Konfrans günlərində paytaxt yolları açıq olacaq

post-img

COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu COP29 müddətində şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulmasının nəzərdə tutulmadığını bildirib.  

Onun sözlərinə görə, noyabrın 11–12–13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə müəyyən tənzimləmələr planlaşdırılır: “Ölkəyə səfər edəcək dövlət və hökumət başçılarının gəlişi ilə əlaqədar hava limanından şəhərə, şəhərdən stadion istiqamətində müxtəlif tənzimlənmələrin aparılması nəzərdə tutulur. Bu tənzimləmələr aparılarkən çətinliklər və sıxlıqlar yarana bilər deyə, şəhərin nəqliyyat tənzimlənməsi planını yaratmışıq. Belə ki, dövlət və hökumət başçılarını daşıyan kortejlərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə etsin deyə, müəyyən alternativlər müəyyən olunub. Bu istiqamətlər hava limanından şəhərə, əksi və ya şəhərin digər istiqamətidir. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

O.Mahmudlu bildirib ki, həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.

***

COP29-un baş icraçı direktoru Elnur Soltanov isə bildirib ki, konfrans müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur.  

E.Soltanov qeyd edib ki,  bu barədə məlumat dezinformasiyadır. Baş icraçı direktor ictimaiyyəti bu kimi dezinformasiyalara inanmamağa və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyə çağırıb. 



Ekologiya