Azərbaycanın “Azərmaş” şirkəti və Özbəkistan hökuməti arasında “Cobalt” avtomobillərinin CKD (Complete Knock Down) texnologiyası ilə yığılmasının təşkili ilə bağlı layihə üzərində iş gedir. Layihə çərçivəsində il ərzində 15 min avtomobilin istehsalı nəzərdə tutulur. İstehsal prosesinə isə 2025-ci ildə başlanması planlaşdırılır. Özbəkistanla əməkdaşlıq çərçivəsində Hacıqabul Sənaye Parkında “Tracker” və “Onix” modellərinin istehsalı da davam etdirilir.
Əlavə edək ki, bu il avqustun 22-də Daşkənddə keçirilmiş Özbəkistan–Azərbaycan biznes-forumunun gedişində 2 milyard ABŞ dolları dəyərində layihələr portfeli təsdiqlənib. Bundan bir gün sonra isə Prezident İlham Əliyevin Daşkəndə səfəri çərçivəsində dövlət başçılarının iştirakı ilə iki ölkənin işgüzar adamları arasında keçirilmiş görüşün yekunlarına əsasən, ümumi dəyəri 520 milyon dollar olan 7 layihə hazırlanıb.
Xatırladaq ki, Özbəkistanda il ərzində 500 mindən çox avtomobil istehsal olunur. Ölkənin iri istehsalçıları arasında “UzAuto Motors”, “MAN Auto Uzbekistan”, “SamAuto”, “ADM Jizzakh” kimi şirkətlər var. Eyni zamanda, burada “BYD” markalı elektrikli avtomobillərin istehsalı da həyata keçirilir. Azərbaycanın Gəncə və Naxçıvan şəhərlərində isə “Azərmaş” və “AzSamand” kommersiya və yük avtomobilləri istehsal edən iri maşınqayırma müəssisələri fəaliyyət göstərir.