Trans-Xəzər fiber-optik rabitə xətti sürətlə çəkilir

post-img

330 kilometrlik kanal 50,6 milyon dollara başa gələcək

Gələn il Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsinin başa çatdırılacağı nəzərdə tutulub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin xalqa müraciətində bu barədə ətraflı bəhs edilib. Müraciətdə beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınlarına qoşulacaq rəqəmsal infrastrukturun yaradılmasının Qazaxıstanın inkişafı üçün mühüm önəm daşıdığı vurğulanıb. 

Qazaxıstan Prezidentinin müraciətin­də, eyni zamanda telekommunikasiya şə­bəkələrinin, məlumat mərkəzlərinin fəal inkişafının davam etdirilməsinin, qlobal kibertəhlükəsizlik standartlarının tətbiqi­nin, mütəxəssislərin səriştəsinin artırılma­sının zəruriliyi də diqqətə çatdırılıb. 

Trans-Xəzər fiber-optik rabitə xət­ti layihəsi sentyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən inklüzivlik və transformasiya üzrə Asiya-Sakit Oke­an nazirlər konfransı zamanı da diqqət mərkəzində olub. Bu ölkənin Baş naziri Oljas Bektenov hazırda Trans-Rəqəmsal İpək Yolunun inkişafı çərçivəsində qon­şu ölkələrlə birgə Xəzər dənizinin dibi ilə Körfəz ölkələrinə çıxışı olan fiber-optik kommunikasiya xətlərinin çəkilməsi la­yihəsinin həyata keçirildiyini xatırladaraq deyib ki, inteqrasiya yeni texnologiyaların inkişafı, “Big Tech” şirkətlərinin cəlb edil­məsi üçün məlumatların toplanması, sax­lanması və emalı üçün müasir infrastruktur formalaşdırmağa, həmçinin Qazaxıstanın IT həllərinin dünya bazarına çıxarılmasını təmin etməyə imkan verəcək. 

Bu prosesdə “Astana Hub” beynəlxalq texnoloji parkının əsas rolu oynadığını vurğulayan hökumət başçısı onun plat­formasında 1400 rezident, o cümlədən 400 xarici şirkət üçün əlverişli investisiya mühiti yaradıldığını diqqətə çatdırıb. Baş nazir, həmçinin ölkəsinin rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilmə­sinə və bu istiqamətdə təcrübə mübadilə­sinə hazır olduğunu vurğulayıb. 

Xatırladaq ki, Transxəzər fiber-optik kabel xətti layihəsi 2018-ci ildə Azərbayca­nı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən irəli sürü­lüb. Ölkəmizin regional rəqəmsal mərkə­zinə çevrilməsi məqsədilə “Azerbaijan Digital Hub” proqramı çərçivəsində həyata keçirilən layihə Azərbaycan–Qazaxıstan və Azərbaycan–Türkmənistan marşrutla­rından ibarətdir. Transxəzər fiber-optik ka­bel xətti layihəsi Azərbaycan və Orta Asi­ya ölkələri arasında məlumatların Xəzər dənizinin dibi ilə daha yüksək səviyyədə ötürülməsini təmin etmək məqsədi daşıyır. Eyni zamanda, layihənin reallaşması iri həcmli məlumatların ötürülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa və Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmağa imkan yara­dacaq.

2019-cu il martin 19-da layihənin ilk hissəsi olan Azərbaycan–Qazaxıstan marş­rutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağ­lı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş imzalanıb. Həmin il noyabrın 19-da isə Qazaxıstanın Aktau şəhərində iki ölkə ara­sında Xəzər dənizinin dibi ilə Transxəzər fiber optik kabel xəttinin çəkilişi üzrə Qa­zaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim keçirilib. 

2023-cü ildə telekommunikasiya ope­ratorları olan “AzerTelecom” və “Kazax­telecom” arasında Azərbaycan–Qazaxıs­tan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik rabitə xəttinin tikintisi və istismarı üzrə birgə müəssisə­nin yaradılması haqqında sazişin imza­lanması ilə işlər xeyli sürətlənib. Sualtı xəttin əsas marşrutu Qazaxıstanın Aktau limanından Azərbaycanın Siyəzən şəhə­rinə qədər uzanacaq və onun uzunluğu 400 kilometrə yaxın olacaq. Bununla yanaşı, Qazaxıstanın Kurık limanından Bakının yaxınlığındakı Buzovna kəndinə uzunlu­ğu, təxminən, 330 kilometr olan ehtiyat kanal çəkiləcək. 

Kabel xəttinin məlumat ötürmə gücü ən azı 4-6 terabit\s təşkil edəcək. Layihə Azərbaycan tərəfdən AzerTelecom, Qa­zaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya opera­torları tərəfindən icra ediləcək. Kabel xətti Avropa qitəsindən internet və kontentin Azərbaycan vasitəsilə Qazaxıstana, daha sonra isə Çinə daşınmasına imkan verəcək. Qazaxıstan və Azərbaycanın rabitə opera­torlarının investisiyaları isə, təqribən, 50,6 milyon ABŞ dolları təşkil edəcək.

Trans-Xəzər fiber-optik rabitə xətti la­yihəsinin Azərbaycan–Türkmənistan mar­şrutunun çəkilməsi ilə bağlı hüquqi sənəd – dövlətlərarası saziş isə 2019-cu il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkməntel 2019” 12-ci beynəlxalq telekom və IT sənaye­si sərgisi çərçivəsində imzalanıb. Sazişə əsasən, Xəzər dənizinin dibi ilə kabel xətti­nin çəkilişi Azərbaycan tərəfdən magistral internet provayderi AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin te­lekommunikasiya operatoru Türkmentele­kom tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək. Kabel xətti Avropa in­ternet mərkəzlərindən internet trafikinin Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pa­kistan və Hindistana ötürülməsinə imkan verəcək, Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbay­canı mərkəzi ölkəyə çevirəcək.

Transxəzər fiber-optik kabel xətti Azər­baycan vasitəsilə Avropa ilə Asiya arsında rəqəmsal telekommunikasiya dəhlizinin, başqa sözlə, tarixi İpək yolu üzərində ar­tıq yeni rəqəmsal ipək yolunun formalaş­masına və Asiya ölkələrinin Azərbaycan vasitəsilə data trafiki və kontenti əldə et­məsinə imkan verəcək. Layihənin reallaş­ması Azərbaycanı Asiya və Avropa arasın­da regional rəqəmsal mərkəzə çevirəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Rəqəmsal İpək yolu” layihəsinin önəmi­ni qeyd edərək fiber-optik infrastrukturun yaradılmasını ölkələrimiz arasında əmək­daşlığın yeni sahəsi kimi yüksək dəyərlən­dirib və Azərbaycanın bu təşəbbüsü xüsusi diqqət mərkəzində saxladığını bildirib. 

Sözügedən layihəyə beynəlxalq maraq da olduqca yüksəkdir. Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək regio­nonal əhəmiyyətli strateji əhəmiyyətli bu layihə ABŞ-də keçirilmiş “Qlobal srateji infrastruktur liderlik forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihə­sindən biri seçilib. Bununla yanaşı, “2022–2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə kimi göstərilib.

İqtisadiyyat