Referendum erməni cəmiyyətini sağaldacaqmı?
Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyacının olduğunu bildirib. Əslində, Nikolun bu barədə söz açması ilk dəfə deyil. O, əvvəllər də bu barədə danışmışdı. İndi onun nələri dilə gətirdiyinə diqqət yetirəcəyik. Nəzərə alaq ki, erməni baş nazir bu dəfə fikirlərini ölkəsinin konstitusiya günü ilə bağlı müraciətində deyib. Yəni, mövzunu tam zamanında qabardıb.
Əvvəlcə onu bildirək ki, Ermənistan konstitusiyası “İstiqlaliyyət bəyannaməsi” adlanan sənədə istinad edir. Həmin sənəddə Azərbaycana və Türkiyəyə ərazi iddiası yer alıb. Ölkəmiz məhz buna qarşıdır və məsələ heç də başqa dövlətin daxili işlərinə qarışmaq kontekstində qiymətləndirilə bilməz. Rəsmi Bakı, ilk növbədə, sülh üçün təminat istəyir. Çalışır ki, İrəvanın sülhə razılığı maksimum dərəcədə səmimi olsun. Yəni Ermənistanın barışa doğru can atdığı özünü real addımlarda göstərsin. Bu, həm də ölkənin gələcəkdə işğalçılıq niyyətinə düşməyəcəyi sözünü verməsini nəzərdə tutur. Təbii ki, tam təminatdan söhbət gedə bilməz. Eləcə də erməni qövmünün öz sözünü tutacağı ağlabatan deyil.
Əlbəttə, necə deyərlər, başı daşdan-daşa dəymiş Ermənistan rəhbərliyində təmsil olunanlar Azərbaycanın sülh yolundakı tələbini – konstitusiya dəyişikliyini geri çevirməyin mümkünsüzlüyünü hər kəsdən daha yaxşı anlayırlar. Bu mənada Paşinyan liderdir. Ancaq indiki halda o, dəyişiklik zərurətini bilavasitə Bakının sülh şərtini yerinə yetirmək kontekstində təqdim etmir. Buna, müəyyən mənada, təbii yanaşmaq lazımdır. Çünki Ermənistandakı revanşist-şovinist kəsimin Nikolu və komandasını Bakının qarşısında aciz qələmə verib xal qazanmağa, iqtidarı gözdən salmağa çalışdığı məlumdur.
Bəli, N.Paşinyan bildirir ki, hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Sən demə, Ermənistan vətəndaşları ona hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlarmış. Göründüyü kimi, Nikol 44 günlük müharibədən sonra ölkəsində yaranmış acınacaqlı duruma görə “sabiqləri” günahlandırdığı kimi, yenə də söhbəti onların ittihamı üzərində qurur. Demək istəyir ki, vaxtilə Sarkisyan-Koçaryan rejimini ayaqda tutmuş konstitusiya xalqın iradəsinin məhsulu sayıla bilməz.
Belə çıxır ki, xalq köhnə rejimi devirdiyi kimi, onun ana qanununu da sıradan çıxarmalıdır. Ancaq bu zaman suallar yaranır: Paşinyan hansı əsasda hakimiyyətə gəlib? Məgər onun iqtidara yiyələnməsi konstitusyon quruluşun şərtlərinə uyğun gerçəkləşməyibmi? Sualları açıq saxlayaq və görək Nikol fikrini əsaslandırmaq üçün daha hansı məqamları qabardıb.
Erməni baş nazir yarımçıq bildiyi fəlsəfəni işə salaraq qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də sənədin necə qəbul edilməsindədir. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, insanların xalq–dövlət, dövlət–xalq münasibətləri haqqında fikirlərini əks etdirən yeni konstitusiya lazımdır. Yenə də belə çıxa bilər ki, xalq anlamadığı konstitusiyaya əsaslanaraq, Paşinyanın hakimiyyətə yiyələnməsinə şərait yaradıb. Olsun, bir söz demirik. Ancaq Paşinyanın vurğuladığı başqadır.
Ermənistan baş naziri yaxşı bilir ki, xalq “ekslərə” nifrət bəsləyir. Ona görə də konstitusiya dəyişikliyinə zərurəti həmin nifrət havasının notlarına kökləmək yolunu tutur. Əslində, ən optimal variant elə budur. Ancaq hər bir halda Nikol müqavimət də formalaşdırmalıdır və formalaşdırır. Bir növ, qabaqdangəlmişlik edir və deyir ki, yeni konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Heç şübhəsiz, o, müxaliflərin dəyişikliyi Azərbaycanın istəyi kimi göstərmək niyyətinə qarşı müqavimət yaradır və vurğulayır ki, ölkədə institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır.
Göründüyü kimi, N.Paşinyan mövzunu geniş götürür. Onun “institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində iş” məntiqi bundan irəli gəlir.
Məsələ barədə onu deyək ki, erməni cəmiyyəti mahiyyətcə xəstə durumdadır. Xəstəliyin ən böyük simptomu isə ərazi iddiasında olmaqdır. Bu iddianın nəticəsidir ki, hazırda erməni toplumu, bir növ, aqoniya vəziyyətindədir. Mövcud durum reallıqların dərkini çətinləşdirir, müvafiq olaraq şovinist və revanşist ideyaların vüsət alması üçün münbit zəmin formalaşdırır.
Deməli, erməni cəmiyyəti köhnə stereotiplərdən qurtulmalıdır. Bunun üçün isə ortaya əzm və iradə qoyulmalıdır. Nəzərə alsaq ki, yeni konstitusiya referendum yolu ilə qəbul olunacaq, cəmiyyət bu suala cavab verməlidir: Qonşularımızla normal yaşamaq istəyirik, yoxsa yox?
Suala məntiqi və düzgün cavabın verilməsindən Ermənistanın bir dövlət kimi gələcəkdə var olub-olmayacağı asılıdır. Görünür, elə buna görədir ki, Paşinyan daha bir məntiqi - “real Ermənistan” xalqının maraqları”nı qabardır, dolayısı ilə başından yuxarı hoppanmağın düzgün olmadığına dair mesaj verir. Nəzərə alaq ki, Nikol əvvəllər də belə mesajlar verib. Məsələn, ölkənin ictimai televiziyasının efirinə çıxış edərkən, gedilən yolda qəzəbli öküzlərin mövcudluğu səbəbindən nənəsinin tikdiyi qırmızı paltarı çıxarmağın zəruriliyini əsaslandırıb.
Deyə bilmərik ki, Paşinyan sırf konstitusiya dəyişikliyi məsələsində nənəsi ilə bağlı nələrdənsə söz açacaq ya yox, ancaq onun yeni əsas qanun təşəbbüsünü pozitiv qiymətləndirmək mümkündür. Ancaq, necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Son illər Nikolun konstitusiya dəyişikliyi avazı yaxşı gəlir, amma ortada nəticə yoxdur. Vaxtilə Qarabağ məsələsində də belə idi. Paşinyan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edirdi, ancaq bölgədə erməni silahlıları qalırdı. O silahlılar ərazidən ölkəmizin gerçəkləşdirdiyi lokal xarakterli antiterror tədbirləri ilə çıxarıldı. Yəni güc yolu ilə uzaqlaşdırıldılar.
Erməni xəstəliyindən söz düşmüşkən, deyək ki, bu xəstəlik daşıyıcılarının qəbul etdikləri yalnız bir yol var – güc yolu.
Ə.RÜSTƏMOV
XQ