Azərbaycan–Türkiyə birliyi: “Geosiyasi layları” tərpədən müttəfiqlik

post-img

IV MƏQALƏ

Azərbaycan–Türkiyə birli­yi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan–Türkiyə qardaşlığı” siyasi anlayış kimi

Azərbaycan–Türkiyə müttəfiqliyinin multiregional (regionlararası) mahiyyəti­ni anlamaqla bir çox məsələlərə obyek­tiv yanaşmaq mümkündür. O cümlədən, bir sıra dairələrin “Azərbaycan–Türkiyə qardaşlığı”na qəsdən məhdud və bir qədər anti-sivil münasibətlər məzmunu verməyə çalışmasının puçluğu özünü çox aydın göstərmiş olur. Doğrudan da, əgər Azərbaycan–Türkiyə müttəfiqliyi beynəlxalq hüquqa və bərabərhüquqlu münasibətlər qurmaq fəlsəfəsinə əsas­lanmasa, onlar necə regionlararası geosiyasi məkanda uğurlu siyasət yeridə bilərlər? 

Siyasətdə belədir ki, iki müttəfiqdən biri digərini özünə kiçik qardaş və ya aşa­ğı hesab edirsə, onların regionlararası miqyasda real faydalı siyasəti mümkün deyildir. Çünki hər bir siyasətçi müttə­fiq olan ölkələri iki müstəqil və obyektiv siyasi oyunçu statusunda deyil, birinin digəri üzərində siyasi hegemonluğunu süni birlik kimi qəbul edəcək. Bu da ge­niş siyasi spekulyasiyalara və səmərəsiz əməkdaşlıq cəhdlərinə aparıb çıxaracaq. Bu cür vəziyyətin nümunəsi vardır – Er­mənistan!

Ermənistanı siyasi-diplomatik da­irələrdə real müstəqil dövlət kimi qəbul etmirlər. Bunu açıq surətdə Nikol Pa­şinyan erməni xalqına müraciətdə eti­raf etmişdir. O bəyan etmişdir ki, əsas məqsədi Ermənistanı müstəqil etməkdən ibarətdir. Bundan öncə, Qərbdə yaşayan bir sıra erməni tarixçiləri də Ermənistanın müstəqil dövlət kimi formalaşmadığını konkret faktlarla sübut etmişlər. 

Ancaq buna baxmayaraq, Ermənis­tanın “müttəfiqləri” də az deyildir. Onların başında Rusiya gəlir. Moskva rəsmi ola­raq “Ermənistan strateji müttəfiqimizdir” deyir. Lakin hər hansı böhranlı vəziyyət yarananda və ya rəsmi İrəvan şıltaqlıq eləyəndə Kremlin ritorikası dəyişir. Rusi­yalı diplomatlar açıq ifadə edirlər ki, Er­mənistan Rusiyanın sayəsində ölkə kimi mövcuddur, dövlət kimi də ancaq bu şərt­lə mövcud ola bilər. Moskvadan bu hədə gələndə Qərbin bir sıra dövlətləri Ermə­nistanı özünə müttəfiq elan edir və təh­lükəsizlik təklifini ortaya atırlar. Bununla məlum filmdəki kimi, “Məşədi, beş manat ver, səni müdafiə edim” lətifəsayağı və­ziyyət yaranır.

Belə bir mənzərənin siyasi anlamı ondan ibarətdir ki, Ermənistan müstəqil dövlət kimi formalaşmadığından onun real müttəfiqi yoxdur. Əvəzində ona ağa­lıq etməyə çalışan və sözdə müttəfiq olan bir neçə dövlət vardır. Bunun geosiyasi nəticəsi isə Ermənistanın hər hansı re­gional və beynəlxalq qurumda müstəqil dövlət kimi iştirakı istisnadır – hamı ona böyük qardaş olacaq!

Azərbaycanla isə heç bir dövlət bu cür rəftar etmir və edə bilməz. Türkiyə rəhbərliyi isə daima “can Azərbaycan” deyərək, onun yeritdiyi müstəqil siyasəti alqışlayır və real qardaş kimi dəstək verir. Azərbaycan Prezidentinin hər səfərində əldə etdiyi uğurları Türkiyə özünün uğuru kimi qəbul edir. Rəsmi Ankara Azərbay­canın müstəqil dövlətçiliyini dərin sayğı ilə qiymətləndirir. Azərbaycan hazırda Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının fəal üzvü kimi müstəqil si­yasət yeridir. Ankara bunu nəinki normal qarşılayır, hətta hər cür dəstəyini ifadə edir. Məsələn, yeni müstəmləkəçiliyə və islamofobiyaya qarşı Azərbaycanın yeritdiyi siyasəti qürurla vurğulayır. Bu siyasətə güclü dəstəyini ifadə edir. Azər­baycanın təşəbbüslərinin reallaşması üçün Türkiyə öz qapılarını istənilən təd­birə açıq saxlayır. 

İki dövlət arasında münasibətlərin belə məzmun alması təsadüfi deyildir – onun hüquqi cəhətdən ciddi və geniş əsasları vardır. Bu, Şuşa Bəyannaməsi ilə tənzimlənir. 

Vurğuladığımız məqamlardan iki nəticə çıxara bilərik. Birincisi, “Azərbay­can-Türkiyə qardaşlığı” anlayışının siyasi anlamının təməlində iki müstəqil və mə­dəni, dini, etnik, mənəvi-əxlaqi, dövlətçi­lik qavramı baxımından çox yaxın olan dövlətlərin münasibətlərini beynəlxalq hüquq normaları çərçivəsində qurmaq niyyətləri durur.

İkincisi, bu iki dövlətin qardaşlığı əməkdaşlıq modelini regional və multi­regional miqyaslara proyeksiya etməklə XXI əsrin tələblərinə uyğun müttəfiq­lik nümunəsi yaradır. Bu mənada bey­nəlxalq hüquqda sözün həqiqi mənasın­da, müasir dövrdə “qardaşlığ”ın hüquqi anlamının formalaşması mümkündür. Görünür, “qardaşlığı”n siyasi-nəzəri və hüquqi dərki tədricən baş verəcəkdir. La­kin Azərbaycan və Türkiyə faktiki olaraq birbaşa bu prosesi aparırlar. Məsələnin də həm məsuliyyətli, həm çətin, həm də nəticəvericilik baxımından xüsusi diqqət tələb edən tərəfi bununla bağlıdır. Əgər ciddi bir geosiyasi prosesin nəzəri dərki eksklüziv xarakterlidirsə, burada səhv və ya doğru olanın adekvat qiymətləndiril­məsi əlavə ehtiyatlılıq tələb edir. 

Beləliklə, Azərbaycan–Türkiyə bir­liyinin təməlində “Azərbaycan–Türkiyə qardaşlığı” anlayışı dayanır. Bu anlayışın siyasi məzmununu Ulu öndərin “bir milət, iki dövlət” kəlamı təşkil edir. Buradan isə üç siyasi kriteriya bazasında iki müstəqil və qardaş dövlətin birliyi fəlsəfəsi yaranır. 

Birinci kriteriya, “Azərbaycan-Türkiyə qardaşlığı” dövlətlərarası münasibətlər­də etnik və dini mənsubluq faktorları ilə deyil, beynəlxalq hüquq müstəvisində iki müstəqil dövlətin yüksək müttəfiqlik sə­viyyəsini ifadə edir. 

İkinci kriteriya, “Azərbaycan-Türkiyə qardaşlığı” iki müstəqil dövlətin elə birliyi­ni formalaşdırmağa xidmət edir ki, regio­nal və multiregional geosiyasi miqyaslar­da xalqların, cəmiyyətlərin və dövlətlərin təhlükəsizlik şəraitində birgə davamlı in­kişafını stumullaşdırsın.

Üçüncü kriteriya, Azərbaycan–Tür­kiyə birliyi Türk Dövlətləri Təşkilatının (TDT) struktur və funksional mövcudlu­ğunun mərkəzi faktorudur. Bu mənada, müttəfiqlik modeli olaraq açıqdır. Təsa­düfi deyildir ki, Azərbaycan Prezidenti dəfələrlə ifadə etmişdir ki, TDT prinsipcə açıq təşkilatdır və yeni üzvləri ola bilər. 

Deməli, ümumi halda Azərbaycan–Türkiyə birliyi hüquqi müstəvidə “qardaş­lıq” və “strateji müttəfiqliyi” genişləndirə bilir. Bununla onun etnik qardaşlıq çərçi­vəsini aşaraq, ümumiyyətlə, dövlətlərarası münasibətlərdə səmimiyyət, yaxınlıq, qarşılıqlı dəstək və hüquqi aspektlərdə real məzmun aldığını demək olar. 

Vurğulanan məqamlar aydın ifa­də edir ki, Azərbaycan–Türkiyə birliyi müasir geosiyasətin və siyasətin bütün hüquqi, mənəvi və diplomatik tələblərini ödəyən və qarşısına konkret məzmunda konstruktiv məqsəd qoyan perspektivli əməkdaşlıq formatıdır. Artıq onun ətra­fında Türk Dövlətləri Təşkilatı kimi fəal bir qurum yaranmışdır. Bununla Azərbaycan–Türkiyə müttəfiqliyinin ruhu bütün türk dövlətləri arasında münasibətlərin məzmununa sirayət etmişdir. Bu isə siya­si aspektdə o deməkdir ki, türk dövlətləri arasında, bütövlükdə, münasibətlər bey­nəlxalq hüquqa, ədalətə, mənəviyyata əsaslanan proses formasını almışdır. Deməli, Şuşa Bəyannaməsinə əsasla­nan Azərbaycan–Türkiyə müttəfiqliyini davam etdirmək, ümumiyyətlə, Türk dün­yasını qorumaq və inkişaf etdirməkdir. Türk dünyasını inkişaf edən dünyanın bir parçası halına gətirmək isə bütövlük­də, bəşəriyyətin inkişafına yeni dinamika verməkdir. 

Şuşa Sammiti

TDT-nin Şuşada keçirilən növbəti sammiti yuxarıda ifadə edilən fikirlərin işığında həm maraqlıdır, həm də aktu­al. Qeyri-rəsmi sammitin məhz Azər­baycanın Şuşa şəhərində keçirilməsi və orada türk dövlətlərinin əməkdaşlığının perspektivlərinin müzakirə edilməsi yal­nız rəmzi məna daşımır. Bu, həm də Azərbaycan–Türkiyə müttəfiqliyinin daha geniş miqyasda təsir dairəsinin getdikcə artması əlamətlərindən biridir. Məsələ onunla bağlıdır ki, Qarabağın işğaldan azad edilməsində Türkiyə Cümhuriyyə­tinin ciddi siyasi və mənəvi dəstəyinin rolu az olmadı. Yəni bu baxımdan Şuşa iki qardaş dövlətin səmimi əməkdaşlığı­nın, birgə mübarizə əzminin simvoludur. Həm də həmin müttəfiqliyin real məkanı­dır. İndi türk dövlətlərinin başçıları məhz həmin müttəfiqliyin birbaşa bəhrəsi olan mübarizənin qalibi Azərbaycan Respubli­kasının bu dilbər guşəsində dünya üçün aktual olan məsələləri rahat müzakirə edə bilirlər. Bu anlamda Şuşa Sammiti, bütövlükdə, müasir mərhələdə səmimi əməkdaşlığın rəmzi ifadələrindən və təs­diqlərindən biridir. 

TDT-nin qeyri-rəsmi Şuşa Sammiti­nin qardaş türk dövlətlərinin əməkdaş­lığının fəlsəfəsi baxımından digər mü­hüm əlaməti tarixi sayıla biləcək Şanxay Əməkdaşlıq Təşkilatının Astanadakı son toplantısından dərhal sonra keçirilməsi­dir. Çünki bu ardıcıllıq türk dövlətlərinin aktual olan məsələləri çevik müzakirə et­mək və onu qlobal miqyasda baş verən hadisələr kontekstində təhlil etmək üçün lazımi mexanizmə malik olmalarını ifadə edir. 

Bu, siyasi baxımdan son dərəcə va­cib faktordur. Səbəbi onunla bağlıdır ki, türk dövlətləri artıq təşkilat səviyyəsində multiregional və qlobal proseslərə reaksi­ya verə bilir, konkret qərarlar qəbul edir­lər. Bu da TDT-nin yetkin təşkilatlanma yolunda olduğunun göstəricilərindən biri­dir. Unutmayaq ki, bu nəticənin kökündə Şuşa Bəyannaməsinə dayanan Azərbay­can–Türkiyə strateji müttəfiqlik fəlsəfəsi dayanır. 

Bundan başqa, Astanada Azərbay­can, Qazaxstan, Türkiyə, Çin, Pakistan, Rusiya dövlət başçılarının müxtəlif for­matlarda maraqlı görüşləri oldu. Orada Azərbaycanla Çin arasında strateji tərəf­daşlıq haqqında sənəd imzalandı. Bu, geosiyasi və siyasi aspektlərdə çox ciddi hadisədir. O cümlədən, türk dövlətlərinin regional miqyası aşaraq regionlararası miqyasda geosiyasi dinamikada daha dərindən iştirak etməyə başladığının göstəricilərindən biridir. 

Vurğuladığımız faktlar yekun halında təsdiq edir ki, Azərbaycanla Türkiyənin Şuşa Bəyannaməsinə əsaslanan strate­ji müttəfiqliyi iki dövləti, regionu aşaraq regionlararası miqyasda ciddi geosiyasi proseslərin dinamikasına və ümumi mən­zərəsinə təsir etməkdədir. 

Hazırda iki qardaş ölkəyə – Azərbay­cana və Türkiyəyə olan təsirlər bu kimi fundamental səbəblərdən, son dərəcə həssas bir məsələdir. Azərbaycanla Tür­kiyənin əməkdaşlığına ziyan verə bilə­cək işlərə qoşulmaq tarixi xəyanətdir. Bütövlükdə, geniş bir geosiyasi məkan­da xalqların inkişafına əngəldir. Sülhün, əməkdaşlığın və təhlükəsizliyin etibarlı­lığına mane olanların yanında durmaq deməkdir. 

Burada hibrid savaş qaydaları ilə ya­naşı, müxtəlif xarakterli təxribatlar da ola bilər. Cəmiyyət və ölkə kimi bunlara qarşı birləşmək müstəqilliyi qorumaq və gələ­cək nəsillərin inkişafına şərait yaratmaq deməkdir. Hər hansı xırda etnik və məz­həb maraqlarından çıxış edərək, Azər­baycanla Türkiyə arasında soyuqluğa xidmət edən addımlara qoşulmaq döv­lətçiliyə və milli maraqlara uyğun deyildir. Dövlət dilinin sosial-mədəni funksiyasın­dan tutmuş, cəmiyyətin bütün sferaların­da yad elementlərin yer almasına imkan vermək olmaz. 

Əlbəttə, bura müasir elmi-texnoloji inkişafın elementləri aid deyildir. Azər­baycan müstəqil inkişaf etməlidir! Həm də Azərbaycan dünya miqyasında söz sahibi olmaq üçün qardaşları və dostla­rı ilə həmahəng addımlar atmalıdır. Bu prosesin nüvəsinə tarixi gedişat Azər­baycan–Türkiyə strateji müttəfiqliyini yer­ləşdirmişdir! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət