Ögey-doğmalıq

post-img

Fransanın dominantlıq etdiyi Avropa İttifaqı bu mərəzdən yaxa qurtara bilmir

Söhbət hələ Avropa İttifaqının (Aİ) kandarına belə yaxınlaşmayan Ermənistana ayrılacaq maliyyə vəsaitindən gedir. Belə məlum olur ki, Ermənistan ilk dəfə Aİ-nin Sülh Fondundan 10 milyon avro alacaq. İrəvan bu pulu dörd ay bundan əvvəl alacağına ümid edirdi. Amma Azərbaycanın Avropadakı ən yaxın müttəfiqi və tərəfdaşı Macarıstanın bu yardıma qoyduğu veto Aİ-nin ermənipərəst təşəbbüsünü müvəqqəti olaraq dondurdu. 

Oxuculara xatırladaq ki, adıçəkilən layihəyə bu ilin aprel ayında veto qoyan rəsmi Budapeşt rəhbərliyi birliyə üzv ölkələr arasında bərabərlik prinsipinin gözlənilməsini əsas gətirərək, Azərbay­canın da Avropa İttifaqının Sülh Fondun­dan yardım alması tələbini qaldırmışdı. “Azadlıq” radiosunun Avropadakı mən­bələrinə istinadla yaydığı məlumatda bildirilir ki, Budapeştin bu şərtini Aİ qəbul etməsə də, vəziyyətdən çıxmaq üçün kompromis variant üzərində dayanıb. Yəni Bakıya Sülh Fondundan deyil, mi­natəmizləmə işlərinə yadım məqsədilə başqa mənbədən maliyyə vəsaiti ayrıla­caq.

Ermənistan mediası özünün diplo­matik mənbələrinə istinadən iddia edir ki, Sülh Fondunun bu layihəsinə Aİ üzvü olan bütün ölkələr öz xeyir-dualarını ve­riblər. Hayların yazılı və elekton mediası əminliklə deyir ki, yardım paketi iyulun 17-də əvvəlcə quruma üzv ölkələrin sə­firlərinin, iyulun 22-də isə Aİ-nin iclasında təsdiqlənəcək. 

Yayılan məlumatlara görə, Aİ-nin Sülh Fondu tərəfindən Ermənistana 10 milyon avro məbləğində yardımın ayrılmasına dair sənədlərdə bu maliyyə vəsaitinin Er­mənistan ordusunun bir batalyonu üçün tibb məntəqəsinin inşasına yönəldilə­cəyi nəzərdə tutulur. Müvafiq xidmətlər göstərəcək modul tipli səhra düşərgəsi­nin yaradılması da buraya daxildir.

Qeyd etmək lazımdır ki, layihədə göstərildiyi kimi, bu maliyyə dəstəyinin məqsədi Ermənistan silahlı qüvvələrinə dayanıqlıq və sabitlik yaratmaq imkan­larını artırmağa və bununla da guya böhran vəziyyətlərində, fövqəladə hallar zamanı mülki əhalini daha yaxşı qoruma­ğa kömək etməkdir. Hayların saytlarının səxavətlə paylaşdığı bu informasiyaya hələlik Aİ yetkililəri tərəfindən hər hansı şərh və ya açıqlama verilməyib. 

*** 

Hər şey aprelin 5-də Brüsseldə ke­çirilən Avropa İttifaqı–ABŞ–Ermənistan sammitindən sonra başladı. Həmin üç­tərəfli görüşlə bağlı rəsmi Bakının etirazı və qəti mövqeyi ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə telefon söhbə­tində çatdırılmışdı. Görüşün yekunu ola­raq, Aİ-dən Ermənistana 4 il müddətində 270 milyon avro məbləğində yardımın ayrılması barədə qərar qəbul olundu. İrəvan bu vəsaitin “müdafiə xarakterli mühəndislik, möhkəmləndirmə və tikinti işləri”nə yönəldiləcəyini açıqlasa da, bu yardımın, əslində, Ermənistanın hərbi xərcləri üçün nəzərdə tutulduğu hamıya məlum idi. Hələ 5 aprel görüşünə qədər Avropa İttifaqı–ABŞ–Ermənistan forma­tında təmaslarda qeyri-rəsmi qərarlar qəbul edilibmiş. Paris–Vaşinqton tande­minin məhsulu olan bu layihənin Fransa­dan Ermənistana hücum silahlarının gön­dərilməsi kimi alt niyyəti də tezliklə üzə çıxdı. Sonrası hamımıza məlumdur. Ba­kının ikitərəfli sülh danışıqlarında ortaya qoyduğu konkret şərtləri və sərt mövqe­yi həm Brüsselin, həm də Vaşinqtonun məsələyə münasibətlərində yumşalmaya gətirib çıxardı. Bəli, yaxın keçmişdə Er­mənistan–Azərbaycan münasibətlərinin nizamlayıcıları missiyasını, sülh danışıq­larında vasitəçi rolunu yerinə yetirənlər Bakı ilə hesablaşmağa məcbur oldular.

Aİ -nin Sülh Fondunun Ermənistana yardım paketi mövzusunun məhz indi, Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa Sammitində iştirak etmək məqsədilə Azərbaycana gözlənilən səfəri ərəfəsin­də ortaya atılması qətiyyən təsadüfi sa­yıla bilməz. Ermənilərin infotəxribatına bənzəyən bu addımının arxasında Bu­dapeşt və Bakı arasında getdikcə möh­kəmlənən münasibətlərə xələl gətirmək niyyətinin gizləndiyini gözdən qaçırmaq olmaz. Güman edə bilərik ki, burada iyu­lun 1-dən Aİ-də sədrliyin Macarıstana keçməsi amili də öz rolunu oynayıb. 

Hazırda erməni mediasının yaydığı və mötəbərliliyi şübhə doğuran xəbər­lərdən savayı, əlimizdə rəsmi informasi­ya olmadığı üçün mövzu ilə bağlı daha konkret nəsə demək mümkün deyil. Sa­dəcə olaraq, fərziyyə kimi irəli sürülə bilə­cək variant ondan ibarətdir ki, Budapeşt dörd ay əvvəlki veto qərarından yalnız bir halda geri çəkilə bilər. Bu da Aİ-də Er­mənistanla yanaşı, Azərbaycana da eyni həcmdə maliyyə yardımının ayrılması variantıdır. Axı rəsmi Budapeştin belə bir addım atması yüksələn xətlə inkişaf edən Macarıstan–Azərbaycan münasi­bətlərinə müəyyən mənada kölgə sala, ikitərəfli əməkdaşlığın perspektivlərini arxa plana keçirə bilər. Burada Prezident İlham Əliyevlə Baş nazir Viktor Orban arasındakı səmimi dostluq münasibət­lərinin də nəzərə alınması vacib şərtlər­dəndir. TDT-nin müşahidəçi üzv ölkəsi kimi Şuşa sammitində iştirak edən Ma­carıstan Baş nazirinin Azərbaycanın ma­raqlarını nəzərə almadan belə bir addımı atacağı inandırıcı görünmür.

*** 

Məsələnin aydınlaşmasından göz­lənilən odur ki, Avropa İttifaqının Ermə­nistana yardımın önünü açmaq üçün Azərbaycana da eyni məbləğdə yar­dım ayırması ehtimalı böyükdür. Bunu deməyə əsas verən başlıca amil isə Er­mənistanla müqayisədə Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan rəsmi Brüssel üçün daha əhəmiyyətli və etibarlı tərəfdaş statusuna malik olması­dır. Yuxarıda qeyd etdiyimiz kimi, ən azı, bu nöqteyi-nəzərdən Macarıstanın Sülh Fondunun layihəsinə qoyduğu vetosunu məhz Azərbaycana da yardım şərtinin qəbul edildiyi halda geri götürməsi vari­antı ağlabatandır.

Bugünədək Azərbaycan hakimiy­yətinin milli maraqların təmin edilməsi məqsədilə həyata keçirdiyi bütün siyasi gedişləri, atdığı addımları müsbət nəticə verib. İndi Aİ-nin sərgilədiyi anti–Azər­baycan mövqeyi, ermənipərəst fəaliyyəti yeni bir şey deyil. Sadəcə, bu “ssena­rilər”in heç bir fayda gətirməcəyini onun müəllifləri də yaxşı bilirlər. Fəqət erməni lobbisinin işinə yaramaq üçün Avropa­nın bəzi ölkələri Ermənistana yardım ayırmaq kimi layihələrə əl atmağa məc­burdurlar. Onlar bu zaman Macarıstanın qoyduğu vetonun aradan qaldırılmasını düşündükləri strategiyanın tərkib hissəsi kimi qəbul edirlər. Güman edək ki, Aİ-nin Ermənistana yardım layihəsi gerçəkləşdi. Məgər bununla İrəvan Bakıya qarşı sülh danışıqlarında ayrıca imtiyaz, yaxud han­sısa siyasi dividend qazanmış olacaq? Bunun mümkün olmadığını kollektiv Qər­bin özü də anlayır. 

Yeganə HACIYEVA, 
politoloq

– Bu il sədrlik Macarıstanın əlin­də olsa da, Avropa İttifaqının mərkəzi icra strukturlarında Budapeştin söz sahibi olmaması barədə bəzi fikirlər səsləndirilib. Yəni, Aİ-nin üzvü olsa da, Macarıstana bu strukturda ögey mü­nasibət bəslənilir. Budapeştin həmişə özünəməxsus mövqeyi olub. Daxili iqtisadiyyatı ilə bağlı Avropanın ənənə­vi yanaşmasından kənar mövqeyi ilə seçilib. Daha çox proteksionist ma­raqların müdafiəçisi kimi tanınıb. Si­yasi maraqlarına gəldikdə isə bu ölkə başqalarının problemlərinə görə digər dövlətlərlə üz-göz olmaq istəməyib. Konkret olaraq, Avroittifaqın Rusiyaya qarşı sanksiyalarına qoşulmağı doğru saymayıb. Dövlət başçısı, xalqın lideri olaraq Baş nazir Orban, ilk növbədə, Macarıstanın milli maraqlarını həmişə üstün tutub. Aİ-də ona qarşı ögey mü­nasibətin əsas səbəblərindən biri də budur. Məhz bu mövqeyinə görə Maca­rıstanın ev sahibi kimi Aİ-nin adından danışmaq səlahiyyətlərini belə məh­dudlaşdırmağa çalışırlar. Bu isə birliyin üzvləri arasında bərabər iştirakçılıq prinsipinin pozulmasıdır. 

Aİ-nin Ermənistana yardım etmək məsələsinə gəldikdə isə deməliyik ki, əlbəttə, Avropanın müxtəlif təsisatların­da erməni lobbisi üstünlük təşkil edir. Bölgəmizə yönəlik sülh müxanizmləri, təşəbbüsləri Aİ adından irəli sürülsə də, şübhə yoxdur ku, bu strukturlarda dominantlıq ermənipərəst Fransaya məxsusdur. Həmin Sülh Fondunun Ermənistana 10 milyon avroluq yar­dımına Macarıstanın veto qoymasına baxmayaraq, hazırda layihənin təqdi­matı ilə bağlı ideyalar da məhz bir neçə istiqamətdən qaynaqlanır. Birinci is­tiqamət Fransadan başlayır. Aİ-nin icra strukturlarında Parisin mövqeyi kifayət qədər zəifləsə də, daxili siyasətdə er­məni lobbisinin dəstəyini itirməmək­dən ötrü Makron iqtidarı Aİ-də hayların maraqlarının müdafiəsi üçün səfərbər olunub. Bu müstəvidə siyasi qüvvələ­rin sağçı-radikal, lebaral, yaxud solçu mühafizəkar olmasının fərqi yoxdur. Onları birləşdirən xətt erməni lobbisinin maraqlarına xidmət etməkdir. Əslində, bu, Fransadaxili siyasi qrupların hamı­sı üçün xarakterik cəhətdir. Doğrudur, Emmanuel Makrondan fərqli olaraq, daxili siyasi maraqların xarici iqtisadi maraqları zədələyə biləcəyini anlayan liderlər bu addımı atmazdılar. İkinci va­cib məqam isə Macarıstanın həm Tür­kiyənin, həm də Azərbaycanın Avropa­dakı güvənilən dostlarından biri olduğu üçün bu münasibətləri zədələməyə yönəlmiş məkrli fəaliyyətdir. Macarıs­tanın Aİ rəhbəri olduğu müddətdə bu pozuculuq əməlləri də davam edəcək.

İmran BƏDİRXANLI
XQ



Siyasət