İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın ən mühüm siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya, həm də ikitərəfli və çoxtərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşıdır.
İki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyaya səfəri çərçivəsində əməkdaşlığın müxtəlif sahələri ilə bağlı müzakirələr aparılıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşündə bildirilib ki, Azərbaycan və İtaliya çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Görüşdə ölkəmizin Şərqlə Qərbi birləşdirən mühüm ticarət marşrutu olan Orta Dəhlizin inkişafında rolu qeyd edilib, sahibkarlar üçün yaradılmış cəlbedici investisiya imkanları barədə məlumat verilib. Görüş zamanı, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində çalışan İtaliya şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyəti vurğulanıb, işgüzar dairələr arasında tərəfdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə isə energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Görüşdə Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələ kimi dəyərləndirilib. Bununla yanaşı, qeyd olunub ki, Azərbaycan “yaşıl enerji”nin tədarükü, “yaşıl” hidrogen istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Görüşdə Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan layihənin “yaşıl” keçidin dəstəklənməsində önəmi vurğulanıb. Nazirlər, həmçinin COP29-un prioritetləri, qlobal miqyasda faydaları və potensial tərəfdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri Françesko Lollobrigida ilə də görüşüb. Diqqətə çatdırılıb ki, İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrinə cəlb olunması möhkəm iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Xüsusilə, kənd təsərrüfatı, aqrar maşınqayırma, irriqasiya sahələrində İtaliyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və bu istiqamətdə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Görüşdə dayanıqlı iqtisadi artım, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təminatı üzrə hədəflər müzakirə olunub. Tərəflər bu istiqamətdə tərəfdaşlığı inkişaf etdirmək və mövcud potensialı reallığa çevirmək niyyətini ifadə ediblər.
Xatırladaq ki, artıq uzun illərdir ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı rolunu oynayır. Ölkəmizin istər ticarət dövriyyəsində, istərsə də ixrac əməliyyatlarında İtaliya öz birinciliyini qorumaqdadır. Elə 2023-cü ildə də Azərbaycanın əsas ticarət tərəfdaşı məhz İtaliya olub. Belə ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 15 milyard 685 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, il ərzində Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul ixrac olunub. Yeri gəlmişkən, ötən il Azərbaycandan İtaliyaya 40 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları göndərilib. İl ərzində İtaliyadan isə ölkəmizə 477 milyon 903 min dollar dəyərində məhsul idxal edilib.
Ölkələrimiz arasında qarşılıqlı ticarət əməliyyatları 2024-cü ilin əvvəlindən də davam etdirilib. Belə ki, cari ilin yanvar-may aylarında Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 4 milyard 409 milyon 619 min ABŞ dolları təşkil edib ki, bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 23,91 faizi həcmində olub. Hesabat dövründə Azərbaycan İtaliyaya 4 milyard 228 milyon 930 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə Azərbaycanın ümumi məhsul ixracının 37,97 faizi deməkdir. Eyni zamanda, yanvar-may aylarında ölkəmiz İtaliyadan 180 milyon 689 min ABŞ dolları həcmində müxtəlif məhsullar idxal edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,3 faiz çoxdur.
İtaliya, həm də Azərbaycanın Avropa məkanında ən böyük enerji tərəfdaşıdır. Məlum olduğu kimi, uzun illərdir ki, ölkəmizin neft ixrac etdiyi ölkələrin siyahısında birincilik məhz İtaliyaya məxsusdur. Bu tendensiya cari ilin ilk yarısında da davam edib. Belə ki, hesabat dövründə Azərbaycan 20 ölkəyə, ümumilikdə, 7 milyard dollar dəyərində 11,1 milyon ton neft ixrac edib ki, bu siyahıda İtaliya yenə birinci olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında bu ölkəyə 2,7 milyard dollar dəyərində 4,3 milyon ton “qara qızıl” göndərilib.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istismara verilməsi ilə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Hazırda İtaliya Avropa məkanında Azərbaycan qazını idxal edən lider ölkədir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan bu ölkənin qazla təchizatında ilk üçlükdə qərarlaşıb ki, bu da enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edən mühüm məqam kimi diqqət çəkir. Müqayisə üçün qeyd edək ki, indiyə kimi Avropaya tədarük edilmiş 37,9 milyard kubmetr qazın 30 milyard kubmetrdən çoxu məhz İtaliyanın payına düşür. Cari ilin yanvar-may aylarında Azərbaycandan bu ölkəyə 4 milyard 129,5 milyon kubmetr “mavi yanacaq” ixrac olunub. Ümumilikdə isə, bu il Azərbaycandan İtaliyaya 9,6 milyard kubmetr qaz tədarükü proqnozlaşdırılır.
Mirbağır YAQUBZADƏ
XQ