Elektromobillərə keçid: tüstü azalır, hava təmizlənir

post-img

Ekspertlər tərəfindən dizel və benzinlə işləyən avtomobillərin ekologiyaya mənfi təsir göstərdiyi, eyni zamanda işlənmiş qazların insanlarda xroniki xəstəliklərin mənbəyinə çevrildiyi bildirilir, bu amilin həm də neft ehtiyatlarının sürətlə tükənməsinə, enerji təhlükəsizliyində müəyyən risklərin yaranmasına səbəb olduğu vurğulanır. 

Bu problemin həlli istiqamətində bir sıra ölkələrdə, eləcə də respublikamızda müəyyən layihələrin icrasına başlanılıb. Həyata keçirilən tədbirlər sırasında ya­nacaq qiymətlərinin tədricən bahalaşdırıl­masına diqqət artırılıb, belə halda isə təbii ki, elektrikli avtomobillərə keçid prosesi­nin sürətləndirilməsi önə çəkilib. 

Son illər ərzində ölkəmizdə bu sahədə bir sıra layihələr gerçəkləşdirilib. Məsələn, Prezident İlham Əliyevin müvafiq sərənca­mı ilə Nəqliyyat Vasitələrinin Utilizasiyası Fondu yaradılıb. Azərbaycanda istehsal olunan avtomobil yanacağının keyfiyyə­tinin yüksəldilməsinə mühüm önəm veri­lib. Belə ki, ötən ilin may ayından Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “Avro-5” ekoloji standartlarına cavab verən dizel yanacağı istehsalına başlanılıb. Bu il iyunun sonunadək isə müəssisədə “Avro-5” standartlarına cavab verən avtomobil benzininin istehsalının gerçəkləşdirilməsi nəzərdə tutulub. Təbii ki, belə tədbirlərin reallaşdırılması ətraf mühitin yaxşılaşdırıl­masına və zərərli emissiyaların azaldılma­sına yönəldilib. 

Yeri gəlmişkən, bu il iyulun 1-dən di­zel yanacağından istifadənin daha yük­sək ekoloji zərəri nəzərə alınaraq, daha çox benzin istehlakına keçilməsi məqsə­dilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təh­lükəsizliyinin dayanıqlılığını gerçəkləş­dirməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətlən­dirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yana­cağın keyfiyyətinin yüksəldilməsi, öz növ­bəsində, nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müd­dətini uzadacaq. 

Qeyd edək ki, aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiya­larının azaldılması və daha təmiz nəqliy­yat növlərinin təşviqi ilə bağlı çağırışlara həssaslıq göstərilib. Azərbaycanda yana­cağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdı­rılması məqsədilə neft emalı sənayesin­də yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsi sürətlənib, bu sahəyə investisiya xərcləri artırılıb. 

Dünya səviyyəsində böyük istehsalçı­lar tərəfindən “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin isteh­salına keçid sürətlə reallaşdırılır. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-ya­nacaq) işləyən avtomobillər istisna ola­raq) yeni avtomobillərin istehsalı və qey­diyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.

Bütün bunlarla bərabər elektrik mü­hərrikli avtobusların istehsalına da xüsusi əhəmiyyət verilir. İqtisadiyyat Nazirliyin­dən verilən məlumata görə, Azərbaycan­da gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodunun tikiləcəyi nəzərdə tutulur. 

Azərbaycanda elektriklə işləyən avto­mobillər üçün enerji doldurma məntəqələ­rinin quraşdırılması da prioritet istiqamət­dir. Bu məsələ Prezident İlham Əliyevin “Elektrik mühərrikli nəqliyyat vasitələrin­dən istifadənin təşviq edilməsi haqqında” 7 mart 2024-cü il tarixli Sərəncamında öz əksini tapıb. 

Dövlət başçısının imzaladığı sənəd­də qeyd olunur ki, karbon emissiyaları­nın azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənaye­sində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolu­nu nəzərə alaraq dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilmə­sini, zəruri infrastrukturun inkişafını, ha­belə ümumi nəqliyyat sisteminə inteqrasi­yanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.

Ökəmizdə avtobus parkının yerli is­tehsal hesabına yenilənməsi də diqqət­də saxlanılıb. Bu məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə çər­çivə sazişi imzalanıb. Çərçivə sazişi əsasında elektrik mühərrikli avtobusların alınması, onlara xidmətin göstərilməsi, ölkəmizdə istehsalın qurulması və lo­kallaşdırılması nəzərdə tutulub. Sazişdə qarşıya ölkəmizdə elektrik nəqliyyatı in­frastrukturunun inkişafı, sərnişinlərin ra­hatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması qar­şıya mühüm vəzifə kimi qoyulub. 

Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kim­ya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 milyon dollar olan layihə çərçivəsində 800 yeni iş yeri yaradılacaq. Bununla yanaşı, Azər­baycanda avtobus istehsalı müəssisə­si fəaliyyətə başlayanadək Çinin “BYD Company Limited” (BYD) şirkətindən elektrik avtobusları alınacaq.

Dövlət Gömrük Komitəsinin hesaba­tına əsasən, bu ilin yanvar–may ayların­da Azərbaycana daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklər də hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 6923 ədəd olub. Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı isə 1250 ədəd təşkil edib. Bu göstə­ricilər ötən ilin müvafiq dövrü ilə müqa­yisədə hibrid avtomobillərdə 1039 ədəd, elektromobillərdə isə 438 ədəd artım deməkdir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Elektrik mühərrikli avtobusların istehsalı zavodu işə düşəndən son­ra təkcə yerli tələbatı deyil, ixracı da nəzərə almaq lazımdır. Çünki dünya­nın enerji balansı sürətlə dəyişir. Bu sı­rada dayanan əsas məsələlərdən biri də yanacaqla işləyən avtomobillərin elektromobillərlə əvəz edilməsidir. Bu cür proses artıq böyük bir sürətlə irə­liləməkdədir. 

Son 10 ildə dünyada elektromobil­lərin sayı 140 dəfədən çox artıb. Bu gün dünyada 26 milyondan çox elekt­romobil hərəkət edir və bu say davamlı şəkildə yüksəlir. Dünyanın ən aparıcı avtomobil istehsalı müəssisələri 2035-ci ildən sonra yanacaq mühərriki ilə işləyən avtomobillərin istehsalını da­yandıracaq və yalnız elektromobillər istehsal ediləcək. 

Beynəlxalq müstəvidə baş verən bu proseslərə Azərbaycan hökuməti də adekvat cavablar verir. Ölkəmizə gətirilən və son 3 ildə istehsal edilən elektromobillər müəyyən gömrük rü­sumlarından və əlavə dəyər vergisin­dən azad olunub. Məqsəd belə avto­mobillərin idxalını stimullaşdırmaqdır. Nəticə isə göz önündədir. Son 3 ildə Azərbaycana elektromobillərin idxalı 16 dəfəyə qədər artıb. Elektrik mühər­rikli avtobusların Azərbaycanda isteh­salına gəlincə, bunu alqışlamaq lazım­dır. Belə bir zavodun tikintisi müasir çağırışlara cavab verən ən mühüm bir addım olacaq. Təbii ki, respublikada bu müəssisə yaradılarkən onun məh­sullarının daxili bazarın ehtiyaclarını ödəməklə yanaşı, ixrac edilməsi də nəzərdə tutulub. Çünki bu məhsullara təlabat böyükdür və ən azından MDB məkanında onun alıcıları yetərincə olacaq. Bu isə real sektordan ixracın həcminin artmasına bir dəstək ola bilər.



İqtisadiyyat