Xəbər verildiyi kimi, iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in sədri statusu daşıyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə tədbirdə iştirak edib. Bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Xatırladaq ki, bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.
Yeri gəlmişkən, Azərbaycanın belə mötəbər təşkilatın sammitinə ikinci dəfə dəvət olunması isə, heç şübhəsiz, ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Ümumilikdə, Qazaxıstan paytaxtının “Müstəqillik” Sarayında keçirilən “ŞƏT plyus” formatlı görüşə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar.
Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “ŞƏT plyus” formatında görüşdə iştirak edən dövlət və hökumət başçılarını salamlayaraq Azərbaycanın ŞƏT-ə üzv ölkələrlə yüksək səviyyəli əlaqələrinə toxunub. Cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayan Qazaxıstan Prezidenti konfransda iqlim gündəliyi ilə bağlı ümumi həmrəyliyin nümayiş etdiriləcəyini əminliyini bildirib, dövlətimizin başçısına qlobal tədbirin keçirilməsində uğurlar arzulayıb.
Zirvə görüşü çərçivəsində keçirilən “ŞƏT plyus” toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvətə görə Qazaxıstanın dövlət başçısına təşəkkürünü bildirib. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin ŞƏT-in Zirvə toplantısına ikinci dəfə dəvət aldığını xatırladıb. Dövlətimizin başçısı bu amili Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev, həmçinin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətin Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb.
Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini xatırladan Prezident İlham Əliyev respublikamızın bu mötəbər iqlim toplantısı çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcəyini, eləcə də inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağını bildirib. Qeyd olunub ki, Azərbaycanın prioritetləri sırasında, həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Bu baxımdan Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
“Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”, – deyə Prezident İlham Əliyev əlavə edib.
Xatırladaq ki, həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda qurumun 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. 2022-ci ilin sentyabrında isə Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun da Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə ölkəmiz ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Yeri gəlmişkən, Şanxay Əməkdaşlıq Təşkilatının 9 əsas üzvündən ikisi ölkəmizin əsas ticari tərəfdaşlarıdır. Bunlardan da biri Çin Xalq Respublikasıdır. Astana Zirvə toplantısı isə ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı olduğu Çin Xalq Respublikası ilə iqtisadi əməkdaşlığında yeni səhifə açıb. Məlum olduğu kimi, Qazaxıstan paytaxtında keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Sənəddə Azərbaycan Respublikası və Çin Xalq Respublikasının diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə səmərəli nəticələr verdiyi yekdilliklə vurğulanır.
Bütövlükdə isə, ölkəmizin dörd ən böyük ticarət tərəfdaşından biri olan Çinlə iqtisadi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. 2023-cü ildə Azərbaycanla Çin arasında 3,1 milyard dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilib. Bu ilin əvvəlindən isə bu sahədə yüksək artım müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin on ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2,6 milyard dollara yaxın idisə, cari ilin birinci rübündə açıqlanan statistikaya əsasən, bu məbləğ 3 milyarda dolları ötüb.
İqtisadçı ekspert Eldəniz Əmirov Çinin Azərbaycanın idxal ölkəsinə çevrilməkdə olduğu qənaətindədir. Onun sözlərinə görə, ölkəmizin mövcud nəqliyyat-kommunikasiya və enerji dəhlizləri bu dövriyyənin artırılmasına imkan verir. Eyni zamanda, ikitərəfli iqtisadi münasibətlər, strateji razılaşmalar bu istiqamətdə fəaliyyəti dəstəkləyərək daha da artırır. Ekspert hesab edir ki, Şanxay Əməkdaşlıq Təşkilatında ölkəmizin mövqeyinin güclənməsi Azərbaycan–Çin münasibətlərini daha da möhkəmləndirəcək.
Bu baxımdan Birgə Bəyannamə iki ölkə arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini də özündə ehtiva edir. Bəyannaməyə əsasən, tərəflər ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildiriblər. Xüsusi olaraq vurğulanıb ki, tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan–Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, “yaşıl enerji”, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar.
Bir məqamı da qeyd edək ki, son zamanlar Çin şirkətlərinin Azərbaycana olan marağında artım tendensiyası müşahidə edilir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə ölkəmizdə 300-dən çox Çin şirkəti qeydiyyata alınıb. Həmin şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Ümumilikdə isə, indiyədək Çindən Azərbaycana 930,8 milyon dollar, Azərbaycandan isə Çinə 263,3 milyon dollar həcmində investisiya qoyulub.
Azərbaycan və Çinin güclü iqtisadi tamamlayıcılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malik olduğu vurğulanan Birgə Bəyannamə bu baxımdan da müstəsna əhəmiyyət daşıyır. Sənəddə bildirilir ki, tərəflər Azərbaycan və Çin arasında sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən tam istifadə edəcək, baxış, planlaşdırma və siyasət sahəsində əlaqələri artıracaq, Azərbaycan və Çin şirkətlərinin fəaliyyətini dəstəkləyəcək, enerji, o cümlədən neft və qaz hasilatı və emalı, “yaşıl enerji” və nəqliyyat infrastrukturu, informasiya və telekommunikasiya, rəqəmsal iqtisadiyyat, əlvan metallar, tikinti materialları və s. kimi prioritet sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edəcək, bazar iqtisadiyyatı prinsipi əsasında iki ölkə arasında əməkdaşlığı reallaşdıracaq və hər iki ölkə və onların xalqları üçün faydalı nəticələr əldə edəcəklər.
Ümumilikdə, tərəflər arasında strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslandığını özündə ehtiva edən Birgə Bəyannamə xarici amillərdən asılı olmayaraq iki ölkənin bir-birini etibarlı tərəfdaşa çevirməyi nəzərdə tutur.
Mirbağır YAQUBZADƏ
XQ