Orta Dəhliz – Bakı-Pekin əməkdaşlığının ana yolu

post-img

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub. Sənəddə dost ölkənin respublikamızla Orta Dəhliz üzrə əməkdaşlığı da xüsusi vurğulanıb. Həmin maddə də qeyd edilib: “Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əks istiqamətdə Cənub Dəhlizinin yük qatarları üçün fasiləsiz fəaliyyətini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsinə əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyi və sabitliyini birgə gerçəkləşdirməyə hazır olduğunu bildirir”. Bu sözlər həm də Qərblə Çinin “Orta Dəhiz” layihəsində bir mövqedən çıxış etməsi deməkdir.

Dost ölkənin irəli sürdüyü “Kəmər və yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələr­dən biri Azərbaycan olub və respublikamız Çinlə nəqliyyat–logistikaya dair qlobal la­yihələr müstəvisində sıx əməkdaşlıq qurub. Azərbaycan bu istiqamətdə ciddi praktiki tədbirlər həyata keçirib və “Kəmər və yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhli­zin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Qeyd edək ki, dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər də­nizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil adıçəkilən dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir. Yaxud Şərq-Qərb və Şimal-Cənub nəqliy­yat dəhlizləri kimi regional kommunikasiya layihələrində respublikamızın rolu getdikcə artır.

Azərbaycan Qərblə Şərq yolunun üzə­rində yerləşdiyindən dünyanın ən böyük iqtisadiyyata malik olan tərəfləri – Çinlə Avropa arasında əlaqənin qurulması kimi vacib layihədə başlıca rollardan birini oy­nayır. Respublikamız bu istiqamətdə qlobal və regional miqyasda mövcud vəziyyətlə (Qırmızı və Qara dənizlərdə, Süveyş kana­lında mövcud böhranlı şərait) əlaqədar Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər də­nizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılır.

Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Xatırladaq ki, bu dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə, həmçinin Avropa ölkələrinə qədər uzanır. 

2023-cü ildə Orta Dəhlizlə 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçə­cəyi gözlənilir. Bu ilin sonuna qədər isə Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. 

Onu da deyək ki, Bakı-Tbilisi-Qars də­mir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndə­rilən yüklərin Türkiyə vasitəsilə Qərbi Avro­pa ölkələrinə çatdırılması isə, ümumilikdə, cəmi 18 günə baş verir. 

Artıq bu aydan başlayaraq Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündə bir dəfə konteyner blok qatarı göndərilir. “Azər­baycan Dəmir Yolları” QSC-nin məlumatına görə, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıs­tan və Xəzər dənizindən keçməklə, təqribən, 8-12 günə Bakıya çatacağı gözlənilir.

Siandan daşımalar bu il yanvarın 1-dən başlanılıb. Orta Dəhlizin potensialının ge­nişləndirilməsi istiqamətində aparılan da­vamlı və səmərəli fəaliyyət nəticəsində iyu­lun 1-dən isə bu daşımalar gündəlik həyata keçirilir.

Çinin yük avtomobilləri də Orta Dəhliz vasitəsilə Çin-Avropa marşrutu üzrə yük daşımalarına başlayıb. 26 yük avtomobilin­dən ibarət konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanından gəmi-bərəyə yüklənərək, Bakıya yola salınıb. Çindən yük qatarı ilə gələn 110 konteyner eyni vaxtda Aktau li­manında bərəyə yüklənib. Bununla əlaqədar keçirilən mərasimə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bu ölkədə səfər­də olan Çin Xalq Respublikasının Sədri Si Cinpin videobağlantı ilə qoşulublar.

Çindən Orta Dəhliz üzərindən qatarla yük daşınması bir neçə ildir həyata keçirilir. Çinə məxsus yük avtomobilləri isə ilk dəfə rəsmi olaraq Transxəzər beynəlxalq nəqliy­yat dəhlizindən istifadə etməyə başlayıb. Yüklər Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə çatdırılacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən ŞƏT sammi­tində deyib: “Trans-Avrasiya dəhlizləri ara­sında gələcək sinerji qurmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində strateji dəniz limanları və logistika mərkəz­lərinin tərəfdaşlıq şəbəkəsinin yaradılması istiqamətində tədbirlər görülməlidir.

Çinin “Bir kəmər, bir yol” meqalayihəsi ilə Orta Dəhliz, Şimal-Cənub, Mərkəzi Asi­ya-Cənubi Asiya vektorları daxil olmaqla trans-Avrasiya dəhlizləri arasında gələcək sinerjiyə böyük əhəmiyyət veririk”. 

Kasım-Jomart Tokayevin sözlərinə görə, nəqliyyat sahəsində əlaqələrin güclən­dirilməsi ŞƏT-in prioritet sahələrindən biri­dir. Bu platforma çərçivəsində əməkdaşlığın üçüncü sahəsi səmərəli dəhlizlər və etibar­lı təchizat zəncirləri yaratmaqla nəqliyyat əlaqələrinin gücləndirilməsidir.

Yeri gəlmişkən, Dünya Bankının (DB) hesabatında bu maliyyə qurumu Orta Dəh­lizin səmərəliliyini artırmaq üçün Azərbay­can, Qazaxıstan və Gürcüstana bütün nəq­liyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi imkanının təminini tövsiyə edib. Hesabatda bunun üçün həm dəmir yolu, həm də Xəzər dənizi ilə daşımaları reallaşdıran vahid elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsi zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, logistik qovşaqların yaradılması hesabına yüklərin konsolidasiyası, dəmir yolu nəqliyyatına keçidə yardım göstər­mək və Şərqlə Qərb arasında yük axınları­nın balansını yaxşılaşdırmağın əhəmiyyəti vurğulanıb. Bundan başqa, yekun nəqliyyat tariflərinin şəffaflığı və bu məsələdə proq­nozlaşdırmaya üstünlük verilməsi də önə çəkilib. 

DB Azərbaycan və Qazaxıstana də­niz limanında yüklərin daşınma müddətini azaltmağı, Bakı-Aktau və əks istiqamətdə marşrutlar üzrə konteynerlərin həcmlərini artırmağı, konteynerlər üçün yük və liman tariflərini aşağı salmağı da tövsiyə edir. Adıçəkilən hesabata əsasən, Azərbaycan yüklərin gəmilərdən sahilə daşınmasının səmərəliliyini artırmalı, Qazaxıstan isə li­manların bağlanması parametrlərini nəzər­dən keçirməli və bütün bazar iştirakçıları üçün ayrı-seçkilik olmadan liman xidmətlə­rinə çıxışı gerçəkləşdirməlidir. Beynəlxalq maliyyə qurumu, həmçinin Gürcüstanın liman-dəmir yolu və avtomobil daşımaları­nın səmərəliliyinin artırılacağı, naviqasiya kanalının vəziyyətinin yaxşılaşdırılacağı və konteynerlər üçün liman tariflərinin azaldı­lacağı təqdirdə Orta Dəhlizin səmərəliliyi­nin yüksələcəyi əminliyini də vurğulayır. 

Məhəmməd ƏLİYEV, 
Azərbaycan Dövlət İqtisad Universiteti biznes və logistika kafedrasının müdiri, dosent

Orta Dəhliz Çin–Qazaxıstan sərhədin­dən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “va­hid pəncərə” prinsipinin tətbiqinə başlanı­lıb. 

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutan sadələşdirilmiş gömrük dəhlizinin yaradıl­ması haqqında sazişin ratifikasiyası isə bu ilin may ayında başa çatdırılıb. Bu sazişlə Orta Dəhliz boyunca xarici ticarət fəaliy­yətinin sadələşdirilməsi nəzərdə tutulub. 

Sadələşdirilmiş gömrük dəhlizinin aşağıdakı üstünlükləri var: ticarət opera­torlarına buraxılış məntəqələrində prioritet xidmət göstəriləcək və bu, gözləmə vaxt­larını azaldacaq; gömrük rəsmiləşdirilməsi prosedurları ayrı-ayrı hərəkət zolaqların­dan istifadə edilməklə optimallaşdırılacaq və bu, rəsmiləşdirmə müddətlərini daha da azaldacaq; gömrük yoxlanılması yalnız gömrük qanunvericiliyinin pozulması ris­kinin müəyyənləşdirildiyi hallarda aparıla­caq və bu, dayanma müddətini və xərcləri azaltmağa imkan verəcək.

Sadələşdirilmiş gömrük dəhlizi haqqında saziş konkret sənaye sahələrini və gömrük rəsmiləşdirilməsi üçün malların seçimini məhdudlaşdırmır. Bu, o deməkdir ki, ticarət operatorları bütün növ mallar üçün sadələşdirilmiş prosedurlardan istifa­də edə bilərlər.

Azərbaycan hazırda Orta Dəhliz la­yihəsinin inkişafına institusional dəstək göstərməyi də diqqətdə saxlayır. Çün­ki Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sahədə fiziki infrastruktur yetərli deyil. Azərbaycan, Qazaxıstan və Gürcüs­tan arasında birgə müəssisənin yaradılması da məhz bununla bağlıdır. 

Hazırda Azərbaycan nəqliyyat marşru­tunun rəqəmsallaşdırılması üzərində fəal işləyir. Artıq Dövlət Gömrük Komitəsində yüklərin emalının daha az vaxt aparması, yüklər üzərində tam şəffaflıq və nəzarətin yaradılması məqsədilə süni intellekt siste­mi tətbiq edilir. 

Onu da xatırladaq ki, 2023-cü ildə Orta Dəhliz çərçivəsində yükdaşımaların həc­mi, təqribən, 90 faiz artaraq 2 milyon tonu keçib. Yeri gəlmişkən, 2022-ci ildə marşrut üzrə yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb. Mövcud marşrutlara ciddi alternativ kimi dəyərləndirilən dəhli­zin ümumi ötürücülük qabiliyyəti isə il ər­zində 5,8 milyon ton yükə hesablanıb. 

Qazaxıstanın strateji hədəfi isə 2030-cu ilə qədər Orta Dəhlizin ötürücülük qa­biliyyətini 10 milyon tona çatdırmaqdır. Bunu reallaşdırmaq üçün adıçəkilən ölkə 2027-ci ilə qədər “dar keçidləri” aradan qaldırmaq və Orta Dəhlizi inkişaf etdirmək üçün Azərbaycan, Gürcüstan və Türkiyə ilə “yol xəritələri” imzalayıb.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat