Qarabağın bərpasına 9 ayda 3 milyard manat xərclənib

post-img

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar–sentyabr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 137,6 milyon manat vəsait yönəldib. Bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulan 4 milyard 855,8 milyon manat vəsaitin 64,6  faizi deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu ilin sonuna qədər  xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edib. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Keçmiş məcburi köçkünlərin məskunlaşdırılması istiqamətində geniş miqyaslı layihələrin gerçəkləşdirilməsi nəticəsində  8 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura, dogma yurd yerlərinə qovuşub.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə həyata keçirilib, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələr sırasında 70 kilometr uzunluğunda 45 tunel və 450 körpünün çətin relyef şəraitində inşası nəzərdə tutulub. Dəmir yolları, 2 beynəlxalq hava limanı istifadəyə verilib. Enerji potensialının gücləndirilməsi diqqətdə saxlanılıb və 3 il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilib. 

İqtisadiyyat