Bu il 1,3 milyard manat büdcə borcu qaytarılıb

post-img

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin 9 ayında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 125,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1 milyard 295,5 milyon manatın ödənilməsi təmin edilib.

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3 milyard 51 milyon 600 min manat (2024-cü ildə nəzərdə tutulandan 302 milyon 700 min manat az) təşkil edəcək. Qeyd edək ki, Milli Məclisə göndərilən 2025-ci ilin dövlət büdcəsinə dair qanun layihəsində 2025-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat (2024-cü ildə nəzərdə tutulandan 300 milyon manat çox), xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 3 milyard 500 milyon manat (1 milyard 800 milyon manat çox) nəzərdə tutulur. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 2 milyard manat (900 milyon manat çox) məbləğində müəyyənləşdirilib.   

Onu da deyək ki, bu ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 686,1 milyon manat və ya 2024-cü il üzrə 121 milyard 342,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 21,2 faizini təşkil edib. Maliyyə Nazirliyinin “2024-cü ilin I yarımili üzrə dövlət borcuna dair statistik bülleten”inə əsasən, ümumi dövlət borcunun 9 milyard 114,2 milyon manatı (5 milyard 361,3 milyon dollar) və ya 35,5 faizi, xarici dövlət borcunun 16 milyard 571,9 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşüb.

Xarici dövlət zəmanətli borcun 4 milyard 329,7 milyon dollarını və ya 76,7 faizini (7 milyard 361milyon manatı) “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanəti təşkil edir. Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 62,6 faiz, avro – 19,4 faiz, manat – 12,4 faiz, yapon yeni – 3,6 faiz, digər valyutalar – 2 faiz. Dövlət zəmanətli borcun 63,4 faizi 5 ilə qədər, 24,3 faizi 5 ildən 10 ilə qədər, 12,3 faizi isə 10 ildən yuxarı olan müddətlərdə kreditorlara qaytarılmalıdır.

Bu  kreditlərin 29,8 faizi müxtəlif investorların, 5,4 faizi Dünya Bankının, 9,4 faizi Asiya İnkişaf Bankının, 1,2 faizi İslam İnkişaf Bankının, 5,7 faizi Avropa Yenidənqurma və İnkişaf Bankının, 3,6 faizi Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, 8 faizi Asiya İnfrastruktur İnvestisiya Bankının, 15,9 faizi daxili kreditorların, 21 faizi isə digər kreditorların payına düşüb.

Bu ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 99,9 milyon dollar və ya 17 faiz azalıb. Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024-cü ilin ilk 6 ayı ərzində xarici dövlət borcu üzrə vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobond) üzrə 900  milyon dollar məbləğində ödənişlərin həyata keçirilməsi olub. 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.

Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir.

Xarici dövlət borcunun azalmasını dövlət başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, kompleks tədbirlər nəticəsində yaranan, eyni zamanda, getdikcə möhkəmlənən makroiqtisadi və maliyyə sabitliyi şərtləndirib. Bu fikri konkret rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, 2024-cü ilin yanvar–sentyabr aylarında ölkədə 92829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili (ÜDM) məhsul istehsal olunub. İqtisadiyyatın neft–qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri neft–qaz sektorunda isə 7,1 faiz artıb.  

ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət, 7 faizi nəqliyyat, 6,4 faizi kənd təsərrüfatı, 6,3 faizi tikinti, 23,4 faizi digər sahələrinin payına düşüb,   məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM  isə 9102,9 manata bərabər olub.  

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün qarşıya bir sıra mühüm vəzifələr qoyulub. Həmin məqsədlər sırasında yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmasına xüsusi yer verilib. 

Bundan başqa, adıçəkilən sənəddə şaxələnmiş iqtisadiyyatın dayanıqlılığı üçün qeyri-neft sektorunun payının, eləcə də dövlətin valyuta ehtiyatlarının artırılması, intizamlı borclanmanın təşkil edilməsi kimi mühüm əhəmiyyətli istiqamətlər vurğulanıb. Milli Prioritetlərdə bütün bunların reallaşdırılması üçün xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması məqsədilə Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması, məcmu borcun makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinin gerçəkləşdirilməsi zəruriliyi bildirilib.

Milli Prioritetlərdə olduğu kimi, digər sənədlərdə də bildirilir ki, daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi–dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.

Bütün bunlar nəzərə alınaraq ölkədə son illərdə istər daxili, istərsə də xarici borcun qarşılanması üçün makroiqtisadi sabitliyin qorunması, qiymətlərin aşağı və sabit  olması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu sahədə idarəetmənin institusional çərçivəsi təkmilləşdirilib və  maliyyə bazarlarının səmərəli fəaliyyəti təmin edilib. Belə bir şəraitdə isə iqtisadi proqnozlar özünü doğruldub, ən başlıcası isə əhalinin yığımları dəyərsizləşmədən xilas olunub və investisiya arımı  reallaşıb.         

Hazırda da daxili və xarici borcların qarşılanmasına prioritet istiqamət kimi yanaşılır. Məsələn, kapital və sığorta bazarının inkişafının sürətləndirilməsi, milli bank sektorunun dayanıqlığının təmin olunması, ona olan etimadın daha da  yüksəlməsi, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılması və sahibkarlıq fəaliyyətinin inkişafının diqqətdə saxlanılması kimi layihələrə xüsusi önəm verilir.   

Ölkədə daxili və xarici borcların qarşılanmasından bəhs edərkən, bir məsələni də xatırlatmaq istərdik. Belə ki, son illər respublikamızın  daxili  və xarici dövlət borcunun idarə edilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb. 

Bu sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin  4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz  bu məqsəddən irəli gəlib. Həmin strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qərara alınıb.   

Yeri gəlmişkən, 2022–2025-ci illər üzrə yenilənən strategiyada ortamüddətli dövr ərzində dövlət büdcəsi qarşısında makroiqtisadi sabitliyə xələl gətirilməməsi, büdcənin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, habelə  tədiyə balansının tarazlığının pozulmasının qarşısının alınması, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyinin qorunması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi kimi bir sıra çağırışlar meydana gəlib.  

Onu da qeyd edim ki, yenilənən strategiya çərçivəsində xarici dövlət borcunun ÜDM-də payının 2025-ci ilin sonuna 15 faizdən aşağı səviyyədə saxlanılması, növbəti dövrdə (2025–2030) isə 10 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.  

İqtisadiyyat