Azərbaycan dili müstəqillik illərində daha da zənginləşir, dünya dilləri sırasında öz yerini qoruyur. Eyni zamanda, təəssüf ki, dilimizə yad təsirlər də olur və bunun qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi vacibdir. Bu istiqamətdə geniş müzakirələr aparılması məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
“Azərbaycan dilindən istifadə: uğurlar, problemlər və vəzifələr” adlanan dəyirmi masanı akademik İsa Həbibbəyli açaraq, müzakirələrin Azərbaycan yazıçılarının dilimizlə bağlı çağırışları əsasında, dilin saflığı uğrunda mübarizəyə dəstək verilməsi məqsədilə baş tutduğunu bildirib. O, Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində proqram xarakterli və dərin məzmunlu çıxışı zamanı Azərbaycan dili haqqında çox qiymətli fikirləri söylədiyini xatırladaraq deyib ki, ölkə başçısı dilimizin saflığının qorunması ilə bağlı alimlərimiz, ziyalılarımız, ictimai xadimlərimiz qarşısında vəzifələr qoymuşdur. Bu vəzifələr dilimizin daxili imkanlar hesabına zənginləşməsinə elmin dəstəyini vermək və yad sözlərin dilimizə necə gəldi daxil olmasının qarşısını almaq yollarının müəyyənləşdirilməsindən ibarətdir.
Qeyd olunub ki, Azərbaycan dilinin tətbiqi, ədəbi dil normalarının qorunması, dilimizin saflığının təmin olunması və digər istiqamətlərdə AMEA-nın Dilçilik İnstitutunda mühüm tədqiqatlar aparılır, metodoloji və praktiki tədbirlər həyata keçirilir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən də ana dilimizin saflığının qorunması istiqamətində zəruri addımlar atılır, mediada, TV-lərdə jurnalistlərin, aparıcıların məqalələri, çıxışları, eləcə də musiqi xadimlərinin mahnı sözləri hərtərəfli monitorinq edilir və bunlar kitab halında işıq üzü görür.
VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri olmuş Fazil Mustafa dilin hamımızın ümumi məsələsi olduğunu, Seyran Səxavətin və digər yazıçılarımızın müraciəti nəzərə alınaraq, bu müzakirələrin keçirildiyini diqqətə çatdırıb.
“Ana dilimiz haqqında həyəcan təbili çalanlar haqlıdırlar. Bu gün Azərbaycan dövlətinin, xalqının, ziyalılarının dili var, lakin filosoflarının, yəni düşüncənin dili yoxdur. Ana dilini düşüncə dilinə çevirə bilən xalqlar fərqliliklər edə bilirlər. Dilin zənginləşməsi yazılı mətnlərdən asılıdır. Azərbaycan dilinin qapalıqlığı problemi var. Hüdudlarının genişlənməsinə, düşüncə dilinə çevrilməsinə ehtiyac var”, – deyə Fazil Mustafa qeyd edib. Bildirib ki, aparılan müzakirələrdə konkret nəticəyə gəlinə bilməsə belə, ortaq fikir əldə oluna bilər və bu da dilimizin düşüncə dilinə çevriliməsinə, onun zənginləşməsinə yardımçı olar.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyev hər zaman ana dilimizə xüsusi qayğı ilə yanaşıb, onun saflığının qorunmasına çalışıb. Prezident İlham Əliyevin də Ümummilli liderin siyasətini uğurla davam etdirdiyini bildirən nazir müavini ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzaladığını xatırladıb.
Dövlətimizin dil siyasətinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi həyata keçirildiyini və mütəmadi qorunduğunu deyən S.Yusifova gənc nəslin vətənpərvər ruhda tərbiyəsində ana dilinin mühüm rol oynadığını söyləyib. Qeyd edib ki, qlobal çağırışlar fonunda ana dilimizin saflığının qorunmasına çalışmalı, dilə olan münasibətimizi dəyişməli və Azərbaycan dilində danışdığımız üçün fəxr etməliyik.
Dilimizin problemlərinə aid mövqeyini bildirən yazıçı-publisist Seyran Səxavət televiziya kanallarında apardığı müşahidələr əsasında üzə çıxardığı dil pozuntuları barədə geniş məruzə edib. Azərbaycan media məkanında dil səlisliyinin vacib məqamlarına toxunaraq cümlə qurmağın dövlət qurmaq qədər çətin olduğunu vurğulayan yazıçı dilin qorunması ilə bağlı təkliflərini də səsləndirib.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva dünyanın ən gözəl dillərindən olan Azərbaycan dilinə dair ölkə başçısının çıxışlarını, verdiyi sərəncam və fərmanları diqqətə çatdırıb. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyev həm də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının sədri kimi həmin sərəncam və fərmanlarla, o cümlədən müxtəlif qurumlar qarşısında qoyduğu vəzifələrlə dilimizin keşiyində dayanıb. Məruzəçi problemlərin aşkarlanması istiqamətində qurumun apardığı monitorinqlər haqqında da məlumat verib və nəticələrin hesabat şəklində təqdim edildiyini deyib.
Dəyirmi masada ünlü söz adamları, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, akademik Rafael Hüseynov, təhsil eksperti Etibar Əliyev, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova, yazıçı Aqşin Yenisey, Əməkdar jurnalist Mübariz Əsgərov və digərləri cəmiyyətin ana dilindən düzgün istifadə vərdişlərinə yiyələnməsi üçün ölkəmizdə həyata keçirilmiş dil siyasəti və dövlət proqramları ilə məsələyə kifayət qədər həssas yanaşıldığını vurğulayıblar. Çıxışçılar müxtəlif platformalarda ədəbi dilin norma və prinsiplərinin pozulması hallarını da diqqətə çatdırıblar.
Müzakirələrdən sonra akademik İsa Həbibbəyli qonaqlara Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin nüsxələrini hədiyyə edib.
Ə.DOSTƏLİ
XQ