№ 346 Bakı şəhəri, 17 iyul 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli və “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında” 2020-ci il 10 yanvar tarixli 3 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 888-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2185 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1133 (Cild I); 2024, № 4, maddə 440) ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”na aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
“4. Bu Siyahının 1-ci hissəsi, 2.9.2-2.9.4-cü yarımbəndləri və 2.10-cu bəndi “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanı ilə müəyyən edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsi hallarına şamil edilmir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 61 (Cild I); 2024, № 3, maddə 299) ilə təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin “Qeydlər”ində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 6-cı hissəyə “tikinti obyektlərinə” sözlərindən sonra “(“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:
“11. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-2-ci maddəsinə uyğun olaraq tikinti obyektlərinin (çoxmənzilli binalar istisna olmaqla) istismarına icazə verilməsi ilə bağlı sənədlərin kameral şəraitdə təhlili və bununla əlaqədar məlumatların uçotunun təşkili üçün Cədvəlin 5-ci hissəsi ilə müəyyən edilən xidmətlərə görə haqqın məbləği həcmində xidmət haqqı tətbiq edilir.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri