Dövlət kəndin əsas arxa-dayağıdır

post-img

Ölkəmizdə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən və ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə ölkədə müasir aqrobiznes sahələri formalaşdırılır. 

Son zamanlar dünyada iqtisadi, eko­loji, o cümlədən iqlim dəyişikliyi kimi yeni çağırışlara uyğun olaraq aqrobiznes mü­hitinin qorunub saxlanılması məqsədilə yerlərdə festivallar keçirilir, ictimai müza­kirələr aparılır. Bu kimi tədbirlər, həm də ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, im­kanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımların müzakirəsi baxı­mından olduqca əhəmiyyətlidir. 

Bu ilin birinci yarısında Salyan, Yev­lax, Masallı, Quba, Qazax, Qəbələ, İsma­yıllı, Saatlı, Samux və Xızı rayonlarında aqrar biznes festivalları keçirilib. Şirvan–Salyan, Mərkəzi Aran, Lənkəran–Astara, Quba–Xaçmaz, Qazax–Tovuz, Şəki–Zaqatala, Mil–Muğan, Gəncə–Daşkəsən və Abşeron–Xızı iqtisadi rayonlarını əhatə edən tədbirlərə, ümumilikdə, 52 rayon və şəhərdən gəlmiş fermerlər qatılıblar. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, həmin tədbirlərdə 6756 fermer işti­rak edib. Festivallara qatılmış fermerlərin 91,3 faizi kişi, 8,7 faizi isə qadın olub. 

Azərbaycanın müvafiq dövlət qurum­larının, eləcə də bankların, yerli və bey­nəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə aqrobiznes sektorunun mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət–özəl tərəfdaşlıq yönümlü bir sıra məsələlər müzakirə olunub. 

Bununla yanaşı, aqrobiznes forumla­rı çərçivəsində, həmçinin kənd təsərrü­fatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar “yaşıl” maliyyə və iqlimə davamlılıq üçün dövlət dəstək alətləri, kənd təsərrüfatı ko­operativlərinin aqrobiznesin inkişafında rolu, Türk Dövlətləri Təşkilatının əhatə etdiyi regionun kənd təsərrüfatı potensialı mövzusunda panel müzakirələri keçirilib. 

Aqrar sahədə müasir innovativ ye­niliklərin nümayiş olunduğu festivallar­da 29 dövlət qurumu və 112 özəl şirkət təmsil olunub. Tədbirlər çərçivəsində 18 şirkət və fərdi sahibkar tərəfindən 3 milyon 525 min 988 manatlıq satış hə­yata keçirilib. Şirkətlər tərəfindən əsasən traktorlar, konteyner daşıyan qoşqular, meyvə yığan platformalar, tunel tipli ön soyutma sistemləri, hava ilə soyutma avadanlıqları, fındıq toplayan aqreqat­lar, bağ ləvazimatları, toxum, ting, arıçı­lıq məhsulları, qurudulmuş meyvə satışı gerçəkləşdirilib. 

Nazirliyin məlumatına görə, aqrar biznes festivallarında fermerlər üçün 18 təlim təşkil olunub. Təlimlərin mövzuları fermerlərin ehtiyacları nəzərə alınaraq müəyyənləşdirilib. Aqrar Təlim Mərkəzi, elmi-tədqiqat institutları və özəl şirkətlərin mütəxəssisləri prosesə təlimçi qismində qatılıblar.

Məlum olduğu kimi, hazırda ölkə üzrə məşğul əhalinin təqribən 35-40 faizi aq­rar sektorda çalışır. Kənd təsərrüfatında hər hansı bir tənzimləmə tədbirinin bu sahədə məşğulluqla əlaqələndirilməsini məqbul hesab etməyən M. Məmmədov deyib ki, Azərbaycanda aqrar sahənin məşğulluqdakı payı dünya üzrə ən yük­sək göstəricilərdən biridir. Yeri gəlmişkən, bunu müsbət məqam hesab etməyən kənd təsərrüfatı naziri bundan sonra aq­rar sahədə yeni məşğulluq imkanlarının, yeni iş yerlərinin yaradılmasından daha çox bu sahədə mövcud məşğul olanların gəlir əldəetmə imkanlarının genişləndiril­məsinin vacibliyini önə çəkib. 

Bununla belə, ölkədə fermerlərin kredit vəsaitlərinə çıxışı arzu olunan sə­viyyədə deyil. Problem Kənd Təsərrüfa­tı Nazirliyini də ciddi narahat edir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu­nunla bağlı deyib ki, aparılan araşdırma­lara əsasən, Elektron Kənd Təsərrrüfatı İnformasiya Sistemində qeydiyyatda olan fermerlərin orta hesabla 12-15 faizi kredit əldə edə bilirlər. Onun sözlərinə görə, fer­merlərin kreditə çıxışının yaxşılaşdırılma­sı üçün bir sıra əlavə yeni mexanizmlərin yaradılması ilə bağlı hazırda Azərbaycan Mərkəzi Bankı ilə birgə yeni təşəbbüslər hazırlanır. 

Yeri gəlmişkən, Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk beş ayında kənd təsərrüfatında fəaliyyət göstərən 1645 fiziki və hüquqi şəxsə 31,8 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 27,7 milyon manatı texni­ka və avadanlıq təyinatlı kreditlər, 35 min manatı güzəştli kreditlər, 4,1 milyon ma­natı isə mikrokreditlərdir. Eyni zamanda Aqrar Kredit və İnkişaf Agentliyi tərəfin­dən ölkədə 5251 kənd təsərrüfatı texnika­sının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 88,7 faiz üstələyir. 

Aqrar sektorda güzəştli kredit mexa­nizminin təkmilləşdirilməsi, fermerlərin bu vəsaitlərə əlçatanlığının asanlaşdırılma­sında aqrobiznes festivalları da mühüm rol oynaya bilər. Bu amil nəzərə alınaraq cari ilin ilk yarısında keçirilmiş festivallar çərçivəsində fermerlər üçün kredit yar­markaları təşkil olunub. Həmin yarmarka­larda 13 bank və 1 bank olmayan kredit təşkilatı öz məhsulları barədə fermerlərə məlumat veriblər.

Bununla yanaşı, aqrobiznes forumla­rında aparılmış bir sıra müzakirələr zama­nı aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, bank sektorunda aqrobiz­nesin maliyyələşdirilməsi təcrübəsi, ma­liyyə alətləri, risklər və onların tənzimlən­məsi ilə bağlı təkliflər səsləndirilib, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanlar, kənd təsərrüfatının inkişafın­da dövlətin rolu, dövlət dəstəyi tədbirləri­nin təkmilləşdirilməsi istiqamətləri barədə rəy və təkliflər irəli sürülüb. Məsələn, Qu­bada keçirilmiş 3-cü Aqrobiznesin İnkişafı Forumunda kənd təsərrüfatının maliy­yələşdirilməsində uğur hekayələri, uğur­lu maliyyələşdirmə yolu ilə inkişaf etmiş yerli təsərrüfatların və ya aqrobizneslərin video təqdimatları və onların mükafatlan­dırılması həyata keçirilib. 

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti aqrar biznes festivalları bu ay Gədəbəy və Yar­dımlı rayonlarında keçiriləcək.

İqtisadiyyat