Son 10 ildə ticarət dövriyyəsi 2 dəfə artaraq 17 milyard dollara çatıb
Azərbaycanla İtaliya arasında iqtisadi münasibətlər bu gün yüksək səviyyədə inkişafı ilə diqqət çəkir. Dost ölkələrin iqtisadi əlaqələri yalnız enerji deyil, digər sektorları da əhatə edir. Bunu İtaliya şirkətlərinin Azərbaycanın enerji, infrastruktur və nəqliyyat sahələrinə geniş həcmdə sərmayə yatırması da aydın göstərir.
İtaliya–Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi Romada bu barədə jurnalistlərə məlumat verərək Azərbaycanın özəl sektor nümayəndələrinin iştirakı ilə son illərdə çox faydalı və səmərəli görüşlər keçirildiyini, ölkəmizə investisiya qoyuluşunun diqqət mərkəzində saxlanıldığını bildirib. M.Traldi daha sonra vurğulayıb: “Azərbaycanı İtaliyada tanıtmağa çalışır, investisiya cəlb etməyə kömək məqsədilə bütün elementlərdən istifadə edirik. Biz ümidlərimizi Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə bağlayaraq, hələ 2012-ci ildə İtaliya–Azərbaycan Ticarət Palatasını yaratdıq. Şəxsən əmin idim ki, TAP nə vaxtsa reallaşacaq və ölkələrimiz daha da yaxınlaşacaq”.
Ticarət Palatasının prezidenti Azərbaycanın investisiya şirkətləri, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq edildiyini, perspektivlərin isə çox böyük olduğunu, Azərbaycanda biznes və istehsal mühitinə ən qabaqcıl İtaliya texnologiyalarını gətirəcək birgə müəssisələrin yaradılacağını, eləcə də bunun iqtisadiyyatın daha da inkişafına və şaxələndirilməsinə töhfə verəcəyini də vurğulayıb. M.Traldi, həmçinin birgə müəssisələr yaradılarkən sənaye sektoruna, o cümlədən, neft-kimyaya, eləcə də Azərbaycanın metallurgiya istehsalına və kənd təsərrüfatına üstünlük veriləcəyini bildirib.
“Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafına dəstək verəcək bir neçə layihəmiz var. Bundan əlavə, biz səhiyyə, sənaye, eyni zamanda İtaliyanın innovasiyaya malik olduğu digər sahələrdə, məsələn, dəri emalı, ayaqqabı istehsalı və toxuculuq kimi sektorlardan yeni layihələr hazırlayırıq”, – deyə o bildirib.
Ticarət Palatası prezidentinin sözlərinə görə, ötən illər ərzində Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi dəyişib. Belə ki, 2013-cü ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 8 milyard dollar təşkil edirdisə, 2017-ci ildə bu göstərici 17 milyard dollara çatıb. Bu, əsasən, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükü hesabına baş verib.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycana dəstək verən dost ölkələrin işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaqlarını dəfələrlə bildirib. Elə buna görə də ilk müqavilələr qardaş Türkiyə ilə yanaşı, İtaliya şirkətləri ilə imzalanıb.
Artıq İtaliya şirkətləri tərəfindən işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri səmərəliliyi və keyfiyyətinə görə diqqət çəkir. Respublikamızın üç şəhərində İşğal və Zəfər muzeylərinin inşa olunması, Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası, elektrik enerjisi sektorunda layihələrin uğurla reallaşdırılması da bunun bariz ifadəsidir.
Onu da deyək ki, Vətən müharibəsindən bir müddət sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə Türkiyədən sonra başqa bir nüfuzlu dövlət – İtaliya şirkətləri də qoşulub.
“Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzalanan müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan dörd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirib.
Zəngin bərpaolunan enerji ehtiyatlarına malik ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə görülən işlərdə də İtaliya şirkətləri fərqlənirlər. “Azərbaycan İnvestisiya Şirkəti” ASC və bu ölkənin “Technip Energies Italy S.p.A” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanması da bunun bariz ifadəsidir. Əməkdaşlıq çərçivəsində “Tullantıların monetizasiyası” layihəsi ilə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınması nəzərdə tutulub.
İtaliya şirkətləri ötən illər ərzində ölkəmizin qeyri-neft sənayesinin inkişafına da mühüm töhfələr verib. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri sırasında yer alan dost ölkənin “Az-Tex-Import” şirkəti qabaqcıl texnologiyalarının tətbiqi ilə tezliklə “IVECO” markalı yük avtomobillərinin istehsalı müəssisəsində avadanlıqların quraşdırılmasına başlayacaq. İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı zavodun məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.
“Az-Tex-Import” 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Layihə üzrə indiyədək görülən işlərə 6 milyon manatdan çox sərmayə qoyulub. İnvestisiya dəyəri 19,2 milyon manat olan müəssisədə 90 nəfərin daimi işlə təmin ediləcəyi planlaşdırılıb.
Qeyd edək ki, “Az-Tex-Import” MMC “IVECO” brendinin Azərbaycanda rəsmi təmsilçisidir və iki il bundan öncə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq və parkda bu brendlə 18 tona qədər yükgötürmə qabiliyyəti olan avtomobillərin istehsalı qərarını verib.
Ötən illər arasında Azərbaycanın əsas ticarət tərəfdaşları arasında İtaliya xüsusi yer tutub. Belə ki, keçən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 15 milyard 685 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul göndərilib. İtaliyadan isə respublikamıza 477 milyon 903 min dollar dəyərində məhsul idxal edilib.
Ölkələrimiz arasında qarşılıqlı ticarət əməliyyatları 2024-cü ilin əvvəlindən də davam etdirilib. Belə ki, cari ilin yanvar–may aylarında Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 4 milyard 409 milyon 619 min ABŞ dolları təşkil edib ki, bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 23,91 faizi həcmində olub. Hesabat dövründə Azərbaycan İtaliyaya 4 milyard 228 milyon 930 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə Azərbaycanın ümumi məhsul ixracının 37,97 faizi deməkdir. Eyni zamanda, yanvar–may aylarında ölkəmiz İtaliyadan 180 milyon 689 min ABŞ dolları həcmində müxtəlif məhsullar idxal edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,3 faiz çoxdur.
İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2023-cü ildə İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) təşkil edib.
2024-cü ilin yanvar–iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.