Naxçıvanın xarici ticarət əlaqələri artıb

post-img

Ölkəmizdə özəl təşəbbüslərə əsaslanan iqtisadi artımın təmin edilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi Naxçıvan Muxtar Respublikasında da rəqabətqabiliyyətli sahibkarlıq mühitinin yaradılmasına şərait yaradıb. Özəl sektorda yeni yanaşmaların tətbiqi, xüsusi ilə yerli xammal potensialından istifadə edilməklə ixracyönümlü məhsul istehsalına nail olunması əsas istiqamət kimi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ında öz əksini tapıb. Artıq bu istiqamətdə müxtəlif tədbirlərin icrasına başlanılıb. Xüsusilə də ixrac coğrafiyasının şaxələndirilməsi, ixracyönümlü potensial sənaye sahələri üzrə layihələrin hazırlanması davam etdirilir. 

Naxçıvan Muxtar Respub­likası İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk 6 ayı ərzində özəl sektorun inkişafı və sahibkarlıq fəaliyyə­tinin genişləndirilməsi istiqamə­tində sistemli tədbirlər davam et­dirilib, sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib. Həmçinin müva­fiq qurumlar tərəfindən verilmiş 1447 icazə reyestrdə qeydiyyata alınıb və bundan 55,9 min ma­nat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisə­də icazələr 8,4 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolma­lar isə 2 dəfə artıb.

Hazırda muxtar respubli­kada sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərindən biri ix­racyönümlü məhsul istehsalı üzərində qurulub. Digər tərəf­dən, Naxçıvan Muxtar Respub­likasında istehsal edilən çox sayda məhsul ixrac baxımından perspektivli hesab olunur. Buna görə də istehsalla yanaşı, məhsul ixracının marketinqi də diqqət mərkəzində saxlanılır. Nazir­liyin məlumatına görə, bu ilin ilk yarısında Naxçıvan şirkətlə­rinin xarici ölkələrdə 7-si sərgi olmaqla 8 beynəlxalq tədbirdə iştirakı təmin edilib. Bununla bərabər, iqtisadi fəallığın artı­rılması, ixracyönlü məhsulların istehsalının dəstəklənməsi, in­vestisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə Ankarada Türkiyə Respublika­sının Ticarət Nazirliyində, Kənd Təsərrüfatı və Meşəçilik Nazirli­yində yüksək səviyyəli görüşlər keçirilib. Paralel olaraq Türkiyə Respublikasının Ticarət Na­zirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdi­yi nümayəndə heyətinin bu ilin may ayında muxtar respublika­ya səfəri çərçivəsində qarşılıqlı görüşlər keçirilib, xarici ticarət dövriyyəsinin artırılması və sər­hədyanı ticarətin yarada biləcəyi imkanlar müzakirə olunub. Hə­yata keçirilən bu kimi tədbirlər xarici ticarət dövriyyəsinin də inkişafına təsir göstərib. Belə ki, bu ilin yanvar-iyun ayların­da muxtar respublikanın xarici ticarət dövriyyəsi 65,9 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 7,6 faizi ixrac olunmuş məhsulların, 92,4 faizi isə idxal məhsullarının payına düşüb. Muxtar respublikada is­tehsal olunan məhsullar əsasən Türkiyə, İran, Gürcüstan, Ru­siya, Yəmən, Qırğızıstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac olunub. İx­racyönümlü məhsullar içərisin­də mineral sular, vafli və tütün məmulatları, elektrik enerjisi, mebel, tikinti materialları və tra­vertin daş məhsulları üstünlük təşkil edib.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

İqtisadiyyat