2030-cu ilədək müəyyənləşdirilən Milli Prioritetlərdə Azərbaycanda dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat və rəqabətli insan kapitalı, müasir innovasiya məsələləri xüsusi yer tutur. Həmin məsələlərin uğurla gerçəkləşdirilməsi digər şərtlərlə yanaşı, ölkədə inhisarçılıq meyillərinin aradan qaldırılmasını və azad rəqabətin təşviqini də tələb edir. Belə şəraitdə isə bazarın böyük hissəsini ələ keçirən, təklifin həcminə və qiymətlərə nəzarət edən hər hansı subyektin bu sahədəki fəaliyyətini məhdudlaşdırmaq qarşıda mühüm vəzifə kimi durur. Bu halı aradan qaldırmaqla iqtisadiyyatın səmərəliliyinə, məhsulun keyfiyyətinə müsbət təsir göstərmək mümkündür. Başqa sözlə, Rəqabət Məcəlləsinin tətbiqi ilə bazarda qiymətlər tələb-təklifə uyğun surətdə tənzimlənir, azad və sağlam rəqabət mühiti formalaşır, rəqabət qanunvericiliyinə əməl edilməsi ciddi şəkil alır.
Ümumiyyətlə, Rəqabət Məcəlləsi rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyənləşdirir, sahibkarlıq da daxil olmaqla, iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Rəqabət Məcəlləsinin qüvvəyə minməsi mühüm hadisədir. Məcəllənin işlək reallaşdırma mexanizminin hazırlanıb tətbiq edilməsi, sənəddə nəzərdə tutulan tələblərə dolğun şəkildə əməl edilməsi də mühüm önəm daşıyır.
Sənədin səmərəli tətbiqi inhisarçılıq və haqsız rəqabət meyillərinin azalmasına, azad rəqabət və əlverişli biznes mühitinin formalaşmasına, investisiya qoyuluşlarının və innovativ fəallığın artmasına gətirib çıxaracaq ki, bu da, ilk növbədə, özəl sektorun üzləşdiyi bir sıra problemlərin aradan qaldırılmasına, onun əhatə dairəsinin genişlənməsinə və səmərəliliyinə müsbət təsir göstərəcək. Rəqabət Məcəlləsi ölkədə biznes mühitinin sağlam əsaslar üzərində inkişafında önəmli rol oynayacaq.
Yeni sosial - iqtisadi çağırışlara cavab vermək, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı gerçəkləşdirmək, müasir tənzimləmə metodlarının tətbiqi zərurətindən irəli gələrək hazırlanan Rəqabət Məcəlləsində sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin reallaşdırılması önə çəkilib. Bundan başqa məcəllədə kartel tipli əlaqələrin qarşısının alınması, təbii inhisar subyektlərinin fəaliyyətinə səmərəli nəzarətin təşkil edilməsi, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı məsələlərə dair tənzimləmə alətləri də diqqətdə saxlanılıb.
Ekspertlər tərəfindən Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkəmizin iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əldə edilmiş uğurlardan biri kimi qiymətləndirilib və iqtisadiyyatın inkişafında özəl sektorun artan rolu nəzərə alınaraq məcəllənin azad və sağlam rəqabət mühitinin reallaşmasına, onun prinsiplərinin qorunmasına və inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Ekspertlər, həmçinin bildirirlər ki, istər Rəqabət Məcəlləsində, istərsə də “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”da respublikamızda rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni zamanda müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb.
Yeri gəlmişkən, ekspertlərin Rəqabət Məcəlləsinin sahibkarlığın inkişafını stimullaşdıracağı ilə bağlı fikirlərinə əsaslanaraq qeyd edək ki, bu, vergi, gömrük, dövlət satınalmaları və iqtisadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təminini, ilk növbədə, rəqabət mühitini gücləndirir. Bu həm də sahibkarlıq fəaliyyətinin qanun çərçivəsində qurulması, iqtisadiyyatın əsaslarının möhkəmlənməsi baxımından da zəruri şərtlərdən biridir. Çünki sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını artırır.
Eyni zamanda Rəqabət Məcəlləsinin qüvvəyə minməsi və iqtisadiyyatın inkişafı ilə yeni iqtisadi modellər tətbiq ediləcək ki, bu da daha səmərəli tənzimləmə alətlərindən istifadəyə ciddi zərurət yaradacaq. Bu isə mövcud rəqabət problemlərinin həllinə istiqamətlənən və təsərrüfat subyektlərini inhisarçı davranışlardan çəkindirən qanunvericilik normalarının hazırlanmasını şərtləndirəcək.
Ekspertlərin, eləcə də özəl sektor nümayəndələrinin sözlərinə görə, iyulun 1-dən yeni Rəqabət Məcəlləsinin tətbiqi ölkə iqtisadiyyatına, o cümlədən biznes imkanlarının səmərəliliyinə müsbət təsir göstərəcək, idxal-ixrac potensialını daha da gücləndirəcək. Digər tərəfdən bu, ölkədə monopoliyanın təsirlərinin aradan qaldırılmasını və bazar payının azaldılmasını şərtləndirəcək. Nəticə etibarilə Rəqabət Məcəlləsi respublikada rəqabət mühitinin daha da müsbət istiqamətə dəyişməsinə, onun liberallaşmasına əlverişli şərait yaradacaq. Bu isə qiymətlərin daha sabit qalmasını gerçəkləşdirəcək və süni bahalaşmanın qarşısını alacaq.
Məcəllənin tətbiqinin kiçik və orta biznesə də müsbət təsirləri olacaq, onların fəaliyyətinin stimullaşdırılmasına, investisiya yönümünə təsir edəcək, idxal-ixrac əməliyyatları sürətlənəcək və fəaliyyət istiqamətləri genişlənəcək. Bütün bunlarla bərabər, məcəllə valyuta gəlirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq. Kənd təsərrüfatında, eləcə də emal sahəsinin genişləndirilməsində də yeni mərhələ başlanacaq, həm yerli, həm də xarici investisiyaların artmasına əlverişli şərait yaradacaq. Bütün bunlar yeni iş yerlərinin yaranması və məşğulluğun artmasına səbəb olacaq.
Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert
Rəqabət Məcəlləsi iyulun 1-dən qüvvəyə minir. Məcəllə iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan ən uğurlu addımlardan biridir. Yeri gəlmişkən, 2006-cı ildən bəri birinci oxunuşdan sonra dayandırılan Rəqabət Məcəlləsi, nəhayət ki, 18 ildən sonra təsdiqlənərək hüquqi sənəd statusu alıb. Rəqabət Məcəlləsinin ölkədə rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayacağına böyük ümid bəslənilir.
Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərə diqqət yetirsək, iqtisadi sahədə qanunvericiliyin daha çox dəyişikliklərə məruz qaldığı aydın nəzərə çarpır. Belə bir şəraitin yaranma səbəbi isə mövcud sahədə çevikliyi gerçəkləşdirmək və iqtisadi inkişafa daha real töhfə verməkdir. Bu baxımdan mövcud Rəqabət Məcəlləsində də gələcəkdə müəyyən dəyişiklik edilməsi də gözləniləndir. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərik ki, məcəllə bir sıra qanunvericilik aktlarını əhatə edir. Məsələn, Rəqabət Məcəlləsində “Haqsız rəqabət haqqında”, “Təbii İnhisar haqqında”, “Antiinhisar fəaliyyəti haqqında” qanunlar vahid sənəddə birləşir. Buna görə də qarşıdakı illərdə sözügedən qanunvericilikdə dəyişikliyin gerçəkləşdirilməsi mümkündür.
Burada elə maddələr var ki, onu biz məcəllənin əsası adlandıra bilərik. Bu baxımdan sənəddəki 5, 10, 11 və 15-ci maddələr daha çox diqqət çəkir. Yəni bu maddələrin daha təkmil olması ölkədə rəqabət mühitinin daha yaxşı formalaşmasına ciddi töhfə verə bilər.
Qeyd edim ki, Rəqabət Məcəlləsi ölkəmizdə rəqabət mühitinin reallaşdırılması və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyənləşdirilməsi məqsədilə hazırlanıb. Məcəllə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları özündə ehtiva edir.