Ötən 6 ildə bu kəmər daha bir qardaşlıq körpüsünə çevrilib
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyə ərazisinə nəqlinə başlanmasından 6 il ötür. 2018-ci il iyunun 30-da qonşu Gürcüstanın sərhədini aşan Azərbaycan qazı Türkiyə ərazisinə daxil olub. Bundan bir qədər əvvəl, həmin ayın 12-də isə Türkiyənin Əskişəhər şəhərində Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə boru kəmərinin birinci hissəsinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
TANAP vasitəsilə kommersiya məqsədli qazın Türkiyəyə nəqlinə başlanılması XXI əsrin ən böyük enerji marşrutlarından sayılan Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində atılan mühüm addım, böyük tarixi hadisə idi. Çünki 2007-ci ildən istismara verilmiş Cənub Qaz boru kəməri məhz TANAP vasitəsilə yoluna davam edərək Azərbaycan qazının Türkiyənin ucqar qərb nöqtələrinə qədər nəqli üçün imkan yaradıb. Təsadüfi deyil ki, ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlət başçısı İlham Əliyev XXI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən deyib: “TANAP layihəsi dünyaya böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, yaxın beş ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaq və eyni zamanda Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək”.
Qeyd edək ki, TANAP layihəsi Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin mərkəzi və əsas hissəsi olan bir layihədir. Bu həm də uzunluğuna və boruların diametrinə görə Yaxın Şərqdə inşa edilmiş ən böyük magistral qaz kəməridir. TANAP layihəsi Gürcüstan–Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə inteqrə edilərək Türkiyə ərazisindən keçməklə Türkiyə–Yunanıstan sərhədində başa çatır. Daha sonra isə təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşdirilir.
TANAP layihəsi 2011-ci ildə həyata vəsiqə alıb. Növbəti ildə isə qaz kəmərinin tikintisi üzrə daha ciddi addımlar atılıb. Ümumilikdə isə, Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan, “köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsində mühüm rol oynayan TANAP layihəsi üzrə tikinti işlərinə, təqribən, beş il vaxt sərf olunub. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirən bu layihə üzrə tikinti işlərinə 6,5 milyard ABŞ dollarından artıq vəsait xərclənib. Dörd mərhələdə həyata keçirilən layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılıb. Ötən müddətdə boru kəməri vasitəsilə 70 milyard kubmetrdən çox Azərbaycan qazı nəql olunub ki, bunun da tən yarısı Türkiyə bazarına çatdırılıb. Bununla da, Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açılıb.
Xatırladaq ki, TANAP kəməri Türkiyənin şərqindən qərbinə qədər 1793 kilometr məsafə qət edir. Bunun da 1339 kilometri Gürcüstan–Türkiyə sərhədindən Əskişəhərədək, 454 kilometri isə Türkiyə–Yunanıstan sərhədinədək olan hissəni əhatə edir. Türkiyənin 20 vilayətindən keçən boru kəmərinin diametri quruda 56 və 48, dənizdə isə 36 düymdür. Maksimum hündürlüyü dəniz səviyyəsindən 2700 metr olan TANAP-dan Türkiyənin qazpaylama sisteminə iki qol ayrılıb. İllik maksimum ötürücülük qabiliyyəti 30,7 milyard kubmetrə hesablanmış kəmər ilkin mərhələdə ildə 16,2 milyard kubmetr qaz nəql etmək imkanına malikdir. Kəmər boyunca 12 təmizləyici tərtibatın buraxılma kamerası, eyni sayda təmizləyici tərtibatın qəbulu kamerası, 49 bağlayıcı armatur stansiyası, eləcə də 4 qaz sərfini ölçmə stansiyası quraşdırılıb.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Azərbaycan Respublikasının 2007-ci ildən başlayan qaz ixracı bir daha təsdiqlədi ki, “Şahdəniz” yatağının kəşfiyyatı və işlənilməsi layihəsi tarixdə, sadəcə, Azərbaycan hökuməti ilə bir qrup xarici neft şirkətinin birləşdiyi konsorsiumda həyata keçirilən hasilatın pay bölgüsü tipli sıradan bir saziş olaraq qalmadı. Bu layihənin inkişafı Azərbaycanı əvvəlcə regionda xüsusi seçilən bir ölkəyə çevirdi, daha sonra isə uzaq dövlətlərlə onun münasibətlərinin formalaşdırılmasına yol açdı. Cənubi Qafqaz Boru Kəmərindən başlayan yol sonradan “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir magistrala çevrildi.
Cənub Qaz Dəhlizinin reallaşması müstəqil Azərbaycanın qarşısına qoyduğu bir uğur hədəfi idi. Bu hədəf insanlarda gələcəyə inam yaratdı. Müqavilənin reallaşması müxtəlif millətlərdən və ölkələrdən olan insanları bir araya gətirdi. Onlar terminallar tikdilər, boru kəməri çəkdilər, platformalar inşa etdilər, Xəzərin dərin qatlarındakı təbii ehtiyatları çıxarmaq üçün müasir texnologiyalar gətirdilər, təbii qaz çıxardılar. Nəhayət, Xəzər kimi qapalı bir hövzəni dünyanın böyük bazarları ilə birləşdirə bildilər. Bu təkcə enerjinin zəfəri deyildi, ölkənin qarşıdakı böyük uğurlarının başlanğıcı və ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın neft-qaz strategiyasının təntənəsi idi.
Cənubi Qaz Dəhlizinin ərsəyə gəlməsi Azərbaycanın enerji sektorunda yeni inkişaf mərhələsinə daxil olan qaz sənayesinin XXI əsrdə gerçəkləşdirdiyi ən böyük nailiyyətdir. Bu irimiqyaslı layihənin həyata keçirilməsi həm Azərbaycan, həm də layihədə təmsil olunan şirkətlər, o cümlədən Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi hesab edilən “Şahdəniz” yatağının işlənməsinə operatorluq edən BP şirkəti üçün əlamətdar hadisədir. Çünki bütün maraqlı tərəflərin səyləri nəticəsində əfsanədən reallığa çevrilən Cənub Qaz Dəhlizi bundan sonra neçə onilliklər belə ətraf mühitə ziyan vurmadan, səmərəli və təhlükəsiz şəkildə işlənilməsi nəticəsində təkcə regionda deyil, həm də keçdiyi ölkələr boyunca yeni iqtisadi imkanlar yarada bilən bir layihədir.
Cənub Qaz Dəhlizi üç müxtəlif magistral qaz kəmərinin birləşməsindən ibarətdir. Başlanğıcını Xəzər dənizi sahilindəki Səngəçal terminalından götürür və İtaliyanın cənubuna doğru Adriatik dənizinin dibindən keçməklə 3500 kilometr məsafə qət edir. Bu layihənin məqsədi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil edilən təbii qazın Türkiyə və Avropa bazarlarına çatdırılmasını təmin etməkdir.
TANAP layihəsi regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürüdür. Bu, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə reallaşdırılacaq daha bir enerji layihəsidir. Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxaran Trans Anadolu boru kəməri hər iki ölkənin iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də möhkəmləndirilməsinə səbəb olub.