydən üstün tutur.

Z.Məmmədovun fikrincə, Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində qalib gəldikdən sonra arxayınlaşaraq 2027-ci ildə, guya, konstitusiyaya dəyişiklik və digər məsələləri həll etmək istəyəcək. Proses bu və ya digər şəkildə uzanır. Biz görürük ki, delimitasiya və demarkasiya prosesi də bir müddətdir staqnasiya (müəyyən sahələrdə, maliyyə bazarlarında və ya ümumilikdə iqtisadiyyatda durğunluq vəziyyəti–S.H.) vəziyyətində qalıb. Eyni zamanda, Zəngəzur dəhlizinin, digər nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərlə bağlı məsələ də indiyədək aydınlaşmayıb. Bütün bu məsələlərin kökündə isə Azərbaycana qarşı ərazi iddialarının hüquqi sənədlərdən çıxarılmaması dayanır.

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, siyasi icmalçı İlqar Vəlizadə isə dedi ki, Ermənistan parlamentindəki diskussiyalar, ondan öncə bu məsələ ilə bağlı müzakirələr cəmiyyətdə delimitasiya və demarkasiya ilə bağlı birmənalı fikir formalaşmadığını göstərir. Yenə də revanşist qruplar, Qarabağ klanının tör-töküntüləri prosesi ləngitməyə çalışırlar: “Aydındır ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin tərkib hissəsi olan komissiyaların əsasnaməsinin təsdiqi onlar üçün vasitəyə çevrilib. Onlar bu vasitədən istifadə edərək, Paşinyan iqtidarına təzyiq göstərmək, onu satqınlıqda ittiham etmək istəyirlər. İstəyirlər ki, son nəticədə bu ittihamlar, çağırışlar əsnasında özlərinin müxalif gündəliklərini tərtib və gərəkli olduqlarını cəmiyyətə sübut etsinlər. Məqsəd təxminən bundan ibarətdir. Onlar qismən də olsa, bu məqsədə çatmaq üzrədirlər. Çünki Ermənistan cəmiyyətində hələ də revanşist fikirlər hökm sürür. Bu şəxslər, siyasi dairələr revanşist fikirləri istismar edərək hələ də gündəmdə qalmağa müvəffəq olurlar və müəyyən destruktiv narrativləri yürüdə bilirlər”.

İ.Vəlizadənin sözlərinə görə, digər tərəfdən buna rəvac verən Paşinyan özü, hakimiyyət dairələridir. Çünki onlar bir tərəfdən sülhdən danışır, digər tərəfdən sülhlə bağlı real addımlar atmırlar. Delimitasiya və demarkasiya üzrə komissiyanın əsasnaməsinin təsdiq olunmasına dair qanun layihəsinin qəbul olunması heç də o demək deyil ki, Ermənistan sülhə can atır. Bu, sadəcə, məcburiyyətdən irəli gələn məsələdir. Ermənistan tərəfi delimitasiya və demarkasiya olunmuş dövlət sərhədinin legitimliyini təsdiq etmək, yəni öz addımlarını legitimləşdirmək üçün bunu edir. Sülhə can atdığı üçün etmir. Çünki sülhə can atsaydılar kompleks şəkildə fəaliyyət göstərərdilər. Yəni, militarizasiyadan əl çəkərdilər, sülh müqaviləsi ilə bağlı Azərbaycanın şərtlərinə əməl edərdilər. Biz isə bunu görmürük. Onlar yalnız epizodik halda müəyyən güzəştlərə gedirlər. Əslində, bunu güzəşt də adlandırmaq olmaz. Sadəcə, reallıqları qəbul edərək bu addımları atırlar: “Amma, ümumiyyətlə, onlar öz cəmiyyətlərinə kifayət qədər aydın izah etmirlər ki, sülh gündəliyi üzərində işləmək təkcə delimitasiya və demarkasiya üzrə əsasnaməni təsdiq etməkdən ibarət deyil. Bu, digər məsələləri əhatə edir ki, rəsmi İrəvan hazırda onları yerinə yetirməyə tələsmir”.

Politoloq hesab edir ki, revanşistlər də bundan istifadə edir, öz tələblərini irəli sürür və iqtidarın siyasətinə müəyyən dərəcədə müqavimət göstərirlər. Doğrudur, parlamentdə hakim partiyanın deputatlarının çoxluğu müxalifətin təşəbbüslərinin baş tutmasına imkan yaratmır. Amma bütün hallarda bu diskussiyalar özlüyündə çox narahatedicidir. Daha doğrusu, bu, əslində, bizi deyil, daha çox Ermənistan cəmiyyətini narahat etməlidir. Çünki bu müzakirələr revanşist qüvvələrin sayının və sıralarının çox olduğunu göstərir. Onlar müəyyən dərəcədə öz səslərini ucaltmağa, cəmiyyətin bəzi hissəsinin rəğbətini qazanmağa nail olurlar.

Səxavət HƏMİD
XQ





Siyasət