“Qarabağ gecəsi”nin işıqlı hədəfi

post-img

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra doğma Qarabağda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin dirçəlişinə töhfələr verilməsi, bu sahədə aktiv iştirakçılığın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Qarabağ Dirçəliş Fondunun təşkil etdiyi “Qara­bağ gecəsi” adlı xeyriyyə konsertləri də bu qəbildəndir. 

Layihə haqqında məlumat verən fon­dun mətbuat katibi Babək Cahandarovun sözlərinə görə, xeyriyyə konserti sadə­cə mədəniyyət tədbiri deyil, daha çox Qarabağda görülən işlərə dəstək olmaq məqsədi daşıyır:

– Qarabağ Dirçəliş Fondu olaraq bü­tün fəaliyyətimizi işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişi, daha da gözəl­ləşməsi üçün səfərbər etmişik. Fond bu istiqamətdə çoxsaylı işlər görür, müxtəlif layihələr icra edir. “Qarabağ gecəsi” xey­riyyə konserti də bu layihələrdən biridir. İlk konsert 2022-ci il iyunun 26-da Bakıda təşkil olunub. Tamaşaçıların böyük ma­raqla qarşıladığı konsertdən əldə olunan 171 min 257 manat vəsaitlə musiqi aləti – royal alınaraq ilin sonuna qədər Şuşa şəhərində yerləşən mədəniyyət müəs­sisələrinin birinə təhvil verilməsi nəzərdə tutulur.

İkinci konsert isə ötən il iyunun 17-də ölkəmizin ikinci böyük şəhəri olan Gən­cədə təşkil olunub. Anşlaqla keçən kon­sertdən əldə edilən 140 min 220 manat vəsait Ağdam rayonu ərazisində yerləşən Pənahəli xanın imarət kompleksinin bər­pasına yönəldilib.

Babək Cahandarov bildirdi ki, növbə­ti “Qarabağ gecəsi” xeyriyyə konsertinin iyulun 10-da yenidən Bakıda keçirilməsi nəzərdə tutulur. Müslüm Maqomayev adı­na Azərbaycan Dövlət Akademik Filarmo­niyasında təşkil ediləcək konsertdə Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab və “Qaytağı” instrumental ansamblı iştirak edəcək. 

– Sevindirici haldır ki, artıq üçün­cü dəfə təşkil olunacaq konsertə maraq olduqca böyükdür. Bu da bizim doğma Qarabağın bərpası istiqamətində birlik və həmrəyliyimizin təzahürüdür. Bu konsert­dən əldə ediləcək vəsait işğaldan azad olunmuş ərazilərdə mədəniyyət obyekt­lərinin yenidən qurulmasına yönəldiləcək. Fürsətdən istifadə edərək, konsertin təş­kilində Qarabağ Dirçəliş Fonduna dəstək olan bütün tərəfdaşlarımıza və donorları­mıza, eləcə də bilet əldə edərək konsert­də iştirak edəcək hər kəsə dərin təşəkkü­rümüzü bildiririk. 

Ceyhun ALIŞLI

Mədəniyyət