Zəngəzur: qədim tarixdən soraq verən zəngin irs

post-img

Batabat yaylağında qurulmuş “Zəngəzur” çadırı nələr söylədi?

Bu ilin 21 – 23 iyununda Naxçıvanda Azərbaycan Respublikası Prezidenti Səlahiyyətli Nümayəndiliyinin, Naxçıvan Dövlət Universitetinin, Təhsil Nazirliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən II “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də bu qədim türk yurdu ilə bağlı tarixi həqiqəti – siyasi və mədəni ismarıcları 11 tarixi mahalın zəngin milli-mənəvi irsi və bu gün də yaşadılan adət-ənənələri timsalında çatdırdı. Bu irimiqyaslı elmi-kütləvi aksiyanın əks-sədası geniş və təsirli olduğu kimi, önəmi də davamlıdır.

Qərbi Azərbaycanın beşaddımlığında yerləşən cənnətmisal Batabat yaylağın­dan festival formatında start götürən bu möhtəşəm təntənə 37 ildən bəri əlimiz yetməyən 11 mahalımızın şərəfinə qurul­muş rəmzi çadırlarda və onların ətrafında canlandırılan etno-mədəni irsin təqdimatı ədalətsiz bir deportasiyanı bütün həqiqət­ləri ilə dünyaya yenidən nişan verdi. Ak­siya bir daha göstərdi ki, zaman-zaman əzəli torpaqlarından qovulmuş və kütləvi soyqırımlarına məruz qalmış bir diyarın indiki nəsilləri öz yurdlarına qayıtmaq üçün səfərbər vəziyyətdədir. Nəhayət, dünya bu gerçəyi görməli, zəruri qayı­dışın ləyaqətlə gerçəkləşməsini dəstək­ləməlidir. 

Bu il ikinci dəfə keçirilən festi­val-konqresin təqdimat strukturunda mədəni dəyərlərin tam şəkildə yerləşdi­rilərək təqdimatı, sözün əslində, elə tam Azərbaycan xalqının milli dəyərlərindən qaynaqlanan haqq səsinin ifadəsinə xidmət edirdi. Niyə məhz milli dəyərlər? Ona görə ki, milli adət-ənənəsi, dəyər­ləri olan xalq qədimdir, köklüdür, onun tarixi uludur! Bu baxımdan milli dəyərlə­rin müstəsna bir sevgi ilə, bir o qədər də diqqətli, qədim etnik köklər üstündə boy göstərən təqdimatları xalq diplomatiya­sının müstəqil dövlətimizin Qərbi Azər­baycanla bağlı siyasətinə çox vacib və önəmli dəstək qazandırdı. Konqres-festi­valın təşkili hazırlıqlar dönəmindən baş­layaraq son günə qədər böyük əks-səda yaradılmasını nəzərdə tutmuşdu və belə də oldu. 

Konqres-festivalın təşkilində və təq­dimatında muxtar respublikanın müvafiq idarə və təşkilatları ilə yanaşı, ölkənin di­gər bölgələrinin yaxından iştirakı, köməyi onun ikiqat uğurlu keçməsini təmin etdi. Belə ki, hər bir rayona, eləcə də müva­fiq idarə və təşkilata Qərbi Azərbaycanın bir tarixi mahalının adını daşıyan 11 eh­tişamlı çadırın qurulması həvalə olun­muşdu. Hər bir çadırın da bəzənməsi, uyğun şəkildə təqdim edilməsi özəllikləri ilə diqqətçəkən olmalı və zəngin təəssü­rat yaratmalı idi. 

“Zəngəzur” çadırının hamisi Ordu­bad rayonu idi. Zəngəzur mahalının mil­li-mənəvi aləmini təcəssüm etdirən bu rəmzi çadırın ərsəyə gəlməsinə əvvəl­dən məsuliyyət və həvəslə yanaşan Or­dubad Rayon İcra Hakimiyyətinin diqqət, qayğısı ilə ərazidən müvafiq şəxslər hazırlıq işlərinə cəlb edildi. Azərbaycan­lılardan ibarət bir komanda isə Batabat yaylağında çadırın təşkilində çox fəal işti­rak etdi. Xatırladaq ki, konqres-festivalın ən önəmli yönlərindən biri də bu ərəfədə əslən Zəngəzur və Dərələyəzdən olan gənclərin toy mərasiminin təşkili oldu. 

“Zəngəzur” çadırı oğlan evi, “Dərələyəz” çadırı isə qız evi timsalın­da həmin mahalların toy mərasimlərini canlandırırdı. Çadırların içərisi də məhz Qərbi azərbaycanlıların doğma el-oba­larından qovulduqları vaxt özləri ilə gə­tirdikləri əşyalarla bəzdilmişdi. Bu da öz növbəsində seyrçilərin həm Vətənlə bağ­lı sevgi-həsrət duyğularına qanad taxır, həm də Qərbi Azərbaycanın qədim və zəngin bir türk mədəniyyəti məkanı ol­duğunu bir daha sübut edirdi. Əşyaların babalarımızın yaşam tərzindən – istər məişət, istərsə də təsərrüfat həyatından xəbər verən dəyərlər kəsb etməsi də dərhal diqqət çəkirdi. 

Çadırda və onun ətrafındakı etnoq­rafik təqdimatda Azərbaycan türklərinin qədim fəlsəfi dünyagörüşünü ifadə edən deyim və atalar sözlərinin yaranmasına səbəb olmuş mədəni dəyərlər, tarixi ko­lorit olduqca təsirli idi: “Örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçər” - əş­yalar içərisində doğanaq və örkən diqqəti cəlb edirdi. Eləcə də deportasiya zamanı Ordubad rayonuna gələn soydaşlarımız, əsasən qadınlar öz körpələrini daşımaq üçün belə, çiyinə salınan səbətlərdən istifadə ediblər. Yerli əhalidən gəlmələri fərqləndirmək üçün onlara zarafatla “arxa səbətdə gələnlər” deyilib. Qeyd edək ki, bu ifadə müəyyən qədər gülüş, əzizləmə xarakteri daşıması ilə yanaşı, həm də məlum deportasiyanın baş verdiyi tarixi və bu dövrdə insanların keçdiyin iztirablı yolları da özündə mühafizə edir.

Bundan başqa, etnoqrafik əşyaların içərisində bir maraq doğuranı da toxum saxlamaq üçün balqabaqdan hazırlan­mış qabdır. Balqabağın içi oyularaq qu­rudulur, onda uzun illər müxtəlif toxum­lar saxlanırdı. Ümumiyyətlə, belə əşya və vasitələr Qərbi azərbaycanlıların öz yurdları ilə bağlı yaddaşın qorunmasında mədəni saxlanc rolu oynayır. Bu maddi və mənəvi dəyərlər onların yurda qayıdış yollarına işıq saçır, zəhgəzurluları doğma ocaqlara səsləyir. 

Elə bu baxımdan da çadırın içərisin­də toplaşmış zəngəzurlu qadınlar öz mə­dəni-mənəvi dəyər faktları olan bayatı və haxıştaları olduqca kövrək və nisgilli bir ahənglə ifa edirdilər. Hər bir belə örnəyin özündə də Ordubad rayonu və Zəngəzur mahalı, ümumilikdə, Qərbi Azərbaycan mədəni dəyərlərinin oxşarlıq və fərqləri öz ifadəsini tapırdı. Vətən həsrəti ilə ça­lıb-çağıran zəngəzurlular böyük bir ümi­də də köklənmişdilər:

I iştirakçı:

Arazı keçən də var,

Suyunu içən də var.

Tutmuyun Vətən adın,

Ürəyi keçən də var.

II iştirakçı:

Zəngəzurun yastı yolu,

Su gəldi, basdı yolu.

İstəyirəm duram gələm,

Gavırrar kəsdi yolu.

III iştirakçı:

Bu dağ o dağa baxar,

Altından bulax axar.

Heyif qaçqın gözdərim

Beyvəfa Vətənə baxar.

“Qərbi Azərbaycana qayıdış” festi­val-konqresin ən ümdə və diqqətçəkən məqamlarından olan toy mərasimini haxışta folklor örnəklərinin ifası daha da sevilən etmişdi. Bu örnəklər, onu yara­dan xalqın mədəni və mənəvi, eləcə də köklü dünyagörüşünü ifadə edən dəyərli faktlardır. Digər mahalların çadırlarında haxışta ifası müşahidə olunsa da, Zən­gəzur çadırının xanımları bu örnəklərin təqdimatı ilə hamını heyran qoydular:

I dəstə:

Dəyirmanın mavınnan, hakuşqa,

Su gəlir sərnağınnan, hakuşqa.

Mənim balaca yarım, hakuşqa,

Gəlir kəklik avınnan, hakuşqa.

II dəstə: 

Qara toyuq qaz kimin, hakuşqa,

Qanaddarı saz kimin, hakuşqa.

Gah yeriyir, gah durur, hakuşqa,

Nişannı qızdar kimin, hakuşqa.

I dəstə:

Su ilanı oleydim, hakuşqa,

Bankalara dolaydım, hakuşqa.

Orda duran oğlanın, hakuşqa,

Nişannısı olaydım, hakuşqa.

II dəstə:

Ordubadın qızları, hakuşqa.

İşvələri, nazları, hakuşqa.

Özləri şirin olur, hakuşqa.

Yamandı baldızları, hakuşqa.

Beləcə davam edir...

Naxçıvan Muxtar Respublikası Ordu­bad rayonu da məlum tarixi dönəmlər­də deportasiyalara məruz qalmış Qərbi azərbaycanlılara qucaq geniş və isti açan məkanlardandır. Bu bölgə həm də coğra­fi nöqteyi-nəzəridən Qərbi Azərbaycana yaxın olduğundan adət-ənənə, düşüncə, yaşam tərzi baxımından da olduqca doğ­madır. Hazırda rayonun bir çox kəndlə­rində Qərbi azərbaycanlılar yaşayırlar. 

Qərbi azərbaycanlıların yığcam ya­şadıqları Parağa kəndinin qaçqın əhalisi festivalda fəallıq nümayiş etdirdilər. Gü­nümüzdə də bu kəndin əhalisi tərəfindən müxtəlif mövsüm və məişət mərasimi zamanı icra edilən atüstü oyunlar qədim mədəniyyət tariximizin dəyərli örnəkləri­dir. Və “Çövkən” oyununu festival-konq­res zamanı sevərək icra edən Parağa kəndində məskunlaşan Qərbi azərbay­canlılar bir daha sübut etdilər ki, qədim mədəniyyət daşıyıcısı olan xalqın ye­ri-yurdu, vətəni də qədim tarixə malikdir.

Oyunun maraqlı gedişatı hamının ru­hunu oxşayır, gözəl əhvali-ruhiyyə, kök­lü vətənsevərlik duyğularının coşmasını tam şərtləndirirdi. Oyunun diqqətçəkən gedişatı var idi: Atlılar əllərində milli bay­rağımız “Bayatı-Şiraz” sədası altında meydana daxil oldular. “Cəngi” havası­nın sədası altında iki dəstəyə ayrılaraq oyuna başladılar. Əllərində dəyənək topu bir-birlərinə ötürərək təyin olunmuş qa­pıya doğru vurdular. Qayda belədir ki, at hərəkətdə ola-ola dəyənəklə topu vur­maq olar. Əks halda gedişat pozulmuş sayılır. Oyunda qalib gələn komanda alqışlandı.

Yallı qruplarının təqdimatında Qər­bi azərbaycanlıların bu gün də sevərək icra etdikləri “Üçayaq”, “İrəvanı” yallıları mərasimə yüksək coşğu gətirdi. Eləcə də Qərbi azərbaycanlılardan ibarət iki aşıq Bəylər Məmmədov və Balay Xudaverdi­yev Zəngəzur mövzulu havalarla onları dinləyənlərdə vətən həsrətini daha da alovlandırdı, bununla yanaşı, Qərbi Azər­baycana qayıtmaq yolundakı mübarizə ruhlu havalarla insanlarda ruh yüksəkli­yini artırdı. 

Ümumiyyətlə, bu təqdimatlar insanla­rın vətən nisgilini bir daha ovudur, yaxın gələcəyin qayıdışına ümidləri gücləndirir­di. Qərbi Azərbaycan torpaqları bu insan­ların tarixi dədə-baba torpaqlarıdır. Və bu torpaqlara geri dönərək orada etnik-mə­dəni düşüncədən formalaşan yaşam tərzləri ilə ömür sürmək onların ana südü qədər olan haqlarıdır. 

“Qərbi Azərbaycana Qayıdış” festi­val-konqresin ən əhəmiyyətli yönlərin­dən biri də dərin və etnik mədəniyyətə malik olan xalqın haqq səsini dünya­ya çatdırmaq, bu və aparılan siyasətə dəstək olaraq qaçqın soydaşlarımızın öz əzəli torpaqlarına geri dönəcəyi ta­rixi günləri yaxınlaşdırmaqdır. Bu fes­tival-konqres bir daha bəyan etdi ki, Qarabağ torpaqlarımız 30 il düşmən iş­ğalında olanda hamımız Qarabağlı idik, bu gün isə soydaşlarımız Qərbi Azər­baycana dönənədək hər birimiz Qərbi Azərbaycanlıyıq!

Aytən CƏFƏROVA,
AMEA Naxçıvan Bölməsnin dosenti, Qərbi Azərbaycan İcmasının Ordubad nümayəndəsi















Sosial həyat