Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, cari il iyunun 1-nə ölkəmizin bank sektorunun aktivləri 49 milyard 147 milyon manat təşkil edib. Bu, ötən il iyunun 1-i ilə müqayisədə 7 faiz çoxdur.
Bankların aktivlərinin 23 milyard 720 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,1 faiz böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,3 faizdən 48,3 faizə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,8 faiz artaraq 42 milyard 818 milyon manata, o cümlədən depozit portfeli 6,6 faiz artaraq 34 milyard 835 milyon manata çatıb. Bunun 13 milyard 399 milyon manatı fiziki, 21 milyard 436 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10,3 faiz, şirkətlərin banklardakı vəsaitləri isə 4,4 faiz artıb.