“Xankəndi” sualtı tikinti gəmisi modernləşdirilir

post-img

Bu məqsədlə 300 milyon dollarlıq müqavilə imzalanıb

BP şirkəti Xəzər dənizində apar­dığı əməliyyatlara dəstək üçün “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə bağlandığını elan edib. Dəyəri 300 milyon dollardan artıq olan bu müqavilə “Saipem Contracting Netherlands B.V.”, elə­cə də onun tərəfdaşları olan “BOS Shelf LLC” və “BOS Shelf Interna­tional FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb. 

2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində verilmiş müqavilə BP-nin və tərəfdaşlarının Xəzər­də öz dəniz əməliyyatlarının təhlükəsizli­yini və səmərəliliyini daha da artırmaq üçün düşünülmüş vahid gəmi strategiya­sının məqsədlərinə uyğundur.

Şirkətdən verilən məlumata görə, il­kin olaraq 3 il müddətinə (əlavə 2 ilədək uzadılma imkanı ilə) imzalanmış müqa­vilənin iş həcminə “Xankəndi” gəmisinin ümumi operatorluğu və gəmiyə texniki xidmət, sualtı tikinti-quraşdırma fəaliy­yətləri, sualtı müayinə, texniki xidmət, təmir işləri, BP-nin idarə etdiyi bütün obyektlər, sualtı boru kəmərləri və ha­silat sistemi infrastrukturlarında ilk ca­vab tədbiri imkanının təmin olunması, habelə yataqların istismar müddətində tələb olunan xidmətlər üçün dəniz baza­sı dəstəyi daxildir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda layihələr üzrə vit­se-prezidenti Kahal Kelli deyib: “İki ildən artıq davam edən bu mürəkkəb tender prosesini uğurla başa çatdırmağımız­dan çox məmnunuq. Bu müqavilə BP və tərəfdaşlarının məhz vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülüb. Bu o deməkdir ki, bundan sonra “Xankəndi” dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir, texniki xid­mət işlərimiz və fövqəladə hallara cavab tədbirlərimiz üçün əsas gəmi kimi istifadə olunacaq. Bu da əməliyyatlarımızı daha təhlükəsiz və səmərəli edəcək”. 

Qeyd edək ki, “Xəzər dənizinin yeni flaqman gəmisi sayılan “Xankəndi” 2017-ci ilin sentyabr ayında istismara verilib. Son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisinin la­yihələndirilməsinə və tikintisinə 378 mil­yon dollar xərclənib. Gəmi “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sisteminin quraşdırıl­ması üçün nəzərdə tutulub. Bu mürəkkəb və əsl çoxfunksiyalı gəmi SOCAR, Azər­baycan İnvestisiya Şirkəti (AİŞ) və Kep­pel O&M şirkətinin yaratdığı birgə müəs­sisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.

Uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi 2 min kvadratmetr olan “Xankəndi” gəmisinin ümumi çəkisi 17 min 600 ton, suya oturumu isə 6,5 metr olmaqla daşıma gücü 5 min metrik ton təşkil edir. Gəmidə 6 ədəd 4,4 meqa­vat və 2 ədəd 3,2 meqavat gücündə generatoru olan 2 mühərrik bölməsi var. Bu nəhəng su nəqliyyatı 3,5 metr hün­dürlüyündə dalğalarda fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 met­rik tonluq əsas kran, 2 ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, eyni sayda mə­safədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib. 

“Xankəndi” gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işlə­ri həyata keçirə bilər. Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla “Xankən­di” gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. Gəminin iş­çilərinin əksəriyyəti isə yerli mütəxəssis­lərdir.

İqtisadiyyat