Göygöl rayonunda III Milli Yaylaq Festivalı

post-img

Bu Yaylaq Festivalı hələ 5 il qabaq ilk dəfə Gədəbəydə keçiriləndə sorağı hər yerə yayılmışdı. O zaman dünyanın 20-yə yaxın ölkəsindən qonaq gəlmişdi və onlar dağlar qoynundan xoş təəssüratla ayrılmışdılar. İki il əvvəl Göygöl rayonunda təşkil olunan ikinci festival da yaddaşlarda qalmışdı...

İndi budur, artıq ənənəyə çevrilən üçüncü festival yeni­dən son illər turizmin inkişafı ilə bağlı çox uğurlu tədbirlər həyata keçirən Göygöl rayo­nunda başlayıb.

Festival “Cavad xan” Ta­rix və Mədəniyyət Fondu ilə “Kap.az” – Fərqli Turizm MMC-nin təşkilatçılığı ilə ke­çirilir. Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordi­nasiya Agentliyi (TİKA), Dün­ya Etnoidman Konfede­rasiyası, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyət­ləri, Dövlət Məşğulluq Agent­liyi və KOBİA-nın dəstəyi ilə baş tutan festival rayonun səfalı bir guşəsində, “Xan yaylağı” deyilən ərazidə təşkil olunub. Daha dəqiq desək, burada “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Yaşa­yış alaçıqları ilə yanaşı, “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər oca­ğı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr öz orijinallığı ilə seçilir. Etnoqəsəbənin əra­zisində 3 gün ərzində geniş­miqyaslı el şənlikləri olacaq. 

Festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqlar iştirak edir. Tədbir şərti olaraq üç hissədən ibarətdir: mə­dəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etno­turizm.

Etnoqəsəbənin ərazisin­də sonrakı iki gün ərzində da­vam edəcək genişmiqyaslı el şənliklərinə start verilib. Uğur­lar diləyirik!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Göygöl



Mədəniyyət