Bu il TAP vasitəsilə 6,5 milyard kubmetrdən çox qaz nəql edilib

post-img

Bu ilin əvvəlindən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 6,53 milyard kubmetrdən çox qaz nəql edilib.

Bu barədə ölkə mediasına məlumat verən TAP AG-nin icraçı direktoru Luka Skiepatti bildirib ki, cari ilin əvvəlindən 6,53 milyard kubmetrdən çox, o cümlədən Bolqarıstana 0,46 milyard kubmetr, Yuna­nıstana 0,60 milyard kubmetr və İtaliyaya 5,42 milyard kubmetrdən çox qaz nəql edi­lib. 

L.Skiepattinin sözlərinə görə, boru kəməri fəaliyyətə başlayandan indiyə­dək 37,53 milyard kubmetrdən çox qaz nəql olunub. Onun 2,29 milyard kubmetri Bolqarıstana, 3,63 milyard kubmetri Yuna­nıstana, 31,33 milyard kubmetri İtaliyaya tədarük edilib.

İcraçı direktor daha sonra bildirib ki, TAP 2022-ci il fevralın ortalarından baş­layaraq tam gücü ilə işləyir. Əhəmiyyətli qısamüddətli sifarişlər isə uzunmüddətli öhdəlikləri tamamlayır.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tə­darükü ildə, təqribən, 20 milyard kubmetrə çatmalıdır. 

Qeyd edək ki, 2011-ci ildə Avropa Ko­missiyası və Azərbaycan tərəfindən Xəzər dənizindən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalanıb. Bu Birgə Bə­yanat TANAP və TAP-la bağlı hökumət­lərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Pre­zidenti İlham Əliyevlə qardaş Türkiyənin dövlət başçısı Rəcəp Tayyip Ərdoğan TA­NAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də isə CQD-nin təməli qoyulub. 

Bu mərasimdən bir müddət sonra–2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində TANAP-ın, 2016-cı il mayın 17-də isə Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 

2018-ci il mayın 29-da Bakıda CQD-nin, 2018-ci il iyunun 12-də isə Əskişəhər­də bu dəhlizin mühüm hissəsi olan TANAP qaz boru kəmərinin açılışı olub. Həmin il iyunun 30-da ilk kommersiya qazının TA­NAP boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. Nəhayət, Azərbaycan təbii qazı­nın 2020-ci il dekabrın 31-də TAP vasitə­silə Avropa bazarına tədarükünə başlanılıb.

Bütün bu qeyd edilənlər deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təh­lükəsizliyinin təmin olunmasında yalnız təbii qaz ixrac etməklə deyil, həm də tran­zit ölkə kimi iştirak edir. Bunun üçün Azər­baycan böyük infrastruktura malik dövlət­dir. CQD Bakı–Tbilisi–Ceyhan, TANAP, TAP kimi nəhəng enerji infrastrukturları əhatə edir. Bu gün Azərbaycan məhz bu kəmərlər vasitəsi ilə Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya və digər Şərqi Av­ropa ölkələrinə təbii qaz ixrac edir.

İqtisadiyyat